Xəbərlər
BMT dilemma qarşısında…
Nurlan Qələndərli
YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda keçirilən nazirlər görüşündə çıxışı zamanı çox mühüm məqamlara toxundu, önəmli mesajlar verdi. Dövlət başçısının diqqət yetirdiyi məsələlərdən biri də multilateralizm siyasəti və beynəlxalq təşkilatların, xüsusilə də BMT-nin fəaliyyətinin mövcud çağırışlara adekvat olmaması idi. Azərbaycan Prezidenti qeyd etdi ki, hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir: “BMT-də ciddi islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. Şadam ki, bu gün bu ideya ilə bağlı dünyada artan konsensus vardır”.
Baş katibin etirafı, yaxud islahat labüddür
Reallıq budur ki, BMT artıq adekvat və ədalətli təsir mexanizmlərinə malik olmayan sıradan bir təsisata çevrilib, təşkilat daxilində ciddi struktur islahatlarına ehtiyac var. Əsas qərar qəbuletmə və veto hüququnun BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündə (ABŞ, Rusiya, Fransa, Böyük Britaniya və Çin) olması beynəlxalq münasibətlərin tənzimlənməsində məhdudiyyətlər yaradır. Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bir müddət öncə bu məsələyə toxunaraq “Dünya beşdən böyükdür. İndi bunu özləri də etiraf edirlər. Artıq bunun mümkünsüzlüyü barədə danışmağa başlayıblar. Bizim dediklərimizə gələcəklər” ,- deyə bildirmişdi. Etiraf dedikdə isə ilk növbədə BMT-nin sabiq Baş katibi Pan Gi Munun məsələ ilə əlaqədar fikirləri yada düşür: “BMT-də zəruri islahatlar aparılmasının vaxtı çatıb, lakin bu işdə, hələ ki, nəticə əldə etmək mümkün olmayıb”. Baş katib Antonio Quterreşin də yanaşması xələfindən fərqlənmir O, BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasını zəruri hesab etdiyini söyləyərək “Təşkilat artıq müasir reallıqlara uyğun gəlmir, çünki 1945-ci ildə formalaşdığı zaman dünya düzəninə uyğun olub. Həmin sistem köhnəlib və təsirini itirib”,- deyə bildirib.
İkili standartlar və hegemon güclərin geosiyasi inhisarı
Ümumiyyətlə, BMT daxilində islahatlardan, təşkilatın beynəlxalq hadisə və proseslərə effektiv təsir mexanizmlərinin yaradılmasından bəhs olunarkən diqqət iki məsələyə yönəldilir:
- Təhlükəsizlik Şurasının strukturunda dəyişiklik edilməsi;
- “Beynəlxalq birliyin konstitusiyası” adlandırılan BMT Nizamnaməsində dəyişikliklər - əlavələr və düzəlişlər edilməsi.
70 ildən artıq müddətdə, xüsusilə də son 30 ildə baş verən hadisələr, siyasi-hüquqi mənzərə BMT-də islahatların qaçılmaz olduğunu qeyd-şərtsiz təsdiqləyir:
- Təşkilat faktiki olaraq hegemon güc mərkəzlərinin geosiyasi inhisarındadır. Xüsusilə də, Təhlükəsizlik Şurasında yer alan ölkələr istənilən qərarı qəbul edirlər, istədikləri vaxt hansısa qərara veto qoya bilirlər. Burada beynəlxalq hüququn subyekti, BMT-nin üzvü olan digər müstəqil dövlətlərin rəyləri, mövqeləri, demək olar ki, nəzərə alınmır. Hətta artıq bəzi beynəlxalq hərbi əməliyyatlarda BMT Təhlükəsizlik Şurasının mövqeyinə (icazəsinə) ehtiyac yoxdur. Konkret nümunəyə diqqət yetirək: 1999-cu ildə NATO-un 50 illiyinin qeyd olunması zamanı Alyansın XXI əsrdə əsas fəaliyyət istiqamətlərinə dair yeni strateji konsepsiya qəbul edildi. Həmin konsepsiya NATO-un ənənəvi məsuliyyət zonası hüdudlarından kənara nüfuz etməsinə, xüsusən kütləvi qırğın silahlarının yayılmasına qarşı əks tədbirlər görülməsi, beynəlxalq terrorizmlə mübarizə və s. kimi məsələlərə müdaxilə etməsinə əlverişli imkan yaratdı. Göründüyü kimi, konsepsiya NATO-ya BMT Təhlükəsizlik Şurasının qərarı olmadan hərbi qüvvələrdən istifadə etmək hüququ verib. Bu isə Birləşmiş Millətlər Təşkilatının mövqeyinin zəifləməsinin daha bir nümunəsidir;
- Təhlükəsizlik Şurasında hərbi-siyasi və strateji-təhlükəsizlik məsələləri ilə əlaqədar qərar qəbul edərkən ikili standartlara yol verilir. Bu barədə kifayət qədər nümunə var. Məsələn, 1990-cı il avqustun 2-də İraq ordusu Küveytə hücum edərək onu işğal etmişdi. BMT 7 ay davam edən işğala görə İraqa qarşı sanksiyalar tətbiq etmiş, ABŞ və onun müttəfiqləri isə təşkilatın Təhlükəsizlik Şurasından mandat alaraq 1991-ci ilin fevralında “Səhrada tufan” əməliyyatına başlamışdılar. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin dərhal icra edilməsi, sülhə məcburetmə mexanizmlərinin tətbiqi ilə əlaqədar Bosniya və Herseqovina, Komboca, Somali, Yuqoslaviya, Şərqi Timor, Ruanda presedentləri də mövcuddur.
Dünyada və BMT tarixində ilk...
Belə nümunələrin olmasına baxmayaraq, Azərbaycan uzun müddət qərəzli yanaşma ilə üzləşdi. Söhbət ölkəmizin 30 ilə yaxın müddətdə işğal altında qalmış ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə əlaqədar qəbul edilmiş 4 (822, 853, 874 və 884 saylı) qətnamənin yerinə yetirilməməsindən gedir. Əlbəttə, bəhs olunan arzuolunmaz hal, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının nüfuzuna - siyasi reputasiyasına zərbə, beynəlxalq hüquq normalarına hörmətsizlik, laqeydlik və etinasızlıq idi. Azərbaycan bu ədalətsizliyi öz gücü ilə aradan qaldırdı, hərbi-siyasi resursları vasitəsilə problemi həll etməklə beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsini təmin etdi. Ermənistanın işğalçı siyasətindən, təxribatçı hərəkətlərindən və destruktiv mövqeyindən uzun müddət əziyyət çəkən Azərbaycan öz iqtisadi potensialı, siyasi imkanları, diplomatik resursları və hərbi qüdrəti vasitəsilə torpaqlarını azad etdi, ərazi bütövlüyünün bərpasına nail oldu. Bu, yeni bir presedentin əsasının qoyulması idi. Və Azərbaycan dünyanın 5-dən böyük olduğunu sübuta yetirdi!
Dünya beşdən böyükdür , yaxud “beşlik” islahatlara qarşı...
Ekspertlərin qənaətinə əsasən, BMT-də islahatların əleyhinə çıxanlar elə Təhlükəsizlik Şurasının 5 daimi üzvü sırasında yer alan bir sıra dövlətlərdir. Çünki onlar ənənəvi mövqelərini və təsir imkanlarını əldən vermək istəmirlər. Hətta bir müddət öncə “əgər yeni ölkələr “beşliyə” əlavə olunsalar, onların səsvermə hüququ olmamalıdır” yanaşmasının irəli sürülməsi bu reallığı təsdiqləyir.
Nizamnamənin dəyişdirilməsi çıxış yoludur?
Doğrudur, bəzi ekspertlər islahat üçün ilk növbədə BMT-nin Nizamnaməsinin dəyişdirilməsini çıxış yolu kimi dəyərləndirsələr də, bu, sıradan və asan məsələ deyil. Prosedur qaydaları kifayət qədər mürəkkəbdir. Nizamnamənin XVIII fəslində ona dəyişikliklər edilməsinin iki alternativ proseduru nəzərdə tutulur: birincisi, Baş Assambleya tərəfindən, ikincisi isə, ona yenidən baxılması üzrə konfrans vasitəsilə. 108-ci maddədəki qeydə əsasən, Nizamnaməyə düzəlişlər Təşkilatın bütün üzvləri üçün Baş Assambleyanın üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edildikdən və Təhlükəsizlik Şurasının bütün daimi üzvləri daxil olmaqla, təşkilatın üzvlərinin üçdə ikisi tərəfindən, onların müvafiq konstitusiya qaydalarına uyğun olaraq ratifikasiya edildikdən sonra qüvvəyə minir. 109-cu maddədə isə göstərilir ki, bu Nizamnaməyə yenidən baxılması məqsədilə Baş Assambleyanın üzvlərinin üçdə iki səs çoxluğu və Təhlükəsizlik Şurasının hər hansı doqquz üzvünün səsi ilə müəyyən edilməli olan vaxtda və yerdə BMT üzvlərinin Ümumi Konfransı çağırıla bilər. Göründüyü kimi, heç bir düzəliş, yaxud dəyişiklik Təhlükəsizlik Şurasının bütün daimi üzvlərinin razılığı olmadan reallaşdırıla bilməz. Ona görə də BMT-də struktur islahatlarının aparılması tərəfdarı olmayan qüvvələr ilk növbədə Nizamnamənin dəyişdirilməsinin çətin, hətta “qeyri-mümkün” olması məsələsindən siyasi bəhanə kimi istifadə edirlər.
120 ölkənin iradəsini ifadə edən Hərəkata nə üçün daimi yer verilməsin?
Buna baxmayaraq, BMT-də islahatlar üçün alternativlər kifayət qədərdir. Prezident İlham Əliyev bu kontekstdə çox önəmli məqama toxunaraq qeyd edib: “BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir. Zənnimizcə, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar”.
Əlbəttə, Qoşulmama Hərəkatı ciddi siyasi potensiala malikdir. BMT-dən sonra ikinci ən böyük təşkilat olan Hərəkat sıralarında 120 ölkəni birləşdirir. Dünya dövlətlərinin üçdəikisini əhatə edən bir təsisatın toplantılarında müzakirə edilən məsələlər, şübhəsiz ki, beynəlxalq siyasi gündəmin, o cümlədən BMT Baş Assambleyasının gündəliyinin formalaşmasına da böyük təsir göstərir. Digər tərəfdən, təşkilatın fəaliyyəti “Bandunq prinsipləri” əsasında tənzimlənir. Həmin prinsiplər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq kimi məsələləri ehtiva, ikitərəfli və çoxtərəfli əlaqələri isə təşviq edir. “Bandunq prinsipləri” təşkilat sıralarında olan dövlətlərin xarici siyasət prioritetlərinə uyğundur və əlaqələrin formalaşdırılması və inkişafı, əməkdaşlığın dərinləşdirilməsi üçün siyasi-hüquqi baza rolunda çıxış edir. Bütün bunları nəzərə alaraq 120 ölkənin iradəsini ifadə edən Qoşulmama Hərəkatına BMT Təhlükəsizlik Şurasında daimi yer verilməsi ədalətli seçim və bəşəriyyətin mənafeyinə xidmət edən dünya nizamının formalaşmasına mühüm töhfə olar.
Bütövlükdə, BMT dilemma qarşısındadır: “ya olum, ya ölüm”. Təşkilatın xilası - inam və etimadın, korlanmış imicin bərpası üçün islahat ya olmalı, ya da olmalıdır. İkinci yol yoxdur!