Xəbərlər
Türk dünyasının güclənməsinə xidmət
Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri
Azərbaycan Türk dünyasının güclənməsi, türkdilli dövlətlər arasında dostluq və qardaşlıq əlaqələrinin getdikcə daha da möhkəmlənməsi işinə hər zaman dəyərli töhfələr verib. Bu gün də Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin prioritet istiqamətləri arasında Türk dövlətlərinin bir birinə həm siyasi, həm də strateji baxımdan yaxınlaşmaları, türk dünyasının maraqlarının beynəlxalq səviyyədə təmin olunması və bu dövlətlər arasında möhkəm vəhdətin təmin olunması kimi məsələlər xüsusi yer tutur. Bu baxımdan Azərbaycan-Özbəkistan dostluq əlaqələrinin mövcud səviyyəsi də bu sahədə həyata keçirilən siyasi strategiyanın effektivliyindən xəbər verir.
İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan və Özbək xalqları arasında dostluq əlaqələri tarixi köklərə bağlıdır. Hər iki ölkənin dövlət başçılarının şəxsi münasibətləri isə bu bağlılıq zəminində əlaqələrin inkişafını və dərinləşməsini təmin edib. O cümlədən Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin avqustun 22-də Azərbaycana etdiyi dövlət səfəri də ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına növbəti böyük töhfədir. Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçilməsindən sonra ilk dövlət səfərini məhz Azərbaycana etməsini qardaşlıq və səmimi dostluğun göstəricisi olduğunu qeyd edib.
Bu gün həm Azərbaycan, həm də Özbəkistan müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış güclü müstəqil dövlətlərdir. Bu iki ölkə arasında dostluq və müttəfiqlik əlaqələrinin möhkəmlənməsi birmənalı olaraq, bütün Türk dünyasının güclənməsinə xidmət edir. Buna nail olmaq üçün ölkələrimiz arasında qarşılıqlı əlaqələr birbaşa dövlət başçılarının səyləri nəticəsində getdikcə daha da intensivləşdırılir. Artıq bütün istiqamətlərdə, o cümlədən iqtisadi qarşılıqlı fəaliyyət, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat-logistika sferası, energetika üzrə yaxşı nəticələr əldə olunmaqdadır. Həmçinin bu strategiya ticari-iqtisadi sahədə ciddi inkişafa yol açıb.
Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri çərçivəsində ən müxtəlif mövzularda ətraflı müzakirələr aparılmış, ölkələrimiz arasında artıq mövcud olan strateji münasibətlərin daha da inkişaf etməsinə böyük töhfələr verəcək sənədlər imzalanmışdır. Mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına Azərbaycanda dövlət səviyyəsində daim xüsusi diqqət verilir. Həmçinin dövlətimizin başçısı vurğuladı ki, bu səfər iki ölkə arasında münasibətlərin gələcək inkişafı üçün yeni perspektivlər açacaq. Prezident həm də əmin olduğunu bildirdi ki, bir müddət əvvəl 500 milyon dollar nizamnamə kapitalı ilə yaradılan Birgə İnvestisiya Fondu bu məbləği çox sürətlə sərf edəcək və onu artırmaq lazım olacaq.
Bundan başqa Prezident İlham Əliyev Azərbaycan ilə Özbəkistan arasında Ali Dövlətlərarası Şuranın yaradılması barədə imzalanmış müqavilənin önəmini xüsusi vurğulayaraq bildirdi ki, bu sənəd ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin və gündəliyin kifayət qədər geniş olmasının göstəricisi kimi qiymətləndirilməlidir. Eyni zamanda bu sənəd çox qlobal xarakter daşıyır və mahiyyət etibarı ilə gələcək fəaliyyətimizin yol xəritəsi olmaqla, özündə həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret hədəfləri əks etdirir.