YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülh üçün alternativ yoxdur

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 23-də “Euronews” televiziyasına verdiyi müsahibədə ölkəmizin ötən dövr ərzində keçdiyi inkişaf yolu, iqtisadi potensialı və bu istiqamətdə perspektivlər haqqında ətraflı fikirlərini bölüşüb. Ölkə başçısının səsləndirdiyi fikirlər, müsahibədə verilən mesajlar mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin iqtisadi inkişafından danışan Prezident İlham Əliyev bildirib ki, “Azərbaycanın iqtisadi inkişafının təməlində əsasən tərəfimizdən aparılmış islahatlar dayanır. Biz iqtisadiyyatımızı şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq”. Dövlət başçısı onu da vurğulayıb ki, büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür.

Dövlətimizin başçısı müsahibəsində Ermənistanın işğal siyasətinin nəticələri, torpaqlarımızın öz gücümüzə azad edilməsi və Ermənistanla sülh sazişinin imzalanması perspektivləri barədə fikirlərini ifadə edib. Bir daha bəyan olunub ki, sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklif verən ölkə Azərbaycandır. Hazırda Qarabağ məsələsi bitdikdən sonra Ermənistan bizimlə razılığa gəlməkdə daha həvəsli olacaq. Çünki suverenliyimizin bərpası və Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə Ermənistana daha cəsarətli davranmağa və ya danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil. Qarabağ ermənilərinə gəlincə, dövlətimiz hər zaman bəyan edir ki, könüllü şəkildə Ermənistana köçən həmin ermənilər Azərbaycan vətəndaşlığını qəbul edib burada yaşaya bilərlər. Bu məqsədlə Azərbaycan elektron qeydiyyat portalını yaradıb. Qayıtmaq istəyən hər kəsin belə bir hüququ var. Azərbaycan çoxmillətli dövlətdir. Eyni zamanda, bütün vətəndaşlarımız qanun qarşısında bərabərdir. Hər kəs də dövlətimizin qanunlarından kənar addımlara yol verməməlidir. Dövlət başçısı bir daha vurğulayıb ki, sülh üçün alternativ yoxdur və əgər sülh sazişi imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq: “Düşünürəm ki, sülh üçün alternativ yoxdur. Əgər sülh sazişi imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq. Biz istəyirik ki, Cənubi Qafqaz bölgəsində hər hansı risk olmasın. Əlbəttə, biz istəyirik ki, Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoymasın və Azərbaycana qarşı hər hansı ərazi iddialarından tam əl çəksin”

Prezident İlham Əliyev qeyd edib ki, hazırda qarşımızda duran vacib hədəf işğaldan azad edilən Şərqi Zəngəzurun və Qarabağın bərpasıdır. Dövlətimiz ötən qısa zaman kəsiyində bu istiqamətdə böyük işlər görüb, böyük tikinti-quruculuq işləri həyata keçirib. Ölkə başçısı bildirib ki, gələn il üçün Azərbaycanın əsas dövlət xərcləri azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcəkdir. Qarşıda duran əsas məqsədlərdən birincisi keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına mümkün qədər tez qayıdışının və məskunlaşmasının təmin edilməsidir. Nəzərdə tutulub ki, 2026-cı ilin sonunadək 140 min insan öz yurdlarında yerləşdiriləcək. Bunun üçün isə tam yeni infrastruktur yaradılır, yaşayış yerləri inşa edilir və sosial infrastruktura böyük vəsait yatırılır. Həmçinin, 30 il işğal altında olmuş bu ərazilərin kənd təsərrüfatı, hidroelektrik enerjisi, günəş və külək enerjisi, turizm kimi sahələrdə böyük potensialı var. Bu, dövlət investisiya proqramının əsas sahəsi olacaq.

Bütün bu uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin yaratdığı yeni reallıqlar, yürütdüyü tam müstəqil siyasət və qlobal lider kimi artan nüfuzunun nəticəsidir. Etibarlı tərəfdaş statusuna sahiblənən Prezident İlham Əliyev həyata keçirdiyi diplomatiya ilə əsl reallığı nümayiş etdirir. Bu gün Azərbaycan siyasi-iqtisadi meyar və parametrlər üzrə kimdənsə asılı deyil. Hətta ölkəmiz istər iqtisadi artım, istərsə də adambaşına düşən valyuta ehtiyatları baxımından dünyada ən qabaqcıl yerlərdədir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir.

Bütövlükdə, dövlətimizin başçısının müsahibəsi regionda vəziyyətin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.