YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Növbədənkənar seçkilər həm də siyasi gücümüzü artıracaq

Azər Badamov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

7 fevral 2024-cü ilə təyin olunmuş növbədənkənar prezident seçkiləri 19-20 sentyabrda yaratdığımız yeni reallıqdan sonra labüd olmuşdur. Çünki Azərbaycan 33 il müstəqil olsa da bütün ərazilərində suverenlik təmin olunmamışdı. Amma konstitusiyada bütün ərazilərimizdə suverenliyin təsbit olunduğu qeyd olunub. Ona görə də keçiriləcək növbədənkənar prezident seçkiləri müstəqillik tariximizdə bütün suveren ərazilərimizdə keçiriləcək ilk seçkilər olacaqdır. Bununla əlaqədar işğaldan azad olunmuş ərazilərdə də seçki məntəqələri yaradılmış və seçki günündə həmin yeni seçki məntəqələrində öz ata-baba yurdlarına qayıtmış insanlar və o ərazilərdə fəaliyyət göstərən vətəndaşlarımız iştirak edərək öz siyasi iradəsini nümayiş etdirə biləcəklər.  Növbədənkənar seçkilər həm də siyasi gücümüzü artıracaqdır. Bu gün Azərbaycanın qazandığı uğurları və zəfərimizi həzm edə bilməyən ölkələr var. Xalqımız bu mühüm dövrdə öz liderini yenidən dəstəkləməklə ölkəmizin beynəlxalq siyasətdə daha inamla irəliləməsinə və düşmənlərimizə layiqli cavab verilməsinə yeni bir güc verəcəkdir. Ölkədə keçirələcək növbədənkənar seçkilərə geniş hazırlıq işləri gedir. Siyasi partiyalar və bitərəflər öz namizədliyini irəli sürüb Seçki Məcəlləsinə uyğun prosedur qaydalarını icra edirlər. Seçki prosesi demokratik şəkildə, yüksək səviyyədə keçirilir, hər bir namizədin siyasi mübarizəsini aparmasına şərait mövcuddur. Amma çox təəssüf ki, arxasında heç bir elektoratı olmayan və özünü müxalif partiyası adlandıraraq xarici sifarişlərini icra edən AXCP seçkiləri boykot etdiyini bildirmişdir. Birincisi, onu qeyd etmək istəyirəm ki, siyasi partiyaların əsas məqsədi hakimiyyətə gəlmək uğrunda siyasi proseslərdə iştirak etməklə siyasi mübarizə aparması ilə bağlı olmalıdır. Əgər belə deyilsə siyasi partiyanın mövcudluğu nəyə lazımdır və xidmətləri nədən ibarət olmalıdır? Təbii ki, siyasi partiyaların hakimiyyətə gəlməsinin yeganə yolu seçkidir. Əgər AXCP seçkidə iştirak etməkdən açıq şəkildə imtina edirsə, onların məqsədlərinin nədən ibarət olduğu sual altına düşür. Təbii ki, AXCP boykot sözünü işlətməklə bilavasitə siyasi təxribatlara yol açan siyasi hiyləni həyata keçirməyə çalışır. Seçkini boykot edənlərin əsas məkirli hədəflərinin aşağıdakılardan ibarət olduğunu hesab edirəm.

Qərəzli təxribatlar üçün müxtəlif səviyyələrdə informasiya bəhanələri formalaşdırmaq, iqtidarı qərəzli şəkildə tənqid etmək üçün süni imkanlar yaratmaq, öz zəifliyini gizlətmək və cəmiyyətdə emosional gərginliyə nail olmaq, seçkilər ətrafında beynəlxalq informasiya ajiotajı yaratmaq və seçkilərdən sonrakı dövrdə təxribatları davam etdirmək üçün əsas yaratmaqdan ibarətdir.  Radikalların elan etdiyi boykot tamaşasının strateji hədəfi cəmiyyətdə seçki ilə bağlı yalan məlumatlar və qərəzli şayiələrin yayılmasına hesablanmışdır.  Reallıq odur ki, siyasi partiyalar haqqında qəbul olunmuş yeni qanunun tələbinə uyğun olaraq 5 min üzv toplamaqda böyük çətinlik yaşayan radikal müxalifət seçki prosesinə hansı siyasi güclə qatıla bilər? Təbii ki, radikalların açıqladığı boykot tamaşasının ancaq acizliyin nümayişi olduğunu hesab edirəm. Amma özünü siyasi güc hesab edən siyasi partiyalar isə seçki prosesinə qoşularaq konstruktiv siyasi mübarizəsini davam etdirəcəklər.