Xəbərlər
Türk dünyasının birliyinə, həmrəyliyinə Qarabağımız, Şərqi Zəngəzurumuz şahidlik edir
“Türk dünyasının birliyi, həmrəyliyi hazırkı dövrün əsas çağırışlarından biridir. Tarixi Zəfərimizdən sonra bu birliyin daha da möhkəmləndiyi diqqətdən kənarda qalmır. Qürurverici haldır ki, hazırda türk dünyasının birliyinə, həmrəyliyinə Qarabağımız, Şərqi Zəngəzurumuz şahidlik edir və bu məkanlardan dünyaya mesajlar ünvanlanır. Bu baxımdan avqustun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə səfəri mühüm məqamları ilə yadda qaldı. Qeyd edək ki, Şavkat Mirziyoyev Prezident seçildikdən sonra ilk səfərini Azərbaycana etdi. Bu səfər bir daha dostluğumuzun, qardaşlığımızın, xalqlarımız arasında sıx bağlılığın dərin köklərə malik olduğunu nümayiş etdirdi. Mətbuata bəyanatında Özbəkistan Prezidenti qeyd etdi ki, Azərbaycan bizim üçün münasibətlərin tamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın ölkələrdən biridir. Birinci dövlət səfərini Azərbaycana etməsini belə əsaslandırdı ki, biz həqiqətən iki yaxın xalq, iki yaxın ölkəyik. Həmçinin Prezidentlərin şəxsi münasibətləri əlaqələri tamamilə yeni mərhələyə yüksəldib. Bu gün həm Özbəkistan, həm də Azərbaycan xalqları bu münasibətlərlə fəxr edir.
Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında diplomatik münasibətlər 1995-ci ildə qurulsa da Azərbaycan və Özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr möhkəm təmələ əsaslanır. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. O illərdə “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə”nin imzalanması əlaqələrin daha da möhkəmlənməsində hüquqi baza oldu. Ümumilikdə bugünədək iki ölkə arasında imzalanmış 160-dan çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi bazadır.”
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Malik Həsənov qeyd edib ki, təkcə Özbəkistan Prezidentinin avqustun 22-də reallaşdırdığı səfər çərçivəsində 20 sənəd imzalandı. Onlar arasında iki qardaş ölkənin Prezidentlərinin imzaladığı “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”ni xüsusi qeyd etməliyik. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir.
“Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığında əsas hədəf həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir” söyləyən millət vəkili Özbəkistan Prezidentinin səfərinin özəlliyini şərtləndirən digər amillərə də diqqət yönəldib: “Səfərin gündəliyində işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərlə yaxından tanışlığın xüsusi yer tutması ölkəmiz üçün qürurverici oldu. Azərbaycanın qısa müddətdə bu torpaqlarda yaratdığı yüksək şərait, həyata keçirdiyi layihələr dünyanın diqqətindədir. Dövlət başçısı İlham Əliyev bərpa-quruculuq işlərinə başlayan zaman bütün dost ölkələrin bu prosesdə iştirakı ilə bağlı istəyini ifadə etdi. Türk dünyasının birliyi, həmrəyliyi bərpa işlərində də özünün aydın ifadəsini tapır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi və xanımı Ziroatxon Mirziyoyevanı Füzuli Beynəlxalq Hava Limanında dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın qarşılaması, birgə Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak etmələri, Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşmələri türk dünyasının birliyinə işıq salan mühüm məqamlardan oldu. Özbəkistan Prezidenti sakinlərlə görüşündə Qarabağda olmaq arzusunu bildirərək hazırda Prezident İlham Əliyev ilə birgə burada olmasından böyük sevinc hissi keçirdiyini vurğuladı. Füsulidə məktəb məhz Şavkat Mirziyoyevin təşəbbüsü ilə tikilib. Prezidentlər bu mühüm addımı dostluğumuzun, qardaşlığımızın nümunəsi kimi təqdim etdilər. Cənab İlham Əliyev belə bir inamı da ifadə etdi ki, məktəb təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq.”
Malik Həsənov diqqəti Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin və xanımı Ziroatxon Mirziyoyevanın Şuşa şəhərinə səfərinə də yönəldib: “Türk dünyasının mədəniyyət paytaxtından dünyaya birlik, həmrəylik mesajı ünvanlandı. Azərbaycan daim bu birliyin möhkəmləndirilməsində maraqlı olub və atdığı addımları ilə böyük töhfələr verir. Türkdilli dövlətlər arasında əməkdaşlığın dərinləşməsi ümumilikdə böyük ailə kimi dəyərləndirilən türk dünyasının həmrəyliyinə töhfədir. Artıq Şuşa diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Ümumilikdə səfər Azərbaycan-Özbəkistan əlaqələrinin inkişaf tarixində yeni səhifənin başlanğıcı oldu.”
Millət vəkili işğaldan azad edilmiş ərazilərimizin çal-çağırlı anlarını yaşaması fonunda bu mühüm məqamı da bildirib ki, dövlət başçısı İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq 26 avqust Laçın şəhəri günüdür: “2023-cü ildə Böyük Qayıdışın sevincini yaşayanlar arasında laçınlılar da var. Laçın şəhərinə soydaşlarımızın qayıdışı mərhələli şəkildə həyata keçirilir. Avqustun 25-i 20 ailə Zabux kəndinə qayıdır. Hər bir qayıdış tezliklə Böyük Qayıdışın tam şəkildə başa çatacağına stimuldur. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir.”