Xəbərlər
Dövrün əsas çağırışı
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Hazırkı dövrün əsas çağırışı regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün sülh müqaviləsinin imzalanmasıdır. Azərbaycanın qarşı tərəfə sülh təklifinin həyata keçirilməsi istiqamətində müxtəlif formatlarda və məkanlarda aparılan danışıqlar intensivliyi ilə diqqət çəkir. Dövlət başçısı İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsində diqqət göstərdiyi məsələlərdən biri də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin danışıqların aparılmasında təşəbbüskarlığı oldu. Jurnalistin “Avropa İttifaqı danışıqlar masasına nəyi gətirir” sualına cavabında cənab İlham Əliyev bildirdi ki, əslində, 1992-ci ildən etibarən, hələ işğal dövründə aparılan danışıqlar zamanı Avropa İttifaqı vasitəçilik prosesinin bir hissəsi olmayıb. İndi bu, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsüdür. O, dəvət etdi və biz dəvəti qəbul etdik: “Çünki Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir. Xüsusən də nəzərə alsaq ki, İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupu, əslində, fəaliyyət göstərmirdi və indi də göstərmir. Beləliklə, müəyyən beynəlxalq qurum olmalı idi. Düşündüm ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir.”
Artıq həmin təşəbbüs hazırda çox fəal dialoq formatına çevrilir. Çünki təkcə Brüsseldə deyil, həmçinin Avropa Siyasi Birliyinin tədbiri çərçivəsində də görüş keçirilib. Sonuncu dəfə görüş Kişineuda baş tutdu. Cənab İlham Əliyev bunu vacib hesab etdiyimizi bildirdi və belə əsaslandırdı ki, çünki vəziyyətin durğun olmasına imkan vermirik. Durğunluq yaranarsa, yenidən bir növ fasiləyə keçərsə, onda hər hansı təhlükəli ssenaridən sığortalana bilmərik. O da bildirildi ki, sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir. Əgər Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda tezliklə, bəlkə də ilin sonunadək sülh variantını tapa bilərik.
Göründüyü kimi, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün səylərini artırır, istər 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan, istərsə də keçirilən görüşlərdə imzalanan sənədlərdən irəli gələn öhdəlikləri lazımi səviyyədə yerinə yetirir. Ermənistan isə bu öhdəliklərin yerinə yetirilməsindən yayınır, törətdiyi təxribatlarla, əsassız təbliğatları ilə sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında maraqlı olduğunu açıq-aşkar büruzə verir. Hazırda havadarlarının da narahatlığına səbəb olan “humanitar vəziyyət”, “blokada” kimi şoular Ermənistanın bu niyyətinin bariz göstəricisidir. Dövlət başçısı İlham Əliyev sözügedən müsahibəsində bu məsələyə də diqqətini yönəldərək bildirdi ki, hərəkət etmək azadlığı bloklanmayıb. Aprelin 23-dən, sərhəd-keçid məntəqəsini qurduğumuz vaxtdan etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib. Amma iyunun 15-də Ermənistan növbəti hərbi təxribata əl atdı və sərhədçilərimizdən birini yaraladı. Araşdırma aparıldığı üçün yol müvəqqəti olaraq bağlansa da, sonra təkrar açıldı. Qırmızı Xaç Komitəsi dava-dərmanın nəqlini və Ermənistanda müalicəyə ehtiyacı olan xəstələrin təxliyəsini bərpa etdi. Lakin əfsuslar olsun ki, Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu. Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar. Lakin bu yük maşınlarının, sürücülərin uniformaları üzərində Qırmızı Xaçın emblemi var idi. Beləliklə, yol yenidən bu şəkildə bağlanıldı. Ölkə Prezidenti bu çağırışı etdi: “Biz Qırmızı Xaç Komitəsindən buna son qoyulmasını və bizimlə daha konstruktiv işləməsini xahiş etdik. Çünki əfsuslar olsun ki, bu günə kimi onların Qarabağdakı ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir. Bu da yolverilməzdir. Çünki bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. Hətta Ermənistanın baş naziri dəfələrlə “Qarabağ Azərbaycandır” söyləyib. Bəs nəyə görə Qırmızı Xaç Komitəsinin Xankəndidəki ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir? Bu, bizim legitim tələbimizdir.”
Daim ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycan bütün məsələlərin məhz bu prinsiplər çərçivəsində həllinə səy göstərir. Ölkəmiz bu gün də regionda sülh və əməkdaşlıq məkanı kimi tanınır və nüfuz qazanır.