YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən sevgisi

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

Azərbaycan azad olunmuş trorpaqlara yeni həyat vermək üçün fərqli bir yol tutub. Bütün güc Qarabağın bərpasına yönəldilib. Ölkə başçısı bu prosesi şəxsən izləyir və rəhbərlik edir, həm də şövqlə, sevinclə dilə gətirir. “İndi isə qurub-yaratmaq vaxtıdır. Bir daha demək istəyirəm ki, bugünkü Laçın şəhərinin siması, - halbuki qeyd edirəm, bu, sadəcə olaraq, birinci mərhələdir, - göstərir ki, biz qurub-yaradan xalqıq və göstərir ki, bu torpaq bizimdir. Bu, həmişə bizim torpaq olub. Sadəcə olaraq, mənfur düşmən öz xarici havadarları ilə birlikdə bizim zəifliyimizdən istifadə edib, hakimiyyətsizlikdən istifadə edib bu torpaqları zəbt etmişdi və burada əbədi yaşamaq istəyirdi.”

İşğalçılardan azad edilən torpaqlar şəhidlərin qanı ilə suvarılıb, hər qarış Vətən torpağı üçün oğullarımız hünər göstəriblər, düşmənin keçilməz hesab etdikləri müdafiə xətlərini darmadağın edərək irəliləyiblər, uzun illər ərzində işğalda qalan torpaqlarımızda indi üçrəngli Azərbaycan bayrağı dalğalanır. Müzəffər Azərbaycan Ordusunun yüksək peşəkarlığı sayəsində işğaldan azad edilən dağlar diyarı, gözəlliklər məskəni Laçın torpağına həyat qayıdır. Uca dağların qoynuna sığınan Laçın rayonu öz tarixinin yeni səhifəsini yaşayır. Ana təbiət bu diyarın gözəlliyi üçün heç nəyi əsirgəməyib. Saf iqlimi, uca dağları, zəngin meşələri, mineral suları, yerüstü və yeraltı sərvətləri, buz kimi bulaqları ilə könül oxşayan rayonun təbiəti ilin bütün fəsillərində insanı valeh edir. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın həm ərazi baxımından, həm də təbii ehtiyatları və aqrar potensialı ilə ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutur. Bir il bundan əvvəl Laçın rayonunda Qalib Ali Baş Komandan İlham Əliyevin təməllərini qoyduğu infrastruktur layihələrin icrası artıq başa çatdırılır, yüzə yaxın ailə Laçına qayıdıb, öz evlərində yaşayırlar.

26 avqust tarixində Prezident İlham Əliyev Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində laçınlılarla birlikdə bu gözəl tarixi günü qeyd edib. Cənab Prezidentin tədbirdə söylədiyi nitq insanların qəlbində fərəh, ümid dolu anların yaşanmasına səbəb olub. Bu torpaqları azad edən, bu torpaqlara yeni həyat bəxş edən ölkə başçısı deyib:

“İndi isə biz Laçını qurub-yaradırıq. Laçına keçən ilin sentyabr ayında gələndə şəhərin mənzərəsi çox acınacaqlı idi, şəhər demək olar ki, dağılmış vəziyyətdə idi. Köhnədən qalan, işğaldan əvvəlki dövrə aid olan bir neçə yöndəmsiz bina mövcud idi. Bildiyiniz kimi, burada Ermənistan dövləti hərbi cinayət törədərək qanunsuz məskunlaşma aparırdı. Xüsusilə xarici ölkələrdən, Yaxın Şərqdən erməniləri buraya dəvət edib onları bizim, azərbaycanlıların evlərində yerləşdirmişdi. Bu, bir daha demək istəyirəm ki, hərbi cinayətdir. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, Ermənistanın havadarları buna göz yumurdular. Bu, onlar üçün məqbul idi. Çünki Ermənistan dövləti kimi, Ermənistanın xaricdəki havadarları da hesab edirdilər ki, bu torpaqlar əbədi işğal altında qalmalıdır. Bizim iradəmiz, bizim gücümüz, bizim yumruğumuz onların da başına dəydi. Çünki bizim torpağımızda ikinci Ermənistan, ikinci erməni dövlətinin yaradılması təkcə Ermənistan rəhbərliyinin məhsulu deyildi.”

Laçında və digər rayonlarda aparılan quruculuq işlərinin bundan sonra da davam edəcəyini, heç bir xarici qüvvənin iradəmizə təsir göstərə bilməyəcəyini söyləyən ölkə başçısı deyib: “Bu gün isə biz bütün dünyaya sübut etmişik ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Bunu biz müharibə dövründə göstərmişik, 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik. Müharibədən sonra keçən 3 ilə yaxın müddətdə də bunu sübut etməyə məcburuq. Çünki bizə qarşı aparılan kampaniya, çirkin təbliğat bizim iradəmizə təsir edə bilməz, bizi yolumuzdan döndərə bilməz. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə. Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər də Ermənistan üçün yaxşı olacaq və bölgə üçün yaxşı olacaq. Çünki biz qurub-yaradan xalqıq. Laçın şəhərini cəmi 8 ay ərzində qurub-yaratmaq xalqımızın həm istedadını, həm iradəsini göstərir və eyni zamanda, onu göstərir ki, bu torpaqların sahibləri bizik. Ermənistan 30 il ərzində torpaqlarımızı işğal altında saxlayıb. Azad edilmiş ərazilərə hər gələn insan öz gözləri ilə erməni vəhşiliyinin təzahürlərini görür. Əgər bu torpaq onlara məxsus idisə, nə üçün şəhərlər, kəndlər viran qoyulub, nə üçün bütün tarixi abidələr dağıdılıb? Onlar da bilirdilər ki, gec-tez biz gələcəyik, biz də bilirdik ki, gec-tez biz gələcəyik. İşğal dövründə keçmiş köçkünlərlə çoxsaylı görüşlərdə mən deyirdim ki, gün gələcək biz öz bayrağımızı Laçında, Şuşada, o vaxt işğal olunan digər şəhərlərdə qaldıracağıq.”

Laçınlıların doğma torpaqlarına qayıdışına laçınlılar qədər sevinən, həyata keçirdiyi müqəddəs işdən zövq alan cənab Prezident İlham Əliyev  bildirib ki, Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Laçınlılar mayın 28-dən etibarən artıq buradadırlar. Artıq 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşmış və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Yəni, bu ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm kənd sakini Laçında yaşayacaq.

Ermənistan və onun havadarları nə qədər şivən salıb “humanitar böhran” deyib bağırsalar da dünya həqiqəti anlayır. Bİz öz torpağımızda, öz Vətənimizdə qurub yaradırıq. 30 ildə ancaq söküb dağıtmaqla, xarabalıqlar yaratmaqla məşğul olan haylardan fərqli olaraq kimsənin torpağında gözümüz yoxdur. Sərhədimizi də torpağımızı da qorumaq iqtidarındayıq. İndi bizim güclü ordumuz, yenilməz sərkərdəmiz, ən əsası isə Vətən sevgimiz var.