YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşada keçirilən “Yay Məktəbi” başa çatıb

Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatı və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyev ideyalarının təbliğinə həsr olunmuş “Yay Məktəbi” başa çatıb.

“Yay Məktəbi”nin sonuncu günü iştirakçılar əvvəlcə Xankəndi şəhərinə səfər edərək Qarabağ Universitetində olublar. Görüş zamanı universitetin yaranma tarixi, fəaliyyəti, tədris imkanları, elmi potensialı və gələcək inkişaf perspektivləri barədə ətraflı məlumat verilib. İştirakçılar tədris korpusları və müasir infrastrukturla yaxından tanış olaraq işğaldan azad edilmiş ərazilərdə elm və təhsilin inkişafına yönəlmiş fəaliyyətlərlə bağlı geniş məlumat əldə ediblər.

Daha sonra yay məktəbi iştirakçıları Şuşada Qarabağın füsunkar təbiətini özündə əks etdirən İsa Bulağını ziyarət ediblər. Burada gənclərə məkanın tarixi əhəmiyyəti və bölgənin zəngin təbii irsi haqqında məlumat verilib.

Şuşa şəhərinin tarixi-mədəni məkanlarına ekskursiya zamanı iştirakçılar şəhərin qədim tarixi, milli-mədəni irsimizdə tutduğu müstəsna yer, həmçinin burada həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olublar.

Sonra “Yay Məktəbi”nin növbəti seminarı keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Seminarda çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Orxan Bayramov və Bakı Mühəndislik Universitetinin sosial məsələlər üzrə prorektoru Bayram Hüseynzadə dövlət gənclər siyasətinin prioritet istiqamətləri, gənclərin ictimai-siyasi proseslərdə fəallığının artırılması və milli-mənəvi dəyərlərin qorunmasının əhəmiyyəti barədə danışıblar.

Daha sonra iştirakçıların bilik və məntiqi təfəkkürünün inkişafına xidmət edən Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilib. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda qalib komandalar diplom və hədiyyələrlə təltif ediliblər.

“Yay Məktəbi”nin bağlanış mərasimində iştirakçılara fəxri fərmanlar təqdim olunub.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.