Xəbərlər
Möhtəşəm uğurlara doğru inamla addımlayırıq

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Binəqədi rayonunda zəngilanlı seçicilərlə görüş keçirilib.
Əvvəlcə cənab İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Görüşdə Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, təşviqat qrupunun üzvləri Vüsalə Hüseynova və Kənan Məmmədov çıxış ediblər.
Çıxış edənlər bildiriblər ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Azərbaycanın son 20 ildə qazandığı misilsiz nailiyyətlər, birmənalı olaraq, Prezident İlham Əliyevin müdrik siyasətinin bariz nümunəsidir. Cənab İlham Əliyevin həyata keçirdiyi daxili islahatlar və məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilib. Diqqətə çatdırılıb ki, Zəfər seçkiləri kimi qiymətləndirilən prezident seçkiləri ilk dəfə olaraq, suverenliyini və ərazi bütövlüyünü tam təmin etmiş respublikamızın bütün ərazisində keçiriləcək.
Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə, regionun aparıcı siyasi Liderinə, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək ümumxalq partiyası olan YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.