YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Üç mərhələ

Mərakeşin fransızdilli “l'Opinion” nəşrində "Azərbaycan-Ermənistan: Qarabağda erməni təxribatları fonunda münasibətlərin kövrək normallaşma prosesi” sərlövhəli məqalə yerləşdirilib.

Azərbaycanın Mərakeşdəki səfirliyindən bildirilib ki, məqalənin müəllifi ölkəmizin Mərakeşdəki səfiri Nazim Səmədovdur.

Materialda deyilir ki, 44 günlük müharibədə qalib gəldikdən sonra Azərbaycan Ermənistana beynəlxalq hüquq prinsiplərinə, ərazi bütövlüyünə, suverenliyə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmətə əsaslanan münasibətlərin normallaşdırılması prosesinə başlamağı təklif edib. Buna baxmayaraq, İrəvan Qarabağ rayonu ilə sərhəd bölgələrində gərginliyin davam etməsində israrlıdır və bununla da bütün regionun gələcəyini təhlükə altına qoyur.

Nazim Səmədov yazır: "Normallaşma prosesi üç mərhələdən ibarətdir: sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması. Azərbaycan bütün istiqamətlərdə irəliləyişin əldə edilməsinə sadiq qaldığı bir vaxtda, Ermənistan yalanlar yayaraq və təxribatlar törədərək, müxtəlif bəhanələrlə sülh prosesini pozmağa çalışır. Halbuki, bu ölkənin rəhbərliyi ölkələr arasında sülhün bərqərar olmasının açacağı inkişaf perspektivlərini çox gözəl dərk edir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sözdə tanıyaraq, eyni zamanda, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə hücumları davam etdirir, onun daxili işlərinə müdaxilə edir və bununla əməllərinin sözlərinə zidd olduğunu göstərir".

Məqalədə vurğulanır ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 4-cü bəndində təsbit edilmiş öhdəliyə zidd olaraq, Ermənistan indiyə qədər öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmayıb. İrəvan Azərbaycanın yerli erməni əhalisinin reinteqrasiya prosesinə mane olmağa çalışır. Ermənistanın əsas niyyəti münasibətlərin normallaşdırılması prosesini mümkün qədər uzun müddətə uzadaraq ləngitmək və bununla da Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş siyasi proqramının həyata keçirilməsi üçün vaxt qazanmaqdır.

"Azərbaycan Ermənistanın yaydığı "blokada" və ya "humanitar böhran" haqqında bütün əsassız iddiaları qəti şəkildə rədd edir. "Laçın” adlandırılan dəhlizə gəldikdə, bu, Azərbaycanın suveren ərazisində yerləşən yoldan başqa bir şey deyil. Qeyd etmək lazımdır ki, bu marşrut xarici statusa malik deyil. Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq, bu yolda hərəkəti qoruyub saxlayıb. Lakin Ermənistan yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş bu marşrutdan Azərbaycanın suveren ərazisindən çıxarmadığı 10 minə yaxın qanunsuz silahlı birləşmələri rotasiya etmək üçün istifadə edib", - deyə “l'Opinion” nəşrində bildirilir.

Oxucuların diqqətinə çatdırılır ki, 2023-cü il aprelin 23-də Azərbaycan öz suverenliyi və təhlükəsizliyini qorumaq üçün öz suveren hüququnu həyata keçirərək, Laçın yolunun əvvəlində - Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədində sərhəd nəzarət-buraxılış məntəqəsi yaradıb.

Məqalədə, həmçinin beynəlxalq ictimaiyyətə Ermənistanın sülh prosesini pozmaq cəhdlərinə qətiyyətlə qarşı çıxmağa çağırış edilir. Yazıda qeyd olunur ki, bəzi ölkələrin etdiyi kimi, birtərəfli və qeyri-obyektiv bəyanatlar və hərəkətlərlə İrəvanı ruhlandırmaq əvəzinə, beynəlxalq ictimaiyyət Ermənistanı danışıqlar masasına qaytararaq Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozan hərəkətləri dayandırmağa məcbur etməlidir.

Məqalənin tam mətni ilə nəşrin saytında tanış olmaq olar.