YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni mərhələ

Anar Məmmədov

Milli Məclisin deputatı

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Prezident seçildikdən sonra ilk səfərini Azərbaycana etməsi dostluğumuzun, qardaşlığımızın, xalqlarımız arasında əlaqələrin sıx tellərlə bağlı olmasının bariz nümunəsidir.

Səfər zamanı dövlət başçıları təkbətək və geniş tərkibdə görüşlər keçirdi, bir sıra mühüm sənədlər imzalandı, eləcə də bütün sahələrdə - beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək münasibətlərimizin gələcək inkişaf yolları müəyyən olundu. Dövlət başçıları səfərin nəticələri ilə bağlı bəyanatla çıxış etdilər və iki ölkə arasında əlaqələrin əhəmiyyətinə toxundular. Özbəkistan dövlət baçşısı da iki ölkə arasında əməkdaşlığın strateji xarakter daşıdığını diqqətə çatdırdı və Azərbaycanın regionda Özbəkistan üçün strateji tərəfdaş olduğunu vurğuladı.

Sənədlər arasında dövlət başçısı İlham Əliyevin və Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevin  imzaladığı “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”ni xüsusi qeyd etmək istərdik. Cənab İlham Əliyev “Bu, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir”, Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev “Ali Dövlətlərarası Şura ən yüksək etimad səviyyəsi və razılığa gəldiyimiz həmin strateji istiqamətlərin ən yüksək səviyyədə davamıdır” fikirləri ilə sənədin iki qardaş ölkənin gələcək münasibətlərinin inkişafında rolunu açıqladılar. Göründüyü kimi bu sənədlər iki ölkə arasında əlaqələrin daha da yüksəldilməsinə, siyasi, iqtisadi, mədəni sahələrdəki əlaqələrimizin yeni mərhələyə qədəm qoymasına böyük təkan verəcək.

Azərbaycan-Özbəkistan diplomatik münasibətlərinin 1995-ci ildə qurulmasına baxmayaraq Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Bu münasibətlər həmişə sıx, səmimi olub, indi isə strateji əhəmiyyətli münasibətlər səviyyəsinə çatıb. Aramızda fəal siyasi dialoq mövcuddur. Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyir. Uzun illər davam etmiş Qarabağ münaqişəsində də qardaş ölkənin hər zaman Azərbaycanın haqq işini müdafiə etdiyini və müxtəlif platformalarda öz dəstəyini sərgilədiyini gördük.

Özbəkistan Prezidentinin səfərinin gündəliyində işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı  bərpa-quruculuq işləri ilə yaxından tanışlığın  xüsusi yer alması diqqətdən kənarda qalmadı. Hələ iki il bundan öncə 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik etdi. Həmin ilin noyabrında İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəb inşa ediləcəyini bildirdi. Artıq dünən isə biz rəsmi Daşkəndin özünün siyasi-mənəvi dəstəyini ifadə etmək məqsədilə quruculuq-bərpa prosesinə dəstək olaraq Füzuli şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistan büdcəsinin vəsaiti hesabına 960 şagird yerlik təhsil ocağının açılışının şahidi olduq. Bu məktəbin açılışı isə Azərbaycan Prezidentinin dediyi kimi, “bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq”.

Təbii ki, cari səfər, keçirilən görüşlər, imzalanan sənədlər ikitərəfli əlaqələrin daha da dərinləşməsinə və şaxələnməsinə əhəmiyyətli töhfə verəcək və iki ölkə arasında münasibətlərdə yeni mərhələ təşkil edəcək. Ortaq kökümüz, dilimiz, habelə tarixi bağlarımız mədəni-humanitar əlaqələr üçün ciddi bazisdir və daha da yaxınlaşmağımız üçün imkandır. Özbəkistan Prezidentinin vurğuladığı kimi, “bir müddət keçəcək bizə tərcüməçi lazım olmayacaq və ya burada iki dildə danışmağa ehtiyac qalmayacaq”. 

Beləliklə, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu tərəfdaşlarımızın da sayını durmadan çoxaltmaqdadır. Qürurla deyə bilərik ki, ölkəmiz həm regionda, həm də dünyada söz sahibinə çevrilib. Vətən müharibəsində qazandığı şanlı Qələbə, nəticədə regionda sülhə və təhlükəsizliyə verdiyi mühüm töhfələr ölkəmizin əhəmiyyətini daha da yüksəldib. Həmçinin ölkəmizin etibarlı tərəfdaş olaraq özünü təsdiqləməsi nəticəsində digər dövlətlər Azərbaycanla əməkdaşlıqdan məmnunluqlarını ifadə edirlər. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin  ölkəmizə rəsmi səfəri, həmçinin işğaldan azad edilmiş ərazilərin əzəli Azərbaycan torpaqları olduğunu bir daha dilə gətirməsi, bunu tarixi ədalətin bərpası kimi dəyərləndirməsi,  Füzulinin sakinləri ilə görüşü, Qarabağın incisi olan Şuşaya səfər etməsi və məşhur Cıdır düzünü ziyarət etməsi həqiqətən də qardaşlıq münasibətinin təzahürüdür.