YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni bir səhifənin başlanğıcı

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Hər zaman arzularımızda yer alan türk dünyasının birliyi bu gün artıq gercəklikdir. Türkdili dövlətlər arasında birliyin möhkəmləndirilməsində Azərbaycanın rolu daim vurğulanır və yüksək dəyərləndirilir. Ölkəmizin türk dünyasına ünvanladığı “Biz birlikdə güclüyük!” çağırışı bütün dövrlər üçün aktuallığını qoruyur.

Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dövlətlərinin birliyi amallarına sadiq qalacaq. Ölkəmizin bu istiqamətdə töhfələrindən biri də Türk Şurasının yaradılması ilə bağlı sazişin məhz Azərbaycanda  imzalanmasıdır. Belə ki, 2009-cu ildə  Naxçıvan şəhərində keçirilən toplantıda imzalanan Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) yaradıldı.  Sazişi dörd ölkənin rəhbərləri - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri imzaladılar. İllər ötdükcə, xüsusilə son dövrlər Azərbaycanın və Türkiyənin liderliyi ilə  Şuraya üzv ölkələr arasında əməkdaşlıq və əlaqələr genişləndi.  2021-ci ilin noyabrında Şura Türk Dövlətləri Təşkilatına  çevrildi və onun üzvlərinin sayı artdı. Hazırda təşkilatın 5 əsas - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və 2 müşahidəçi üzvü - Macarıstan və Türkmənistan var. Bu gün Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin coğrafi mövqeyinə diqqət yetirsək görərik ki, onlar Şərqdən Qərbə tam bir nəqliyyat marşrutu – Orta Dəhliz təşkil edir.  Azərbaycan bu marşrutda aparıcı rola malikdir. Çünki Şərqlə Qərbin qovuşuğunda yerləşən ölkəmiz mühüm tranzit mövqeyə sahibdir.

Noyabrın 3-də Astanada “Türk Əsri” çağırışı altında keçirilən Türk Dövlətləri Təşkilatının X yubiley Zirvə görüşü bütün bu məqamlara işıq saldı.

Hazırda Türk Dövlətləri Təşkilatı dünya ölkələri tərəfindən mötəbər qurum kimi tanınır. Üzv dövlətlərin sıx əməkdaşlığı, birgə səyləri ilə təşkilatın nüfuzu gündən-günə artmaqdadır. Azərbaycan üzv dövlətlərlə həm təşkilat daxilində, həm də ikitərəfli çərçivədə sıx münasibətlərə malikdir.  Tarixi Zəfərimiz türk dünyasının  birliyinə öz böyük töhfəsini verdi. 44 günlük İkinci Qarabağ müharibəsi, eyni zamanda, postmünaqişə dövründə dünya bu birliyin şahidinə çevrilib. Belə ki, 2020-ci ildə Vətən müharibəsi zamanı bəziləri hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına baxmayaraq, türk dövlətləri Azərbaycanın haqlı mübarizəsinə öz dəstəklərini verdilər. Özbəkistan, Qırğızıstan və Qazaxıstan bu yaxınlarda Azərbaycanın Qarabağ bölgəsində qondarma qurum tərəfindən keçirilmiş “prezident seçkiləri”ni tanımadıqlarını bəyan ediblər. Üzv dövlətlər Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı bərpa-yenidənqurma işlərinə də öz töhfələrini verirlər. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən və bu yaxınlarda açılışı baş tutan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Qazaxıstan tərəfindən tikiləcək Füzulidə Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi, Cəbrayılda yaradılan Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzini, Zəngilanda birinci mərhələsi açılan “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksini və s. qeyd etmək olar. Eyni zamanda, bu ilin fevralında qardaş Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasına Türk Dövlətləri Təşkilatına  üzv dövlətlərin dəstəyi xüsusi vurğulanmalıdır.

Dövlət başçısı İlham Əliyev Astana Zirvə görüşündəki çıxışında Azərbaycan həqiqətlərini bir daha dünya ictimaiyyətinə çatdıraraq diqqəti tarixi Zəfərimizin reallıqları fonunda Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə yönəltdi. Bildirdi ki, biz Böyük Qayıdış Proqramını icra edirik. Artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Zirvə görüşündə Prezident İlham Əliyevi və Azərbaycan xalqını ölkəmizin ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edərək bildirdi ki, ölkəmiz ərazi bütövlüyünü bərpa edib və yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu tarixi addım Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq atılıb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxışında son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlardan söz açaraq bu məqamı xüsusi qeyd etdi ki, dost Azərbaycan xalqı Türk dünyasında layiqli yer tutur, böyük hörmətə və nüfuza malikdir. Azərbaycan xalqı son illər əziz dostum İlham Heydər oğlunun rəhbərliyi ilə möhtəşəm uğurlar əldə edir. Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanın suverenliyinin bərpası istiqamətində hər zaman mühüm addımlar atdığını bildirdi. Qırğızıstan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin bütün Türk dövlətlərində qürur doğurduğunu və bunun sülh üçün geniş imkanlar açdığını vurğuladı.

Göründüyü kimi, Azərbaycan atdığı adımları ilə Türk dünyasının birliyində, həmrəyliyində öz sözünü deyir. Astana Zirvə görüşü bu birlikdə yeni bir səhifənin başlanğıcıdır.