Xəbərlər
Azərbaycan daha qüdrətli dövlətə çevriləcək
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Sumqayıt şəhərində seçicilər ilə görüş keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Tahir Mirkişili, təşviqat qrupunun üzvləri Şakir Abışov, Akif Zeynalov, Ofelya Babayeva və qazi Ehtiram Məmmədov çıxış ediblər.
Natiqlər vurğulayıblar ki, dövlət başçısının 20 illik fəaliyyəti dövründə Azərbaycan bütün istiqamətlərdə qazandığı böyük uğurlarla dünya dövlətləri arasında layiqli yer tutub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Qarşıda yeni hədəflərin olduğunu deyən təşviqat qrupunun üzvləri əminliklə söyləyiblər ki, cənab İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycan daha güclü və qüdrətli dövlətə çevriləcək.
Seçicilər də öz növbəsində qarşıdakı prezident seçkilərində məhz cənab İlham Əliyevə etimad göstərəcəklərini bəyan ediblər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.