YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlqar Rəhimov: «Bakı-2015» birinci Avropa Oyunlarının uğurla keçirilməsi ölkəmizin qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdi

««Bakı-2015» birinci Avropa Oyunlarının uğurla keçirilməsi ölkəmizin qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdi. İdmançılarımız mötəbər yarışda uğurla çıxış edərək Azərbaycanı layiqincə təmsil etdilər. Sevindirici haldır ki, yarış keçirilən bütün idman arenalarında fiziki məhdudiyyətli şəxslər üçün beynəlxalq standartlara cavab verən şərait yaradılmış və həmin şəxslər böyük həvəslə bütün yarışları izləmişlər». Bu fikirləri Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini  İlqar Rəhimov deyib.

İ.Rəhimov bildirib ki, birinci Avropa Oyunlarında qazanılan uğurda paralimpiyaçı cüdoçuların da payı var. Belə ki, İlham Zəkiyev qızıl, Səbinə Abdullayeva gümüş, Zakir Mislimov isə bürünc medal qazanıblar. Onlar uzun müddət idi ki, bu mötəbər yarışa hazırlaşırdılar. Gərgin hazırlıq öz bəhrəsini verdi. Yarışlarda üç paralimpiyaçı cüdoçu ilə təmsil olunan Azərbaycan eyni sayda medal qazandı. Bütün bunların əsasında ölkəmizdə idmana olan dövlət qayğısı dayanır.

«Birinci Avropa Oyunları zamanı Beynəlxalq Paralimpiya Komitəsi, Zəif Görən Atletlərin Beynəlxalq İdman Federasiyasının (IBSA) və digər ali qurumların nümayəndələri ölkəmizə gəlmişdilər. Onlar birinci Avropa Oyunlarının açılış mərasiminin, yarışların yüksək səviyyədə təşkilini görüb müxtəlif irimiqyaslı idman tədbirlərinin ölkəmizdə təşkil olunmasını təklif ediblər. Bunların sırasında üzgüçülük və atletika üzrə dünya çempionatı, 2017-ci ildə Beynəlxalq Paralimpiya Komitəsinin Baş Assambleyası, 2019-cu ildə IBSA Dünya Oyunları və digər irimiqyaslı tədbirlər var. Hazırda bu tədbirlərin təşkili istiqamətində müzakirələr aparılır»- deyə, İ.Rəhimov vurğulayıb.