Xəbərlər
Elman Nəsirov: Azərbaycan dövləti yeni uğurlara imza atdıqca müəyyən qüvvələr isteriya vəziyyətinə düşürlər
«Azərbaycana qarşı qarayaxma, şərləmə kampaniyası hər zaman olub. I Avropa Oyunları öncəsi və bu yarışın keçirildiyi vaxt ölkəmizə qarşı təzyiqlər və qarayaxma kampaniyası daha da artıb». Bu fikirləri politoloq Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, Azərbaycan dövləti yeni uğurlara imza atdıqca müəyyən qüvvələr isteriya vəziyyətinə düşürlər. Beləcə, onlar Azərbaycana qarşı məntiqsiz, qərəzli fikirlər səsləndirirlər. Onlar bizim uğurlarımızı həzm edə bilmirlər. Bütün bunlara görə, Azərbaycana qarşı təzyiqlərə əl atırlar.
«Oyunlardan öncə Avropa Parlamentində Azərbaycana qarşı keçirilən dinləmələrin şahidi olduq. Həmçinin, Avropa İttifaqının lokomotivi olan Almaniyanın bu cür addımlar atdığının şahidi olmuşuq. Hakim Xristian Demokrat İttifaqı ilə Xristian Sosial İttifaqı, həmçinin Sosial Demokrat Partiyası və Yaşıllar Partiyasının dəstəyi ilə Bundestaqda ölkəmizə qarşı dinləmələr keçirilib. Onların ittihamlarının hamısı absurddur. Bunlar yalan, şər, qarayaxma üzərində qurulmuş fikirlərdir. Azərbaycana qarşı yalançı ittihamlar irəli sürülüb. Guya ölkəmizdə insan haqlarının qorunması, mətbuat azadlığı və dini tolerantlıq sahələrində ciddi problemlər mövcuddur. Həmçinin onlar Azərbaycanda siyasi məhbuslar olduğunu da deyirlər. Mən bütün bu fikirləri Azərbaycan dövlətinin daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirirəm. Çünki ölkəmizdə ayrı-ayrı şəxslər yalnız törətdikləri cinayət əməlinə görə saxlanılıb. Qərb dairələri bu üsulla Azərbaycana təzyiq göstərməyə, onu yürütdüyü müstəqil siyasi kursdan döndərməyə çalışır. Əgər onlar uydurduqları siyasi məhbusların keşiyində dayanırlarsa, öz doğma yurdunda, yəni Kəlbəcərdə əsir götürülmüş iki azərbaycanlının hüquqları haqqında da danışmalıdırlar. İki azərbaycanlının azad edilməsi ilə bağlı Qərb dairələri indiyədək heç bir tədbir görməyib. Bununla bağlı heç dinləmələr də keçirməyiblər. Bütün bunlar onların qərəzli olduğunu göstərir. Lakin Azərbaycan xalqı, ictimaiyyəti, gəncləri bütün bunları görür. Həmin qüvvələr bizim gəncləri öz yolundan döndərməyə çalışırlar. Amma Azərbaycan gənci ağıllı, dərrakəlidir. Bizim gənclər yaxşını pisdən çox gözəl ayırmaq bacarığına malikdirlər. Həmçinin Azərbaycan xalqı Prezidentin ətrafında monolit bir qüvvə kimi birləşdiyinə görə Qərb dairələri məkrli siyasətini yerinə yetirə bilməyəcək»- deyə, politoloq qeyd edib.