Xəbərlər
Siyasi dialoqa “yaşıl işıq”: radikallar isə özünüinkarla məşğuldur
İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri
Bu gün ölkəmizdə istənilən fəaliyyət növü, o cümlədən siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının fəaliyyəti qanunla tənzimlənir. Həmin qanunlar, beynəlxalq demokratik təcrübə öyrənilməklə hazırlanıb. Bu qanunlardan biri də “Siyasi partiyalar haqqında” yeni Qanundur.
“Siyasi partiyalar haqqında” yeni Qanunda diqqət çəkən məqamlar çoxdur. İlk növbədə bu Qanun dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verir. Dövlət siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir. Siyasi partiyaların fəaliyyətinin dövlət tərəfindən hüquqi tənzimlənməsi siyasi plüralizmin təşviqinə xidmət edir. Dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir.
Bu Qanun təsdiq edildikdən sonra bir sıra müxalif partiya funksionerləri, həmçinin xaricdə oturub blogerlik edənlər qərəzli ittihamlarla çıxış edirdilər. Əsas tezisləri də ondan ibarət idi ki, ölkədə təkpartiyalı sistem qurulacaq. Hər zaman olduğu kimi, bu dəfə də “Siyasi partiyalar haqqında” yeni Qanunu ilə bağlı radikallıq nümayiş etdirənlərin bütün ittihamları boşa çıxdı.
Reallıq, yeni Qanunun ətrafında cərəyan edən hadisələr onu göstərdi ki, radikal müxalifət fəaliyyətsizliyi nəticəsində “kütləşməyə” başlayıb. Bu partiyalar illər ərzində heç bir əsaslı iş görmədikləri üçün adi hüquqi və inzibati proseduralardan keçməkdə belə çətinlik çəkirlər. Üzvlərinin reyestrlərinin dövlət tərəfindən təsdiq edilməsi faktı radikalların ölkədə “təkpartiyalı” sistemin qurulucağına dair qərəzli ittihamlarının əsassız olduğunu həm bütün dünyaya nümayiş etdirdi, həm də iqtidarın mütərəqqi şərtlər daxilində demokratik dəyərlərə rəvac verdiyini göstərdi.
Radikal müxalifəti ən çox qorxudan amil 5 min tərəfdarın imzasının toplanması idi. Bu prosesdə Azərbaycan ictimaiyyəti bəzi ambisiyalı partiyaların həqiqətdə hansı potensiala malik olduqlarına şahidlik etdi. Bir daha təqsdiqləndi ki, sıradan bir inzibati prosedurdan keçməkdə çətinlik çəkən partiya heç bir halda bütün xalqın adından danışa bilməz. Bu gün hətta müxalifətdə olan partiya liderləri belə etiraf edirlər ki, radikal partiyalar öz yalanları ilə nəinki cəmiyyəti, hətta az sayda olan öz tərəfdaşlarını uzun illər ərzində aldadıblar. Bu isə yaxın gələcəkdə böyük ehtimalla bu partiyalardan “qopmalar”ın olması və tam parçalanması ilə müşahidə olunacaqdır. Təbii ki, bu məqamda qeyd etməliyik ki, siyasətdə əbədi heç nə yoxdur. İnsanların bir partiyadan digər partiyalara transfer etməsi, öz siyasi baxışlarına uyğun gələn təşkilatları seçməsi onların təməl haqqıdır. Radikal müxalifət Don Kixotluq edib iqtidarı ittiham etməkdənsə, yaxşı olar ki, öz uğursuzluqlarının səbəblərini götür-qoy etsin və nəticə çıxarsın.
Təbii ki, bu partiyalar sağlam rəqabətdən qorxur və çəkinirlər. Amma həmin siyasi partiyaların üzvlərinin reyestrini təsdiq etməklə iqtidar demokratik dəyərlərə və qanunun aliliyinə öz sadiqliyini bir daha nümayiş etdirdi, siyasi dialoqa “yaşıl işıq” yandırmış oldu.
Fikrimizcə, yeni Qanun partiyalar üçün demokratik fəaliyyət meyarlarını müəyyən edir. Bu isə ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi, ictimai-siyasi institutlaşma tendensiyasının uğurlu göstəricisidir.