Xəbərlər
“Alpari”: İlham Əliyevin prezident olduğu az müddət ərzində Azərbaycanda ÜDM 10 dəfədən çox (7 milyard dollardan 73 milyard dollaradək) artıb
Dünya foreks sənayesinin ən iri brendlərindən biri olan “Alpari”nin saytında Anna Kokorevanın Bakıda keçirilən birinci Avropa Oyunlarına həsr olunmuş məqaləsi yerləşdirilib.
Müəllif qeyd edir ki, iyunun 12-də Bakıda birinci Avropa Oyunlarının təntənəli açılışı olub. İdman yarışlarında dünyanın 50 ölkəsindən 6 min idmançı iştirak edir. İdmanın 20 növü üzrə 253 dəst medal oynanılacaq. Oyunların açılışının böyük müvəffəqiyyətlə keçdiyinə baxmayaraq, tədbir Avropa İttifaqı və ABŞ mətbuatı tərəfdən tənqid atəşinə tutulub. Jurnalistlər ölkə iqtisadiyyatının qeyri-sabit olduğu bir şəraitdə Azərbaycanın yolverilməz xərclərinə görə heyifsilənirlər. A.Kokoreva yazır: “Rəsmi məlumata görə, Azərbaycan Oyunların təşkilinə 1,2 milyard dollar xərcləyib. Unutmaq olmaz ki, layihə öz xərcini çıxarır. Oyunların keçirildiyi dövr ərzində ölkəyə 100 000 nəfərdən çox adam gəlmiş olacaq, xeyli sponsor və tərəfdaş cəlb olunub. Bundan başqa, ölkə üçün bu, idman və turizm infrastrukturunu yaratmaq və inkişaf etdirmək imkanıdır”.
Məqalədə deyilir ki, Oyunlar ətrafında neqativ fon yaradıldığına baxmayaraq, açılış mərasiminə Rusiya, Belarus, Türkiyə, Türkmənistan, Tacikistan, Monteneqro, Serbiya prezidentləri, Monako knyazı gəlmişdilər. Müəllif axırda yazır: “Son vaxtlar İlham Əliyevin siyasəti tez-tez tənqidə məruz qalır, amma oğul Əliyevin prezident olduğu 12 ildən az müddət ərzində Azərbaycanda ÜDM 10 dəfədən çox (7 milyard dollardan 73 milyard dollaradək) artıb. Müasir siyasətçilərdən belə iqtisadi uğurla öyünə bilən az tapılar”.