YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağ iqtisadi rayonuna səfər təşkil olunub

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon təşkilatı tərəfindən Qarabağ iqtisadi rayonuna səfər təşkil olunub.

Səfərdə YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, rayon təşkilatının əməkdaşları, Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, partiya veteranları, ərazi partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak ediblər.

Səfərin ilk ünvanı Ağdam şəhəri olub. İştirakçılar işğal dövründə böyük dağıntılara məruz qalmış Ağdamın bu gün sürətlə yenidən qurulmasının şahidi olublar. Onlar şəhərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, müasir infrastruktur layihələri və yeni salınan yaşayış məhəllələri barədə ətraflı məlumat əldə ediblər. Bildirilib ki, Ağdamın yenidən dirçəldilməsi işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq siyasətinin uğurlu nəticələrini əyani şəkildə nümayiş etdirir.

Sonra Əsgərəna gedən iştirakçılar XVIII əsr Azərbaycan memarlığının nadir nümunələrindən hesab olunan Əsgəran qalasını ziyarət ediblər. Qalanın tarixi, memarlıq xüsusiyyətləri və Qarabağ xanlığının müdafiəsində oynadığı mühüm rol barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Əsgəran qalası Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinin və qədim dövlətçilik ənənələrinin mühüm rəmzlərindən biridir.

Səfər çərçivəsində iştirakçılar Xocalı şəhərində də olublar. Burada onlar şəhərdə aparılan bərpa və yenidənqurma işləri, yaradılan yeni infrastruktur və həyata keçirilən layihələr barədə məlumatlandırılıblar.

Daha sonra Xankəndi şəhəri ziyarət olunub. İştirakçılar Xankəndidə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, yenilənən şəhər infrastrukturu və müasir yaşayış mühiti ilə yaxından tanış olublar. Bildirilib ki, şəhərdə reallaşdırılan layihələr bölgənin sosial-iqtisadi inkişafına, müasir şəhər mühitinin formalaşdırılmasına və dayanıqlı inkişafın təmin edilməsinə xidmət edir.

Səfərin son ünvanı Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri olub. İştirakçılar şəhərin zəngin tarixi-mədəni irsi ilə yaxından tanış olaraq mərkəzi küçələrdə gəzinti edib, Yuxarı Gövhər Ağa məscidini, Cıdır düzünü, Molla Pənah Vaqifin məqbərəsini və digər tarixi məkanları ziyarət ediblər. Onlara Şuşada həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, şəhərin tarixi simasının bərpası istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verilib.

DİGƏR Xəbərlər Arxiv