Gündəm
Azərbaycan Prezidenti İlham Əliyev: Gün gələcək Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində heç bir irəliləyiş yoxdur. Ermənistan sadəcə olaraq danışıqlar prosesini boykot edir və çalışır ki, bu məsələni maksimum dərəcədə uzatsın. Ancaq məsələ uzandıqca Ermənistan daha da çox tənəzzülə uğrayır. Qeyd etdiyim kimi, ölkə dərin siyasi, mənəvi, psixoloji və maliyyə böhranı içindədir. Ölkənin inkişafı üçün heç bir resurs yoxdur. İqtisadiyyat çöküb, sənaye ölüb, insanlar ölkəni tərk edir, yəni, insan resursları da yoxdur. Belə getsə gələcəkdə Ermənistan kimi ölkə bəlkə də dünya xəritəsində heç olmayacaq da. Əgər belə olarsa, bunun günahkarı ancaq bugünkü kriminal diktatura rejimidir.” Bu fikirləri iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında giriş nitqi zamanı söyləyib.
Prezideni İlham Əliyev qeyd edib ki, biz isə güclənirik, öz tədbirlərimizi görürük, iqtisadi, siyasi, hərbi güc toplayırıq: “Əlbəttə ki, Ermənistan və Azərbaycan müqayisəedilməz səviyyədədir. Sadəcə olaraq, xarici maliyyə, hərbi və siyasi dəstək hesabına Ermənistan hələ ki, bizim torpaqlarımızı işğal altında saxlayır. Mən bu auditoriyada bir dəfə demişəm ki, bizim torpaqlarımızı işğal edən təkcə Ermənistan deyil. Bizim torpaqlarımızı işğal edən Ermənistanın havadarları, ermənipərəst, islamofob siyasətçilər, anti-Azərbaycan qüvvələrdir. Ermənistan bizim torpaqlarımızı işğal edə bilərmi? Bir həftə ərzində orada daş daş üstündə qalmaz. Bu da reallıqdır və yenə də deyirəm, biz real dünyada yaşayırıq, öz tədbirlərimizi görürük və gün gələcək Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Hələ ki, biz bu istiqamətdə bütün hazırlıq işlərini görürük.”