Xəbərlər
“Heydər Əliyevin Azərbaycan tarixində izi”

“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatı “Alpan” ərazi partiya təşkilatında “Heydər Əliyevin Azərbaycan tarixində izi” mövzusunda tədbir keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” adlı videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Alpan ərazi partiya təşkilatının sədri Mehbarə Rüstəmova, şəhid atası Niyaz Məlikov, Alpan kənd tam orta məktəbinin tarix müəllimi Əfil Dadaşov bildiriblər ki, Ulu Öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir. Məhz ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini xaos və böhran məngənəsindən çıxarmış, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirmişdir. Dahi rəhbər dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoymuşdur. O, ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olmuşdur.
Tədbirin sonunda Alpan kənd tam orta məktəbinin şagirdləri ulu öndər Heydər Əliyevə həsr edilmiş şeirlər səsləndiriblər.