YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kimliyimiz, varlığımız…

Xətai rayonunda Beynəlxalq Ana Dili Günü qeyd edilib     

Fevralın 21-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və  rayon ərazisində yerləşən 269 saylı  tam orta məktəbin birgə təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə çıxış edən 269 saylı tam orta məktəbin direktoru Aygün  Əzizova məktəblərdə bu günün qeyd edilməsinin məqsədindən və əhəmiyyətindən bəhs edib. Bildirib ki, kimliyimiz, varlığımız olan ana dilimizi sevməklə yanaşı, eyni zamanda, sevdirməliyik. Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğuna çağırış edir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev  bildirirdi ki, Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir. Ana dilimizi qorumaq, öyrənmək gənclərimizin qarşısında əsas tələb kimi qoyulur. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev dilimizin saflığının qorunmasını prioritet məsələ kimi qarşıya qoyur, imzaladığı Fərman və sərəncamlarla bu sahənin inkişaf etdirilməsi üçün möhkəm hüquqi bazanın yaradılmasını təmin edir.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan dilinin hərtərəfli inkişafı, zənginləşməsi, onun dövlət dilinə çevrilməsi, gündəlik həyatda, praktikada  bu dildən istifadə edilməsi, beynəlxalq münasibətlər sahəsində  tətbiqi, böyük hörmət qazanması  ümummilli lider Heydər Əliyevin yorulmaz və çoxşaxəli fəaliyyətinin nəticəsi idi.  Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki,  ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan SSR-in 1978-ci ildə qəbul olunan Konstitusiyasına  Azərbaycan dilinin  Azərbaycan Respublikasının dövlət dili olması haqqında  maddə daxil edilib. Hər zaman bu çağırış səsləndirilirdi ki,  xalqın milliliyini saxlayan onun dilidir. Azərbaycan dili  olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar, musiqi də olmaz. Bunların hamısı biri-biri ilə bağlıdır.

Vüqar Rəhimzadə 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından bu günədək Azərbaycan dilinin təkmilləşdirilməsi, saflığının qoruması istiqamətində xeyli sayda sənədlər imzalanıb.  Dövlət başçısı İlham Əliyevin  “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı da  dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Tədbirdə şagirdlər ana dilimizə həsr edilən şeirlər söyləyib, doğma dilimizə sevgi hisslərinin əks olunduğu ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

DİGƏR Xəbərlər Arxiv