Xəbərlər
YAP Kürdəmir rayon təşkilatının təsis edilməsinin 33 illiyi qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümü münasibətilə “Atakişili kənd 3” ərazi partiya təşkilatında tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin mürəkkəb və taleyüklü dövründə, ölkənin ciddi siyasi və ictimai sınaqlarla üzləşdiyi bir vaxtda Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaradılıb.
Qeyd olunub ki, təsis konfransını Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası qısa müddət ərzində iqtidar partiyasına çevrilib. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı həm Azərbaycanın, həm də Yeni Azərbaycan Partiyasının tarixində yeni inkişaf mərhələsinin əsasını qoyub.
Vurğulanıb ki, bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə partiya Cənubi Qafqazın ən böyük siyasi təşkilatı kimi fəaliyyətini uğurla davam etdirir və nüfuzu ildən-ilə daha da artır.
Elxan Qafarov bildirib ki, Yeni Azərbaycan Partiyası Kürdəmir Rayon Təşkilatının fəaliyyətə başlamasından 33 il ötür. Bu müddət ərzində rayon təşkilatı səmərəli fəaliyyəti ilə seçilərək ictimai-siyasi həyatda fəal rol oynayıb. Hazırda rayon təşkilatında fəaliyyət göstərən 50 ərazi partiya təşkilatında ümumilikdə 10 158 nəfər üzv birləşib.
Tədbirdə “Atakişili kənd 3” ərazi partiya təşkilatının sədri Elşən Cəbrayılov, Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitki Mühafizəsi Mərkəzinin aqronomu Piralı Quliyev və Heyvandarlıq sektorunun müdiri Cahan Zülfüqarov çıxış edərək bildiriblər ki, Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolu Azərbaycanın dövlətçilik tarixinin mühüm mərhələlərini əhatə edir. Onlar qeyd ediblər ki, YAP bu gün də dövlətçilik maraqlarının qətiyyətli və etibarlı müdafiəçisi kimi fəaliyyət göstərir.
