YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycan enerji təcrübəsi ilə dünyanın diqqətindədir. Bu günlərdə keçirilən 31-ci “Bakı Enerji Həftəsi” ölkəmizin enerji sektorunda qazandığı uğurların, qarşıdakı dövrün prioritetlərinin təqdimatında əhəmiyyətli rol oynadı. Dövlətimizin başçısı İlham Əliyev 31-ci “Bakı Enerji Həftəsi”nin açılış mərasimindəki çıxışında bir daha təbii resurslardan düzgün, səmərəli istifadənin ölkənin inkişafında əhəmiyyətli rolunu əsaslı şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırdı. Cənab İlham Əliyev bildirdi ki, Azərbaycanın enerji inkişafı 1994-cü ildə başladı. Əgər 1994-cü ilə nəzər salsaq, keçmişdə Azərbaycanın çox ağır vəziyyətdə olduğunu görə bilərik. Ölkə iqtisadi baxımdan tam qarışıq, siyasi baxımdan qeyri-sabit idi. Ərazinin təxminən 20 faizi Ermənistanın işğalı altında idi. Bir milyon qaçqın var idi və həmin vaxt, bu, ola bilsin, adambaşına düşən ən yüksək qaçqın sayı idi. Bizim heç bir vəsaitimiz yox idi. Elektrik enerjisini idxal edirdik. Biz, hətta, təbii qazı idxal edirdik. Yoxsulluq səviyyəsi 50 faizdən artıq idi. İşsizlik geniş yayılmışdı. Müstəqil ölkə kimi yaşamaq və irəliyə getməkdə bizim üçün yeganə yol sahib olduğumuz təbii sərvətlərdən istifadə idi. Azərbaycan ilk ölkə idi ki, Xəzərin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açıq etdi. Həmin vaxtdan etibarən çox hadisələr oldu.

“Əgər bu gün biz Azərbaycana nəzər salsaq həmin transformasiyaya gəldikdə, bu sərvətlərdən necə istifadə etdiyimizə, onun yenidən sosial infrastruktura, təhsilə, səhiyyəyə, enerji sahəsinin inkişafına yatırdığımıza əsasən deyə bilərik ki, ölkələr necə inkişaf etməlidir və bu yol 1990-cı illərin əvvəlində üzləşdiyimiz eyni problemlərdən müəyyən dərəcədə əziyyət çəkən ölkələr üçün örnək olmalıdır” söyləyən Prezident İlham Əliyev bu gün Azərbaycanın iqtisadi fəaliyyətinin çox müsbət olduğunu vurğuladı. Aparıcı beynəlxalq reytinq agentliklərindəki reytinqimiz ildən-ilə artır. Yoxsulluq səviyyəsi 5 faizə enib, işsizlik də təqribən eyni rəqəm səviyyəsindədir. Xarici borcumuzu əhəmiyyətli dərəcədə azalda bildik. Başlanğıcda borc götürmək məcburiyyətində idik, lakin sonra strategiyamız borc götürməyi dayandırmaq və borcları ödəmək oldu ki,  istənilən beynəlxalq maliyyə institutundan asılı olmayaq. Bu gün  xarici borcumuz dünyada ən aşağı xarici borclardandır və o, təqribən ümumi daxili məhsulun 6 faizindən çoxdur.

Ümummilli Lider Heydər Əliyevin ölkə iqtisadiyyatının inkişafında neft amilinə xüsusi önəm verməsi bu günümüzə və gələcəyimizə hesablanmış inkişaf strategiyasının əsas tərkib hissəsi idi. Onun müəllifi olduğu neft strategiyası Azərbaycana hər zaman davamlı uğurlar qazandırır, hər bir iqtisadi və maliyyə çətinliyini uğurla aradan qaldırmasını təmin edir. Bircə faktı qeyd etmək kifayətdir ki, dünyanın iqtisadi və maliyyə böhranı yaşadığı dövrlərdə Azərbaycan artan  iqtisadi göstəriciləri ilə diqqətdə idi. Koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin aparıldığı  dövrün reallıqları da Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurmasının böyük uğurlara yol açdığını dünyaya təqdim etdi. Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu neft gəlirlərinin idarə edilməsində şəffaflığı yüksək səviyyədə təmin edir. Burada toplanan vəsaitlər mühüm sosial-iqtisadi layihələrin icrasına yönəldilir ki, bu da öz növbəsində ölkəmizin hərtərəfli inkişafını təmin edir. Cənab İlham Əliyev 31-ci “Bakı Enerji Həftəsi”nin açılış mərasimində bu reallıqları da xüsusi qeyd etdi. Bildirdi ki, biz ehtiyatlarımızı Dövlət Neft Fondu və Mərkəzi Bankda topladıq. Beləliklə, ehtiyatlarımız xarici borcu 18 dəfədən çox üstələyir. Bütün bunlar birinci növbədə bizim təbii sərvətlərimizdən düzgün istifadə etdiyimizə görə baş verdi. Azərbaycan  həm investorlara, həm də ev sahibi ölkəsinə qazanc gətirən vəziyyəti yaratdı. Milli maraqlar üzərində dayanan çox praqmatik siyasət həyata keçirdik və işimizə müdaxilə etmək, bizə pis məsləhət vermək istəyənlərə qulaq asmadıq. Biz hər bir işi strategiyamız əsasında etdik. Bütün taktiki gedişlərimiz həmin strategiyaya əsaslanırdı. Biz demək olar ki, 30 il ərzində işğal altında qalmış torpaqlarımızı azad edən güclü ordu qurduq. Cəmi 44 gün ərzində Ermənistanı tamamilə məğlub etdik və kapitulyasiya aktını imzalamağa məcbur etdik: “Əlbəttə ki, müharibədə qələbə dedikdə, sadəcə, pul və hətta silahlar nəzərdə tutulmur. Söhbət döyüş ruhundan gedir. Lakin gəlin etiraf edək, ordunu qurmaq üçün pulumuz olmasaydı, yəqin ki, bu gün hələ də torpaqlarımız işğal altında olardı. Beləliklə, Azərbaycanın inkişafı, - istər sosial, iqtisadi, hərbi, istərsə də xarici siyasət olsun, - bütün bunlar onu nümayiş etdirir ki, təbii sərvətlərdən düzgün istifadə olunan zaman onlar bir çox üstünlüklərə yol aça bilər”.

Bu gün Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir ki, onlardan 10-u Avropa İttifaqının üzvüdür. Prezident İlham Əliyev çıxışında onu da qeyd etdi ki, bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir.

Hazırkı dövrdə Azərbaycanın enerji siyasəti yalnız neft və qazla məhdudlaşmır. Belə ki, bərpaolunan enerji potensialı bu sahədə də əməkdaşlığa geniş imkanlar yaradır. Onu da qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur  yaşıl enerji zonası elan olunub və həmin ərazilərdə hidroenerji layihələri uğurla həyata keçirilir.

Qısa təhlil bu qənaətə əsas verir ki,  Azərbaycan dənizə çıxışı olmayan ölkə olsa da uğurlu enerji siyasəti nəticəsində Avropa ilə Asiya arasında mühüm enerji körpüsünə çevrilib. Ölkəmiz qlobal enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır.