Xəbərlər
İtaliyanın “Goal” saytının baş xəbəri “İdmanın gələcək paytaxtı – Bakı” adlanır
İtaliyanın “Goal” saytında “İdmanın gələcək paytaxtı - Bakı” sərlövhəli məqalə və reportaj yerləşdirilib.
Müəllif diqqətə çatdırır ki, Azərbaycan Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edir. Bununla da bu ölkə önəmli idman tədbirlərini təşkil etmək iqtidarında olduğunu bir daha göstərdi. “Avro-2020”nin final mərhələsinin oyunlarının Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulub. Növbəti illərdə də Azərbaycan daha önəmli idman yarışlarına ev sahibliyi etməkdən məmnun olar.
Yazıda AFFA-nın baş katibi Elxan Məmmədovun fikirlərinə də yer verilib: “Regionun ən böyük stadionu Azərbaycandadır. Biz futbol üzrə Çempionlar Liqasının və Avropa Liqasının finallarına ev sahibliyi etmək haqqında da düşünə bilərik”. Formula-1 (F1) üzrə Avropa “Qran-pri” yarışlarının da Bakıda keçiriləcəyinin vurğulandığı məqalədə “Formula 1 Group”un baş icraçı direktoru Berni Ekklestounun sözləri də yer alıb: “Bakı çox gözəldir. Bu şəhərə ilk dəfə gəldikdə çox təəssüratlandım. Əminəm ki, bu yarışların da təşkilini Bakı yüksək səviyyədə həyata keçirəcək”.
Sonda vurğulanıb ki, şübhəsiz Bakı önəmli bir idman erasına qədəm qoyub. Avropanın ən möhtəşəm idman tədbirlərinin keçirilməsi üçün bu şəhərin potensialı böyükdür.