Xəbərlər
Etiraz: ermənipərəst şərhə tutarlı cavab!
Almaniyalı tanınmış alim, Qafqaz regionunun tədqiqatçısı Mixael Raynhard Hess Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru Luis Moreno Okamponun qərəzli rəyi ilə bağlı müfəssəl və əsaslandırılmış açıq etiraz məktubu göndərib və onu özünün feysbuk səhifəsində paylaşıb.
Həmin məktubu təqdim edirik:
“Hörmətli Luis Moreno Okampo,
Aşağıdakı açıq məktubdur və mən onu həm sizə göndərirəm, həm də eyni vaxtda feysbuk səhifəmdə paylaşıram.
Mən “Dağlıq Qarabağ” məsələsi ilə bağlı bir sıra kitablar və məqalələr dərc etdirmiş tədqiqatçı kimi, mövzu ilə bağlı avqustun 7-də dərc etdiyiniz ekspert rəyinə bəzi şərhlər verməyə cəsarət edirəm.
Təəssüf ki, sizin erməni maraqlarına güclü dəstəyinizi ifadə edərkən irəli sürdüyünüz bəzi iddialar açıq-aşkar diqqət yayındırmasa da, ən azı birmənalı deyil. Sizin “Ermənilər tərəfindən “Artsax” kimi tanınan “Dağlıq Qarabağ”da əsasən etnik ermənilər yaşayıblar və XX əsrdən çox müddət ərzində orada yaşayıblar” (6-cı səhifə) fikriniz tarixi keçmişdən xəbəri olmayanlar tərəfindən “Artsax” adlandırılan bölgənin 20 əsrdən artıqdır ki, etnik ermənilərin məskunlaşdığı ərazi kimi şərh edilə bilər. Düzdür, sizin fikirləriniz qeyri-müəyyən olduğu üçün başqa cür şərh oluna da bilər. Məsələn, bu, ermənilərin 20 əsrdir orada yaşadığını söyləmək kimi başa düşülə bilər. Lakin bu, onların mütləq üstünlük təşkil etməsi anlamına gəlmir. Çox istərdim ki, bu cür qeyri-müəyyənlik aradan qaldırılsın. Dünyanın aparıcı hüquqşünaslarından biri kimi, çox mühüm məsələlərdə anlaşılmazlığın aradan qaldırmağın nə qədər vacib olduğunu bilirsiniz.
Faktiki mahiyyətə gəldikdə isə heç bir erməni etimologiyası olmayan “Artsax” sözünün mənasının sizin qeyd etdiyiniz xronoloji sıralamada həqiqətən təsdiqlənə biləcəyi şübhə doğurur. Strabonun (təqribən e.ə.63–e.23) qeyd etdiyi “Orçistena” toponiminin (Bax, Mamedovanın istinad etdiyi erməni müəllifi Vardqes Mikaeljanın əsərləri, 1995: 110) “Artsax” ilə eyniləşdirilməsinin mümkünlüyünə dair erməni iddiaları yalnız spekulyativ xarakter daşıyır. Məndə olan məlumata görə, erməni dilinə heç bir aidiyyəti olmayan “Artsax” toponimi bizim eranın V əsrinədək geniş yayılmamışdı. Əlbəttə, nə bizim eranın başlanğıcı, nə də V əsrdən sonrakı dövrlər daxil olmaqla sonrakı müasir dövrlər üçün bizdə dəqiq demoqrafik statistika yoxdur. Bu o deməkdir ki, sözügedən bölgədə “əsasən ermənilərin yaşadığı” barədə fikrinizin bir şərhi də sadəcə olaraq spekulyativ xarakter daşıyır.
Bununla əlaqədar onu da xatırlatmaq istərdim ki, “Dağlıq Qarabağ” termini 1918-ci ildən sonra yaranmışdır və “Artsax” termini ən azı 1045-ci ildən 1921-ci ilə qədər rəsmi siyasi və ya inzibati termin kimi istifadə edilməmişdir. “Dağlıq Qarabağ” termininin ilk istifadəsinə gəlincə isə bu, ilk dəfə çox güman ki, Qarabağ ermənilərinin iyulun 22-dən 26-dək Azərbaycanın Şuşa şəhərində keçirilmiş I qurultayında istifadə edilib (ətraflı məlumat üçün bax: Mikaeljan et al. 1992: 13).; Avakian 2021 [2005]: 5; müq.Vəliyev/ Şirinov 2016: 66). Sizin öz versiyanızda dediyiniz kimi, əsrlər boyu fasiləsiz olaraq bu günə qədər işləndiyi güman edilən bir termin kimi görünən “Artsax” termini ən azı 1921-ci ilə qədər hətta ermənilərin özləri tərəfindən geniş istifadə edilməmişdi. Bunu, məsələn, Ermənistan SSR Xalq Komissarları Sovetinin 1921-ci il 12 iyun tarixli bəyannaməsi də sübut edir (rus dilində “Sovet narodnıx komissarov”). Bu bəyannamənin biri rus, biri erməni olmaqla iki versiyası mövcuddur. Erməni dilindəki versiyada rus dilindəki “Dağlıq Qarabağ” termini (rus dilində qeyd edilmiş) ermənicə “Լեռնային Ղարաբաղ” (Lēṙnayin Łarabaƚ) “Mountainous Karabakh” (bax: Mikaeljan et al. 1992: 636) erməni ifadəsi ilə tərcümə edilmişdi və bu ifadə ermənicə “dağlıq” sözündən və həm tarixi, həm də etimoloji cəhətdən Azərbaycan toponimi olan “Qarabağ” sözünün erməni dilində transkripsiyasından ibarətdir. Lakin bu sənəddə “Artsax”dan əsər-əlamət yoxdur. Qarabağın ənənəvi azərbaycanca adının əvəzində “Artsax”dan istifadə yalnız sonradan həm Sovet İttifaqı daxilində, həm də xaricdə erməni separatçı, şovinist və anti-Azərbaycan təbliğatı nəticəsində yayılmağa başlayıb. Eyni zamanda, bölgənin ənənəvi adı olan “Qarabağ” əsrlər boyu müxtəlif inzibati və siyasi sənədlərdə istifadə olunub və bu günə qədər istifadə olunmaqdadır (mövzu ilə bağlı bax: Heß 2020). Əgər fikirləşdiyiniz kimi, “Artsax” belə mühüm inzibati-siyasi, hətta tarixi toponim idisə, nə üçün Ermənistan SSR-in aparıcı siyasi orqanlarından birinin üzvləri 1921-ci ildə Azərbaycan sözündən istifadə etməli idilər? 1045-ci ilə istinad etməyimə gəlincə isə, bu, həqiqətən də Antik və Orta əsrlər dövründə mövcud olan Artsax vilayətinin erməni dövlətinin bir hissəsi olduğunu söyləməyin mümkün olduğu son il idi (Kalpakian 1993: 112). O vaxta qədər bu əyalətin tabe olduğu Baqratid Krallığı 1045-ci ildə Bizans imperiyasının (Asenbauer 1993: 21; Krikorian 1993: 71, 74), 1064-cü ildə isə Səlcuqların hakimiyyəti altına keçdi (Vryonis 1971: 89; Asenbauer: 391912; : 71, 74) və onun sovet Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) ilə qismən üst-üstə düşən ərazisi sonralar heç vaxt erməni siyasi idarəçiliyi altına keçməyib. Bu mövzuda sitat gətirdiyiniz yeganə (qeyri-ekspert, jurnalist) istinadda (Light və Fulconbridge) iddia edilir ki, “Xristian olan ermənilər bu ərazidə eramızdan bir neçə əsr əvvələ qədər uzanan uzun tarixi hökmranlıq etdikləri iddiasındadırlar. Bununla belə, ərazidə (Qarabağ) iddia edilən “hakimiyyət” 1045-ci ildən sonra sona çatdığı üçün onun “qədim tarixə” aid olduğunu söyləmək olmaz. Təəssüf ki, Qarabağın tarixini şərh etmək üçün əsas kimi görünən yeganə istinadınız açıq şəkildə təhrifə əsaslanır.
Bu məqamda, icazə verin, Layt və Faulkonbricin (Felix Light and Guy Faulconbridge) xülasəsindəki başqa bir yanlışlığı diqqətinizə çatdırım. Deyilir ki, “Əsrlər boyu anklav farsların, türklərin, rusların, osmanlıların və sovetlərin təsiri altına düşüb”. Bu, uydurma bəyanatdır, çünki Qarabağın heç bir hissəsi, o cümlədən “Dağlıq Qarabağ” heç vaxt anklav olmayıb. Ümumiyyətlə, Layt və Faulkonbric nə etibarlı mənbə, nə də etibarlı tarixçilər hesab edilə bilməz. Onların son dərəcə qısa jurnalist işi Ermənistan-Azərbaycan münaqişəsinə dair informasiya ilə heç bir əlaqəsi olmayan cızma-qaradır. Bu, Qarabağ tarixinin imicini formalaşdırmaq üçün yeganə əsas kimi istifadə edilməməlidir.
“Artsax” antik termini arasındakı fərqi aradan qaldıraraq və onun XX əsrdə erməni millətçiləri tərəfindən müasir şəkildə yenidən təqdim edilməsi ilə bağlı olan bu işiniz, əslində, eramızın əvvəllərindən erməni toponimik, demoqrafik, siyasi və tarixi davamlılığını təklif etmək istəyən millətçi erməni diskursunu təbliğ edir. Lakin belə bir davamlılıq yoxdur.
Tarixi xülasənizin qalan hissəsində də bəzi faktoloji tarixi səhvlər var. Yarımfəslə 1988-ci il 20 fevral bəyanatı (a) ilə başlamaqla siz bu bəyannamənin 1987-ci ildə və hətta ondan əvvəl başlamış sistematik millətçi və qismən şovinist, təcavüzkar erməni separatçı hərəkatının nəticəsi olduğu faktını ört-basdır etmiş olursunuz. Sizin “Dağlıq Qarabağ”ın Ermənistana verilməsini tələb edən qətnamə qəbul etdiyi” iddianız da həm də qərarın mətni kimi (yalnız Vilayət Şurasının bəzi deputatları tərəfindən qəbul edilmişdir, onun azərbaycanlı üzvləri Şuranı tərk etmişdilər) qismən doğrudur. Qətnamə mətninin rusca orijinalını mənim aşağıdakı tərcüməmdə nəzərdən keçirək:
“Dağlıq Qarabağ Muxtar Vilayətinin əmək qabiliyyətli əhalisinin istəklərinə uyğun olaraq Azərbaycan SSR Ali Sovetindən və Ermənistan SSR Ali Sovetindən xahiş edirik ki, Dağlıq Qarabağın erməni əhalisinin gözləntilərini nəzərə alaraq, Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-dən Ermənistan SSR-ə verilməsi məsələsini həll etsin. Eyni zamanda, bu iki qurum Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-dən Ermənistan SSR-ə verilməsi məsələsinin müsbət həlli ilə bağlı SSRİ Ali Soveti ilə vasitəçilik etsin”.
Sizin mütəxəssis rəyinizi oxuduqdan sonra məndə belə bir təəssürat yarandı ki, bu sənəd həm tarixi fonun, həm də real vəziyyətin birtərəfli ermənipərəst şərhinə əsaslanır. Azərbaycanın “soyqırımı” törətmək üzrə olduğu fikrini dəstəkləyərək Rusiya Federasiyasının verdiyi bəyanatdan sitat gətirirsiniz və həmin sənədin qəbul edilməsini “diqqətçəkən” hesab edirsiniz (səh.8). Bu bəyanatda deyilir ki, bölgədəki Rusiya sülhməramlıları “Dağlıq Qarabağın mülki əhalisinin kütləvi şəkildə həlak olmasının qarşısını almalıdırlar”. Hörmətimizi bildirərək bunu da qeyd etməliyik ki, bu bəyanatı verən hökumət 1945-ci ildən bəri Avropanın ən dəhşətli müharibələrinə imza atmış, saysız-hesabsız qətllər və dəhşətli müharibə cinayətləri törətmiş, yalanlarla məşhur olan qurumlardan biridir. Ən önəmlisi isə ən azı 118 ildir ki, Ermənistan-Azərbaycan münaqişəsinə görə məsuliyyət daşıyan və Dağlıq Qarabağda ermənilər tərəfindən törədilən hərbi cinayətlərdə və insanlıq əleyhinə cinayətlərdə həm də hərbi yolla iştirak etmiş ən önəmli güc strukturlarından biridir. Bu bəyanatı necə legitim hesab etmək olar? Belə bir bəyanat terrorizmi qanuniləşdirərək, tənqidi kontekstdən kənardır. Yaxud tarixi və ya siyasi faktlarla nisbiləşdirmədən sitat gətirmək yalnız Rusiya və Ermənistan təbliğatının maraqlarına xidmət edir və reallığın faktiki imicini yaratmağa heç bir fayda vermir.
Sonda isə onu qeyd etmək istəyirəm ki, Qarabağda “aclıq soyqırımı”nın baş verməsi ilə bağlı arqumentlərinizi həqiqətə uyğun hesab etmirəm. Məqalənizin 13-cü səhifəsində siz Soyqırımı Konvensiyasının II (c) maddəsinin tərtibi ilə əlaqədar Fransa tərəfindən edilmiş soyqırımla bağlı qeydə istinad edirsiniz. Fransanın mətnində deyilir ki, “[i]hər hansı bir qrup [sic – M. R. H.] sadəcə, müəyyən bir millətə, irqə və ya dinə mənsub olduğu üçün yox olmasını qaçılmaz edəcək qədər qısa rasiona yerləşdirilsəydi, bu da gerçəkləşərdi. Soyqırımı cinayət kateqoriyasına daxildir”.
Siz həqiqətən 120 min nəfərlik bir icmanın (bu, Ermənistanın iddia etdiyi rəqəmdir) Qarabağın geniş dağlıq rayonları kimi münbit bir bölgədə, təsərrüfatın və heyvandarlığın mümkün olduğu, sovet dövründə yüksək inkişaf etdiyi (Sovet İttifaqı zamanı təsərrüfatın əhəmiyyəti mövzusunda “Xlevnik 2018” sənədinə istinad edirəm) və təbii su ehtiyatlarının kifayət qədər olduğu ərazidə yayın ortasında aclıqdan ölə biləcəyinə inanırsınız?! Məqalənizdən də məlum olduğu kimi, separatçı ərazilərdən ağır xəstələrin təxliyəsi üçün tədbirlər görülüb. Bu, həm də təhlükəli qida çatışmazlığından əziyyət çəkən insanların çıxarıla biləcəyi deməkdir. Məqalənizdə aclığın (sizin mətninizin 15-ci səhifəsində göstərildiyi kimi) həqiqətən baş verdiyinə və ya bir qrup olaraq Dağlıq Qarabağ ermənilərini təhdid edə biləcəyinə dair hər hansı müsbət sübut və ya işarə yoxdur.
Hüquqşünas olmadığım üçün Beynəlxalq Ədalət Məhkəməsinin ilkin qərarı (səh. 15) ilə yerdəki reallıq arasında uyğunluq dərəcəsini ölçə bilmirəm. Bununla belə, hüquqşünas olmayan biri kimi belə görürəm ki, hətta Beynəlxalq Ədalət Məhkəməsi Qarabağın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində “soyqırımı”ndan fakt kimi deyil, sadəcə, “inandırıcı” yanaşmasından danışır (səh. 15). İddia olunan blokadaya gəldikdə isə Beynəlxalq Ədalət Məhkəməsi bildirir ki, bu, - 16-cı səhifədə qeyd olunduğu kimi, - çox əhəmiyyətli müəyyən hüquqlar üçün “düzəldilməz nəticələrə səbəb ola bilər” (vurğulayıram). Bu isə onu bildirə bilərdi ki, həmin nəticələr yalnız bir ehtimaldır, müəyyən edilmiş fakt deyil.
Mətninizin əsas diqqət mərkəzində olan sırf hüquqi baxımdan kənar - Laçın dəhlizində Azərbaycan sərhəd-keçid məntəqəsinin yaradılmasının soyqırımına hazırlıq vasitəsi kimi şərh oluna biləcəyi ilə bağlı iddianıza inanmıram. Bir çox ölkələrin, o cümlədən ABŞ və Avropa İttifaqının xarici sərhədləri olan ölkələrinin insan və malların qaçaqmalçılığının qarşısını almaq məqsədilə oxşar sərhəd-keçid məntəqələri var, lakin onlar soyqırımı hazırlamaqda ittiham olunmur.
Prezident İlham Əliyevin qeyd etdiyi qaçaqmalçılıq hadisəsi ilə bağlı təhlilinizdə başqa bir ziddiyyətli məqam görürəm (səh. 20). Siz bir tərəfdən yazırsınız ki: “Beynəlxalq Qırmızı Xaç Komitəsi hadisəyə aydınlıq gətirib”. Digər tərəfdən, eyni səhifədə yazırsınız ki: “Qaçaqmalçılıq halları düzgün araşdırılmalıdır...”. Bir hadisəyə aydınlıq gətirilib, amma, eyni zamanda, “araşdırılmalıdır” deməyiniz tutarlı görünmür, ən azı mənim gözümdə. Əgər araşdırmalar hələ də aparılmalıdırsa, bu o deməkdir ki, hər şey aydınlaşdırılmayıb.
Bir daha qeyd edirəm ki, mən nə hüquqşünas, nə də soyqırımı üzrə mütəxəssis deyiləm. Bir şəxsi və ya bir dövləti soyqırımı törətməkdə ittiham etmək mənə mümkün olan ən sərt ittihamlardan biri kimi görünür. Nəticə etibarilə belə bir ittiham yalnız onun etibarlılığına dair bütün şübhələr tamamilə aradan qaldırıldıqda verilməlidir. Açığını deyim ki, mətninizə daxil etməyi seçdiyiniz tarixi məqalədəki qüsurlar və qeyri-dəqiqliklər, eləcə də burada aydın görünən ziddiyyətlər, mənim fikrimcə, hökmün tələb olunduğu qədər etibarlı və aydın ola bilməyəcəyini göstərir.
Hörmətlə,
Dr. Mixael Raynhard Hess”.