Xəbərlər
Şəhidlərin xatirəsi daim əzizdir
Aprel döyüşləri şəhidi Ülvin Camaləddin oğlu Məmmədovun anım gününü qeyd olunub.
Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Laçın Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Tofiq Mirzəyev, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri şəhid Ülvin Məmmədov və digər şəhidlərimizin məzarlarını ziyarət ediblər. Şəhidlərin məzarları üzərinə tər güllər düzülüb, ruhlarına dualar oxuyub, əziz xatirəsini böyük ehtiramla anıblar.
Eləcə də Azərbaycan ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaətdən və vətənpərvərliklərindən söz açılıb.
Çıxış edənlər bildiriblər ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad edib. Qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanması hər birimiz üçün qürurvericidir.
Şəhidin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.