Xəbərlər
Uğurlu dövlət siyasəti
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Abşeron rayonu, Masazır qəsəbəsində Zəngilan rayonundan olan şəhid ailələri, qazi və müharibə iştirakçıları, o cümlədən ziyalı və ağsaqqalar ilə görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Qalib xalqın qalib Lideri” adlı videoçarx nümayiş olunub.
Görüşdə Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, YAP Veteranlar Şurasının üzvü Adilə Abasova, təşviqat qrupunun üzvləri Xuduş İsgəndərov və Həsən Ələkbərov çıxış ediblər.
Qeyd olunub ki, Azərbaycan 2003-2023-ci illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi nailiyyətlər qazanıb. Son 20 ilin uğurlarının zirvəsində isə ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması dayanır. İşğaldan azad edilmiş bütün ərazilərdə, o cümlədən Zəngilanda hazırda cənab İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı xüsusi diqqətə çatdırılıb.
Natiqlər ölkəmizin gələcək inkişafı naminə seçiciləri ən layiqli namizəd cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.