Xəbərlər
Qalib xalqın Qalib Lideri!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Babək rayonunda seçicilərlə görüşlər keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşlərdə YAP Babək rayon təşkilatının sədri İsa Məmmədov, partiyanın Mərkəzi Seçki Qərargahının üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Milli Məclisin deputatları Ülviyyə Həmzəyeva və Cəbi Quliyev, Naxçıvan MR Ali Məclisinin deputatı Turan Məmmədli çıxış ediblər. Qeyd olunub ki, qalib Lider İlham Əliyevin sayəsində Azərbaycanın son 20 ildə qazandığı misilsiz nailiyyətlər birmənalı olaraq Onun hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiqləyib. Ən böyük nailiyyət isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasıdır.
Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər isə fevralın 7-də seçki məntəqələrinə gedərək xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.