Xəbərlər
Ermənistana qarşı hər hansı bir ərazi iddiamız yoxdur
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
“Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi. Müharibə də uğurla başa çatdı. Biz bir çox amillərə - siyasi amillərə, işğal edilmiş ərazilərdə hərbçilərimiz üçün bir neçə müdafiə səddinin keçilməsini çətinləşdirən uzunmüddətli infrastruktur layihələrinin olmasına baxmayaraq, müharibədə qalib gəldik.” Dövlət başçısı İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində onu da bildirdi ki, bəzi yerlərdə onların minalarla dolu beş, digər yerlərdə isə yeddi müdafiə səddi var idi. Cənab İlham Əliyev müsahibənin Şuşa Qlobal Media Forumu çərçivəsində aparıldığını nəzərə alaraq jurnalistə bu müraciəti etdi ki, yəqin Füzulidən gələndə yolun yuxarıya doğru getdiyini görmüsünüz. Bizim hərbçilərimiz məhz bu yolla buraya gəliblər: “Sizin gəldiyiniz, sonradan “Zəfər yolu” adlandırdığım bu yol mövcud deyildi. Bu, bizim hərbçilərimizin Şuşaya doğru necə irəliləməsini göstərən yoldur. Onlar bu qayalı dağlara dırmaşırdılar. Beləliklə, bu amillərə, böyük erməni diasporuna malik bir çox ölkələrin güclü siyasi dəstəyinə baxmayaraq, biz düzgün olanı etdik. Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Biz Ermənistanın torpağında savaşmadıq, öz torpağımızda vuruşduq və biz Zəfər çaldıq. Beləliklə, bu, bir nömrəli missiya idi və o, artıq tamamlandı. İndi isə biz sülh haqqında danışırıq.”
Prezidentin bütün müsahibələrində dastana çevrilən Şuşa əməliyyatına xüsusi diqqət yönəldilir. Hələ 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə dövlət başçısı xarici mətbuata çoxsaylı müsahibələrində “Şuşasız bizim işimiz yarımçıq olar” söyləməklə Qarabağın tacının işğaldan azad edilməsinin əsas hədəf olduğunu açıqlamışdı. 2020-ci il 8 noyabr tarixində xalqa müraciətində isə ata vəsiyyətini yerinə yetirməsindən keçirdiyi xoşbəxtlik hissini qürurla qeyd etdi.
Şuşanın işğaldan azad edilməsi Ermənistanın məğlubiyyəti demək idi. Bu zəfərdən sonra 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat imzalandı. Cənab İlham Əliyev sözügedən müsahibədə bir daha bu reallıqları diqqətə çatdırdı ki, otuzillik işğaldan əziyyət çəkmiş ölkəmizin işğal altında olan əraziləri tamamilə məhv edilmişdir. Şuşada qeyri-qanuni məskunlaşmalar olduğu üçün şəhər tamamilə dağıdılmamışdır. Onlar Orta Şərqdən olan erməniləri burada məskunlaşdırmaq istəyirdilər və burada bir neçə min erməni yaşayırdı. Məhz buna görə heç də bütün şəhərlər dağıdılmamışdır. Lakin Füzuli tamamilə yerlə-yeksan edilmişdir, Ağdamda da vəziyyət eynidir. Demək olar ki, bir milyon azərbaycanlı evindən məhrum olmuşdur. Bütün bu acılara baxmayaraq, biz qisas almadıq: “Mən dedim ki, biz qisası döyüş meydanında alacağıq, lakin Ermənistan müharibənin ilk günündən mənim tələb etdiyim bütün ərazilərdən geri çəkiləcəyi tarixləri təqdim edən kimi biz dayandıq və sonra da sülh haqqında danışıqlara başladıq. İndi sülh bizim gündəliyimizdədir. Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddiamız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik.”
Dövlət başçısı bu məqama da diqqəti yönəltdi ki, Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar. Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Bu, onların seçimidir.
Prezident İlham Əliyevin hər bir mesajı, çağırışı qarşıdakı dövr üçün bir hədəfdir. Sülh müqaviləsinin imzalanması ilə ölkəmizin, ümumilikdə regionun inkişafında yeni bir mərhələ başlayacaq. Yeni əməkdaşlıq formatlarının yaradılması, kommunikasiyaların açılması regionun iqtisadi inkişafına böyük stimul olacaq.