Xəbərlər
Fransa Cənubi Qafqaza nə verə bilər?
Artıq neçə-neçə ölkə uzun sürən azadlıq mübarizələrindən sonra müstəmləkəçilik zəncirlərini qırmağa nail olub. Bu, dönməz, qarşısıalınmaz bir prosesdir. Bütün bunların fonunda XXI yüzillikdə bəzi dövlətlərin neokolonialist baxışlar ortaya qoymaları təəccüb doğurur və ikrahla qarşılanır. Fransa da sərhədlərindən uzaq məkanlara əl uzatmaq, öz şərtlərini diktə etmək, dünyanın ayrı-ayrı məkanlarında məhz bu ölkənin maraqlarına uyğun nizam yaratmaq iddialarından çıxış edir. Fransa prezidenti Emmanuel Makron beynəlxalq hüquq normaları və ədalət prinsipi ilə daban-dabana zidd olan absurd yanaşmalarını növbəti dəfə 59-cu Münhen Təhlükəsizlik Konfransında ortaya qoyub.
Cənubi Qafqazda sülhyaratma prosesindən kənarda qalan Fransa
Fransa prezidentinin Münhen Təhlükəsizlik Konfransında yeni dünya nizamı yaratmaq və burada ölkəsinin üstün mövqeyini təmin etməklə bağlı səsləndirdiyi iddiaları yalnız illüziya kimi dəyərləndirmək mümkündür. Ən azından Emmanuel Makronun iddiaları ilə onun rəhbərlik etdiyi ölkənin imkanları üst-üstə düşmür. Fransanın dövlət başçısı dünyanın dəyişməsini qəbul etmək istəmir və ölkəsinin imkanlarından kənara çıxan xəyallar qurur. Bu, başqa bir söhbətin mövzusudur. Məsələ burasındadır ki, Fransanın demokratik dəyərlərindən uzaq düşən, bu dəyərləri bir ovuc erməni lobbisinin maraqlarına qurban verən E.Makron, həmçinin ölkəsinin Cənubi Qafqazda varlığına nail olmağa çalışır. Söhbət daha çox bu ölkənin Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində rol almaq cəhdlərindən gedir.
Əslində, buna etiraz etməmək olardı, əgər E.Makron yanaşmasında səmimi olsa idi. Ancaq Fransadan gələn mesajlar bu ölkənin Cənubi Qafqazda sülhyaratma prosesində yer almaq cəhdinin heç də xoş niyyətə əsaslanmadığı qənaətini formalaşdırır. Bunu yalnız biz demirik, bunu həm də əlahəzrət faktlar, özunü Ermənistanın “böyük bacı”sı adlandıran Fransanın davranışları təsdiqləyir. Gəlin, qısa bir xatırlatma edək. Fransa təxminən üç onillik ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri oldu. Ancaq bu təsisat artıq tarixdə qalmış münaqişənin həllində hər hansı bir müsbət rol oynamadı, daim işğalçı ilə işğala məruz qalan tərəf arasında bərabərlik işarəsi qoymağa çalışdı. 44 günlük müharibə dövründə E.Makron bir növ Ermənistanın danışan dilinə çevrilmişdi. Onun əli Cənubi Qafqaza çatmasa da, tez-tez bəyanatlar səsləndirərək torpaqlarını işğaldan azad edən Azərbaycanı əsassız yerə günahlandırmağa çalışırdı. Yada salaq ki, 2020-ci ilin noyabr ayında Fransa Senatı qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyinin” tanınması barədə qətnamə qəbul etmişdi. Fransa prezidenti postmüharibə mərhələsində də eyni ampluada qalmaqda davam edir. Ötən ilin sonlarında E.Makron yerli KİV-ə verdiyi müsahibəsində öz gücünə ərazi bütövlüyünü təmin edən, bununla da BMT-nin 4 məlum qətnaməsinin həyata keçirilməsinə nail olan Azərbaycanın ünvanına ədalət meyarından çox-çox uzaqda dayanan aqressiv fikirlər çəsləndirdi. Ölkənin siyasi hakimiyyətinin verdiyi siqnallardan ruhlanan Fransa Senatı və Milli Assambleyası ölkəmizə qarşı qərəzli qətnamələr qəbul etdilər. Bu qətnamələrdə Avropanın enerji təhlükəsizliyində getdikcə daha çox yer alan Azərbaycana qarşı sanksiyaların tətbiq olunması və digər cəfəng iddialar yer alırdı. Fransa bir böyük bacı kimi Ermənistanın başını sığallamaq cəhdini növbəti dəfə Tunisin Cerba şəhərində baş tutan Beynəlxalq Frankofoniya Təşkilatının Zirvə Görüşü çərçivəsində nümayiş etdirdi. Nə qədər qəribə görünsə də, fransız dilinə və mədəniyyətinə aid olan bir tədbirdə yenə də təcavüzkar Ermənistanın siyasi ambisiyalarının müzakirə predmetinə çevrilməsinə cəhdlər göstərilib. Lakin qurumdakı Azərbaycana dost dövlətlər tədbirin qətnamə layihəsində yer alan ölkəmizə qarşı müddəalara kəskin etirazlarını bildiriblər. Bununla da qətnamə layihəsində Azərbaycanı birbaşa hədəf alan hər hansı ifadənin daxil edilməsinə imkan verilməyib. Fransanın ötən ilin dekabrında BMT TŞ-da Azərbaycan əleyhinə sənəd qəbul etdirməyə çalışması da bu ölkənin Cənubi Qafqazda sülhyaratma prosesinə hansı niyyətlə qoşulmaq istəyini bir daha ortaya qoydu. Yenə də Azərbaycanın beynəlxalq səviyyədə apardığı uğurlu diplomatik fəaliyyət Paris-İrəvan tandeminin cəhdlərini darmadağın elədi. Bu proses sözün əsl mənasında Fransa üçün böyük rüsvayçılıqla nəticələndi. BMT TŞ-nın daimi üzvü və dekabr ayında TŞ-nın sədri statusunu daşıyan Fransa bütün resurslarını səfərbər etsə də, Azərbaycan əleyhinə olan sənədi qəbul etdirə bilmədi.
Qayıdaq Münhen Təhlükəsizlik Konfransına. Burada da Fransa prezidenti ənənəsinə sadiq qalaraq yenə də ermənipərəst mövqeyini ortaya qoyub. E.Makronun nüfuzlu beynəlxalq platformanın tribunasından Cənubi Qafqazda “müharibə var” deməsi, həmçinin Nikol Paşinyanın yanında olmasını xüsusi vurğulaması nəyə xidmət edir? Hazırda Azərbaycanın, ABŞ-ın, Avropa İttifaqının (Aİ) bütün səylərinin Cənubi Qafqazda sülhyaratma prosesinə fokuslandığı bir məqamda Paris-İrəvan cütlüyünün ritorikası yenidən müharibə alovunu yandırmağa xidmət edir. Bundan başqa, məhz E.Makronun təhriki ilə Aİ Ermənistana uzunmüddətli mülki missiya göndərilməsi ilə bağlı qərar qəbul edib. Bu missiyanın tərkibində Fransadan olan jandarmeriyasının təmsilçilərinin yer almaları da suallar doğurur. Beləliklə, Ermənistanın tərəfini saxlayan və bu ölkəyə davamlı olaraq müharibəyə çağırış siqnalları ötürən Fransanın Cənubi Qafqazda sülhyaratma prosesinə qatılmağa hər hansı bir haqqı yoxdur. Prezident İlham Əliyev fevralın 18-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclasda Fransanın sülhyaratma prosesindən kənarda qaldığını açıq mətnlə diqqətə çatdırıb. Dövlətimizin başçısı bunun səbəblərinə aydınlıq gətirərək vurğulayıb: “...biz ABŞ, Rusiya və indi də Aİ tərəfindən təşkil olunmuş platformada bir araya gəlmişik. Lakin Fransa hökuməti birtərəfli ermənipərəst mövqe tutduğundan o, bu platformada artıq iştirak etmir. Aydındır ki, vasitəçi olan tərəf tuta və bunu nümayiş etdirə bilməz”.
Ölkənin ləkəli imici
Fransanın ləkəli tarixi də bu ölkənin özünü Azərbaycanla Ermənistan arasında tənzimləmə prosesinə qatmaq istəyinin üstündən çalın-çarpaz xətt çəkir. Dünyaya demokratiya dərsi keçmək iddialarında bulunan Fransa XXI əsrdə müstəmləkəçilik siyasətindən geri dönmək istəmir. Bu ölkənin kolonialist siyasətinə sadiqliyini diqqətə çatdırmaq üçün bir neçə fakta diqqət yetirək. 1994-cü ildə fransızlar Ruandada “təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat həyata keçiriblər. Həmin əməliyyat zamanı yerli tutsi qəbiləsinin 800 mindən çox üzvü qətlə yetirilib. 2014-cü ildə Ruanda Prezidenti Pol Kaqamenin soyqırımı aktında Fransanın rolunu dəqiq müəyyən etdiyi barədə bəyanatı isə rəsmi Parisdə siyasi böhrana səbəb oldu. Fransa qoşunlarının Çadda keçirdikləri “Epervier”, Fildişi Sahilində “Licorne” hərbi əməliyyatları da çox sayda insan tələfatı ilə nəticələnib. 2011-ci ildə isə mülki insanları qorumaq bəhanəsi ilə Liviyada keçirilən “Harmattan” və iki il sonra Malidəki “Serval” hərbi əməliyyatları da böyük dağıntılar və qətllərlə sonuclanıb. Bütövlükdə, Afrikada yerləşən Benin, Çad, Cibuti, Qabon, Qana, Kamerun, Komor adaları, Mavritaniya, Niger, Seneqal, Tunis, daha sonra Suriya, Livan və nəhayət, Əlcəzair zaman-zaman Fransa tərəfindən törədilən dəhşətli qırğınlara şahidlik edib. Təkcə Əlcəzairdə Fransa ordusu 1,5 milyon insanı qətlə yetirib. Əlcəzair bir əsrdən çox müddətdə Fransanın təcavüzünə məruz qalıb. Fransanın ilk nüvə silahı da məhz Əlcəzairdə sınaqdan keçirilib...
Fransanın təcavüzkarlıq siyasətini əks etdirən siyahı çox uzundur. İndi müstəmləkəçilik siyasətindən əl çəkməyən bu dövlət postmüharibə dövründə özünü Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesinə, yumşaq desək, sırımağa çalışır. Hansı mənəvi və hüquqi-siyasi əsaslarla? Kolonialist siyasətindən əl çəkməyən Fransa Cənubi Qafqaza nə verə bilər?
Mübariz Abdullayev