Xəbərlər
Tarixi dostluq əlaqələrinin dinamik inkişafı
Bəxtiyar Nəbiyev
YAP Yasamal rayon təşkilatının sədri
Günümüzdə Azərbaycan dövlətinin həyata keçirdiyi aktiv diplomatiya və uğurlu xarici siyasət kursu nəticəsində dünyanın əksər dövlətləri ilə ikitərəfli və çoxtərəfli formatda qarşılıqlı faydalı əməkdaşlıq qurulub, bu əməkdaşlıq nəticəsində ölkəmizin beynəlxalq aləmdə, dünya birliyində mövqeləri daha da möhkəmlənib. Bu gün Azərbaycanın istər Avropa, istər Asiya, istər Qərb, istərsə də Şərqdə etibarlı tərəfdaşı, yüksək səviyyədə əməkdaşlıq qurduğu ölkələr var. Eyni zamanda dünyanın bir çox ölkələri də Azərbaycana Cənubi Qafqazda etibarlı tərəfdaş, strateji cəhətdən müttəfiq ölkə kimi baxır, regionda daha çox rəsmi Bakı ilə müxtəlif sahələrdə əlaqələr qurmaq, bu əlaqələri hər ötən gün bir qədər də inkişaf etdirmək istiqamətində addımlar atır.
Etibarlı tərəfdaş, sözü ilə əməli bir olan, dünyada sülhün, əmin-amanlığın bərqərar olunmasına mühüm töhfələr verən müstəqil Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bölgədə tamamilə yeni reallıq yaradıb. Regionda və dünyada nüfuzu durmadan artan Azərbaycanın bölgədə sülhün bərpası prosesində irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergücləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməkdədir. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı enerji və nəqliyyat layihələri regiondakı digər dövlətlərin də inkişafına, xalqların rifahına xidmət edir. Məhz bu amillər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir.
Azərbaycanın xarici siyasətində türk ölkələri, xüsusilə Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Türk dövlətləri arasında münasibətləri daha da dərinləşdirmək, əlaqələri şaxələndirmək bu gün dünyada nüfuz sahibi olan Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir. Səmimi dostluq münasibətləri əsasında qurulan əməkdaşlıq türk xalqlarının birliyinə, ölkələrimizin inkişafına, mədəni və mənəvi əlaqələrin genişlənməsinə və möhkəmlənməsinə xidmət edir. Qədim tarixə söykənən Azərbaycan-Özbəkistan münasibətləri dövlətlər arasında hərtərəfli əməkdaşlıq əlaqələrinin qurulması ilə yanaşı, xalqların milli adət-ənənələri, mədəniyyəti əsasında daha da inkişaf etmişdir. Tarixi dostluq, qarşılıqlı etimad, strateji, o cümlədən hərtərəfli əməkdaşlıq iki ölkənin maraqlarına hörmət əsasında çoxtərəfli əlaqələrin inkişafına istiqamətlənmişdir. Dostluğun və strateji tərəfdaşlığın gücləndirilməsinə, regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə yönələn siyasət yürüdən ölkələrimizi ortaq din, mənəvi dəyərlər, oxşar ənənələr, dil və mədəniyyət birləşdirir.
Azərbaycanla Özbəkistan arasında münasibətlər sovetlərin dağılması və müttəfiq respublikaların öz müstəqilliklərini elan etməsindəın sonra daha da inkişaf etməyə başladı. Hətta haqlı olaraq bir çoxları bu dövrü Azərbaycan-Özbəkistan arasında münasibətlərdə yeni bir mərhələ kimi qələmə verir. Düzdür, müstəqilliyin ilk illərində Bakı ilə Daşkənd arasında əlaqələr, qarşılıqlı münasibətlər arzuedilən səviyyədə deyildi. Lakin ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtmasından sonra hər bir ölkə kimi Özbəkistanla da əlaqələrdə, qarşılıq münasibətlərdə bir sıçrayış, inkişaf müşahidə edilməyə başladı.
Azərbaycanla Özbəkistan arasında əlaqələr bu gün də ən yüksək səviyyədədir və həyata keçirilən hər bir qarşılıqlı səfər ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verir. Azərbaycanın xarici siyasətində ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş məqsədyönlü siyasətin günümüzdə Prezident İlham Əliyev tərəfindən uğurla və müasir çağırışlara uyğun davam etdirilməsi hər bir ölkə kimi Özbəkistanla münasibətlərə də yeni məzmun, dinamika qatıb. Hər zaman olduğu kimi bu gün də Azərbaycanla Özbəkistan arasında əlaqələr ən yüksək səviyyədə, dostluq-qardaşlıq münasibətlərinə uyğundur. İstər siyasi, istər iqtisadi, istərsə də mədəni və humanitar sahələrdə Bakı ilə Daşkənd arasında qurulan yüksək səviyyəli əməkdaşlıq hər iki dövlətin, eləcə də xalqların ümumi maraqlarına xidmət edir. Necə ki, ümummilli lider Heydər Əliyevdən sonra onun müəyyənləşdirdiyi xarici siyasət kursu, yaxın və uzaq qonşularla əməkdaşlığı inkişaf etdirmək siyasəti davam etdirilir, eləcə də Özbəkistanda İslam Kərimovdan sonra mərhum dövlət başçısının zamanında həyata keçirilən xarici siyasət kursu dəyişməz olaraq qalır. Çünki hər iki ölkənin xarici siyasət kursu dövlətlərin ümumi maraqlarının təmin olunması, onların dünya birliyində layiqli yer tutmasına xidmət edir. Bu gün iki ölkə arasında münasibətlər Cənab İlham Əliyev və Şavkat Mirziyoyev tərəfindən uğurla inkişaf etdirilir, dövlət başçıları səviyyəsində mövcud olan dostluq-qardaşlıq əlaqələri Azərbaycanla Özbəkistanı bir-birinə daha da yaxınlaşdırır, ölkələr arasında yeni-yeni əməkdaşlıq imkanları açır.
Münasibətlərin inkişafına qarşılıqlı dövlət əhəmiyyətli səfərlərin böyük rolu vardır. Cari ilin avqust ayının 22-23-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycan Respublikasına dövlət səfərinə gəlməsi də dostluq-qardaşlıq əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Dövlət səfəri zamanı müzakirə olunan məsələlərin və imzalanan sənədlərin böyük əhəmiyyəti vardır. İmzalanan sənədlərdən biri də Ali Dövlətlərarası Şuranın yaradılması ilə bağlı müqavilədir. Bu müqavilənin böyük əhəmiyyətə malik olmasına diqqət çəkən Prezident İlham Əliyev bildirmişdir ki: “Təsadüfi deyil ki, bu gün imzalanan sənədlərdən biri Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilədir. Bu, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir”.
Görüşdə Azərbaycan-Özbəkistan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Həmçinin iki dövlətin liderləri qarşılıqlı ticarətin həcminin artırılmasına, biznes və regional səviyyədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, iqtisadiyyatın müxtəlif sahələrində birgə investisiya layihələrinin təşviqinə, nəqliyyat və tranzit sektorunda imkanlardan səmərəli istifadə edilməsinə xüsusi diqqət yetiriblər.
Görüşün sonunda mətbuata bəyənatla çıxış edən Prezident İlham Əliyev iki ölkə arasında əlaqələrin yüksək səviyyəl inkişafının əhəmiyyətinə diqqət çəkərə bildirmişdir: “Sizin Özbəkistan Prezidenti seçilməyinizdən sonra ilk dövlət səfərini Azərbaycana etməyinizi çox yüksək qiymətləndiririk. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, bizim qardaşlığımızın, dostluğumuzun və Sizin ölkəmizə, xalqımıza münasibətinizin göstəricisidir. Qardaş Özbəkistan xalqı Sizə bir daha böyük etimad göstərib, Özbəkistanın inkişafında Sizin səylərinizə yenə layiqincə qiymət verib. Qardaş ölkə Sizin rəhbərliyiniz altında quruculuq yolu ilə uğurla irəliləyir. Mən Sizin rəhbərliyiniz altında Özbəkistanda ölkənin inkişafı, onun potensialının möhkəmlənməsi, müdafiə qabiliyyətinin güclənməsi, həmçinin beynəlxalq məsələlərdə nüfuzunun artması üçün həyata keçirilən böyük dəyişiklikləri dəfələrlə şəxsən görmək imkanına malik oldum”.
Göründüyü kimi, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycan Respublikasına rəsmi dövlət səfəri, Prezident İlham Əliyevlə görüş, imzalanan sənədlər və liderlərin səsləndirdiyi fikirlər iki ölkə münasibətlərində dərin əməkdaşlığa əsaslanan yeni mərhələnin əsasının qoyulduğunu deməyə əsas verir. Bu əlaqələr əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Özbəkistan dostluq əlaqələrinin inkişafı baxımından tarixi əhəmiyyət daşıyır.