Xəbərlər
Etimad ünvanı!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Ağdaş rayonunda seçicilərlə görüşlər keçirilib.
Görüşlərdə YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov, partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov, təşviqat qrupunun üzvləri Qalib Həsənov, Şamil Abdullayev və şəhid atası Ayaz Vəliyev çıxış ediblər.
Qeyd olunub ki, ölkəmizin qazandığı misilsiz uğurlar məhz Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətin nəticəsidir. Azərbaycan bu gün regionun ən güclü dövlətidir və beynəlxalq aləmdə yüksək nüfuza malikdir. Ölkəmizin həyata keçirdiyi və iştirakçısı olduğu regional, eyni zamanda, beynəlxalq əhəmiyyətli enerji layihələri iqtisadi imkanlarımızı artırmaqla yanaşı, Azərbaycanın dünyada etibarlı tərəfdaş olduğunu təsdiqləyir. Son illər ərzində iqtisadi imkanlarımızın artması insanların rifah halının yaxşılaşdırmasına zəmin yaradıb, həmçinin çoxsaylı infrastruktur layihələri icra edilib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycanı Zəfər zirvəsinə yüksəltdiyini deyən natiqlər seçiciləri prezident seçkilərində fəallıq göstərməyə çağırıblar.
Seçicilər isə bildiriblər ki, fevralın 7-də seçki məntəqələrinə gedərək Ulu Öndərin layiqli siyasi varisi, Zəfərimizin memarı cənab İlham Əliyevə yekdilliklə səs verəcəklər.