Xəbərlər
Dövlətçilik ənənələrinə verilən yüksək dəyərin göstəricisi
Cavid Osmanov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən artıq 14 ildir ki, 9 noyabr tarixi ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bayraq dövlətin milli rəmzlərindən biridir. Ölkəmizdə Bayraq Gününün rəsmi dövlət bayramı olaraq qeyd edilməsi dövlətçiliyə, dövlətçilik ənənələrinə verilən yüksək dəyərin göstəricisidir.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra dövlət rəmzlərini qəbul etmişdir ki, bu rəmzlərdən biri də üçrəngli Dövlət bayrağı idi. Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilmiş və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. Dövlət bayrağında təsvir olunan 3 rəng türkçülük, müasirlik və islamçılıq prinsiplərini özündə əks etdirir ki, bu düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan edib. Sonralar ümummilli lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı.”
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib.
Suverenliyimizin simvolu olan Dövlət bayrağımızın təsviri Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsi, həmçinin “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr Qanunu ilə tənzimlənir. Dövlət bayrağı ilə əlaqədar qanunvericilik bazası təkmilləşdirilib. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Özünütəsdiq simvolu olan bayraq hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir. Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən Dövlət bayrağı haqqında Ulu Öndər Heydər Əliyev danışarkən qeyd etmişdi: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir”.
Ulu Öndər Heydər Əliyev hər zaman vurğulayırdı ki, kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir. Xalqımız Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi üçrəngli bayrağımızın altında Prezident cənab İlham Əliyevin ətrafında yekdil formada birləşdi və bu birlik nəticəsində torpaqlarımız 30 illik erməni işğalından azad edildi. Artıq dördüncü ildir ki, ölkəmizdə Dövlət Bayrağı Günü Zəfər təntənəsi ilə qeyd olunur. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər zaman çıxışlarında qeyd edirdi ki, bizim bayrağımız Qarabağın hər bir guşəsində, hər şəhər və rayonumuzda, o cümlədən Şuşada, Xankəndidə dalğalanacaqdır. Artıq xalqımız qəhrəman xalq olaraq fəxrlə həmin günləri yaşayır və bundan sonra üçrəngli bayrağımız bütöv Azərbaycanın hər bir bölgəsində əbədi olaraq qürurla dalğalanacaqdır.