Xəbərlər
Xalq parlaq gələcəyə səs verəcək!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Abşeron rayonunda ziyalılar və ağsaqqallarla görüş keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.
Görüşdə YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, şəhid atası Nizami Zalov, təşviqat qrupunun üzvləri Bilman Vəliyev və Bilal Dədəyev çıxış ediblər.
Çıxışlarda qeyd edilib ki, müstəqilliyini günbəgün, ilbəil möhkəmləndirən Azərbaycan dövlətinin tarixində Prezident İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı getdikcə artır. Əsrə bərabər 20 ilin zirvəsində işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfərinin xalqımızın qəhrəmanlıq tarixinə əbədi həkk olunduğu vurğulanıb.
Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində ölkəmizin parlaq gələcəyinin təminatçısı olan cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Qeyd edək ki, təşviqat qrupunun üzvləri “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq, rayonun qəsəbə və kəndlərində də görüşlər keçiriblər.