Xəbərlər
Azərbaycan ədalət və sülh istəyir
Ramiz Hüseynov
YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri
Bəşər cəmiyyəti yarandığı vaxtlardan müasir dövrümüzə qədər insanlar hər zaman haqq-ədalət axtarışında olmuşlar. Tarixin müxtəlif dövrlərində haqqın və ədalətin bərpası uğrunda bəşər övladları qurbanlar belə verməkdən çəkinməmişlər. Lakin təəssüflər olsun ki, bu umumbəşəri dəyər heç də hər zaman zəfər qazana bilməmişdir. Bəzi ədalətsiz dövlətlərin ədalətsiz qərarları haqqın və ədalətin bərpasına çox zaman ciddi əngəllər yaratmışdır. Ürək ağrısı ilə qeyd etməliyik ki, Azərbaycan xalqı da müxtəlif zamanlarda ciddi ədalətsizliklərlə üz-üzə qalmış, lakin bütün bunlar millətimizin əzmini sarsıda bilməmişdir. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, Ermənistan torpaqlarımızın 20 faizini 30 il işğal altında saxlasa da dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar bu işğalçı dövlətə qarşı heç bir ciddi addım atmadılar. Erməni cəlladları tərəfindən törədilmiş Xocalı qətliyamına beynəlxalq təşkilatlar tərəfindən lazımi siyasi-hüquqi qiymət verilmədi.
44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı parlaq tarixi Zəfər və ondan sonra baş verən proseslər beynəlxalq hüquq və prinsiplərə "hörmət edən" bir sıra Qərb dövlətlərinin, təşkilatlarının əsl simasını açıb göstərdi. Qərb dövlətlərinin dünyada baş verən proseslərə ikili standartlar mövqeyindən yanaşdığına artıq heç bir şübhə qalmadı. Ərazi bütövlüyünü təmin edən, separatizmə son qoyan Azərbaycan dövlətinin əldə etdiyi qələbələrə görə ona qarşı qərəzli mövqelərin sayı artdı. Fransa başda olmaqla bir sıra Qərb ölkələri dövlətimizə qarşı təzyiq etmək məqsədilə çirkin oyunlara əl atmağa başladılar.
Qalib Azərbaycan dövləti öz qalib Lideri Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında daha da sıx birləşərək istənilən xarici təzyiqə cəsarətlə sinə gərmək iqtidarındadır. Heç bir saxta təzyiq xalqımızın iradəsini sarsıda bilməz. Bu baxımdan Avropanın və Qərbin etdiyi təzyiqlər yersiz və səmərəsizdir. Belə ədalətsiz cəhdlər heç bir real nəticəyə gətirib çıxarmayacaq. Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı qəbul etdiyi qərarın insan hüquqları ilə heç bir əlaqəsi yoxdur və ola da bilməz. Ölkəmizə qarşı edilən bu ədalətsiz təzyiqlərə rəğmən Azərbaycan Respublikasının nümayəndə heyəti haqlı və məntiqli olaraq Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyətini dayandırdı.
Azərbaycan tərəfinin təzyiq qarşısında geri çəkilməyəcəyinə əmin olan Avropa Şurası Parlament Assambleyasının rəhbərliyi məzmunu saxlamaqla formanı dəyişmək qərarı verərək, 3 dəfə ölkəmizə müraciət etdi və Laçın yoluna məruzəçi göndərmək istədiyini bildirdi. Məqsədin ermənilərin "blokadada yaşaması"nı göstərmək, bunu hesabatlara salmaq olduğunu aydın dərk edən Azərbaycan tərəfi bu absurd addıma tam haqlı olaraq imkan verməyib. Sözsüz ki, Azərbaycan dövləti öz severen hüquqlarını qətiyyətlə qorumaq əzmindədir.
Müqəddəs Vətən torpaqlarımızın mənfur düşmən işğalı altında olduğu dövrdə Azərbaycan Avropa Şurasına üzv olmuş və bu təşkilatdan işğal faktına münasibətdə ədalətli mövqe gözləmişdi. Lakin erməni işğalının qarşısının alınması üçün heç bir real addımlar atmayan Avropa Şurası bu gün Azərbaycana münasibətdə tam ədalətsiz bir mövqe ortaya qoyur. Azərbaycan dövləti isə 44 günlük Vətən müharibəsində Zəfər qazanmaqla BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasını özü təmin etdi. Azərbaycan bir daha bütün dünyaya göstərdi ki, haqq-ədalət gec-tez öz yerini tapır və tapacaq. Dövlətimizin, xalqımızın istəyi ədalət, sülh və əmin-amanlıqdır.