Xəbərlər
Yeni əsrin Lideri!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Abşeron rayonu Xırdalan şəhərində məskunlaşan cəbrayıllı seçicilərlə görüş keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, Milli Məclisin deputatı Ceyhun Məmmədov, təşviqat qrupunun üzvü Hafiz Quliyev və başqaları çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyev haqlı olaraq yeni əsrin yeni Lideri adlandırılır. Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə müstəqillik tariximizə əbədi həkk olunub. Bu, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin ən yüksək zirvəsidir. Şanlı Zəfərdən sonra Azərbaycan qələbədən-qələbəyə doğru inamla irəliləyir.
Seçicilər də öz növbəsində cənab İlham Əliyevin siyasətini dəstəklədiklərini, Azərbaycanı parlaq gələcəyə aparan Liderə səs verəcəklərini vurğulayıblar.