Xəbərlər
Türk dünyasının zəfəri

Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri
Müasir dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan, Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Ümumiyyətlə, Azərbaycan bütün dünyada etibarlı tərəfdaş kimi nüfuz qazanıb. Yaratdığı mükəmməl əməkdaşlıq və tərəfdaşlıq formatı ölkəmizə ən qlobal layihələri reallaşdırmağa imkan verir. Respublikamızın xarici siyasətinin səciyyəvi xüsusiyyətlərindən biri bu strateji kursun müstəqillik və suverenlik prinsiplərinə əsaslanmasıdır. Yəni Azərbaycan tam müstəqil siyasət həyata keçirir, buna görə də ölkəmizə rəğbət daim artır, yüksək hörmət və etimad göstərilir.
Azərbaycan xüsusən Türk dövlətləri ilə ikitərəfli səviyyədə sıx əməkdaşlıq edir. Çünki Türk dövlətlərini bir-birinə əsrlər boyu mövcud olan tarixi, etnik və dini bağlar bağlayır.
Azərbaycanın sıx iqtisadi-siyasi əlaqələr qurduğu Türk dövlətlərindən biri də Özbəkistandır. Özbəkistan həmişə Azərbaycanla hərtərəfli əlaqələrin möhkəmləndirilməsinə böyük əhəmiyyət verib və bu gün də həmin siyasəti davam etdirir. 1970-ci ildə o vaxt Azərbaycana rəhbərlik edən ümummilli lider Heydər Əliyevlə Özbəkistanın rəhbəri Şərəf Rəşidov arasında yaranmış dostluq münasibətləri iki ölkə arasındakı əlaqələrin bugünkü inkişafının təməli rolunu oynayır. Ulu öndər Heydər Əliyev hər zaman özbək xalqına böyük sevgi ilə yanaşıb.
Əgər diqqət yetirsək, görərik ki, bu gün ölkələrimiz arasında qarşılıqlı əlaqələrin olmadığı elə bir sahə yoxdur. Şübhəsiz ki, dövlətlərarası münasibətlərin yüksək həddə çatmasında Azərbaycan və Özbəkistan liderləri arasında yaranmış möhkəm və etibarlı dialoq əsas faktordur. İki dövlət başçısının müntəzəm görüşləri əlaqələrimizin inkişafına mühüm zəmindir. Özbəkistan həmişə Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı kimi çıxış edirdi. 44 günlük Vətən müharibəsi zamanı da Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını sonuna kimi dəstəklədi. Bu gün Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər ümumən Türk dünyasının nüfuzunun artmasına səbəb olub. Ona görə də bu, bütün Türk dünyasının zəfəridir.
Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak etmələri də deyinlənlərə əyani sübutdur. Özbəkistan Füzulidə məktəb tikməklə Azərbaycana qardaş münasibətini bir daha bütün dünyaya göstərdi. Bütün bunları nəzərə alaraq demək olar ki, Azərbaycan-Özbəkistan münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edəcək, bu əməkdaşlıq həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verəcək.