Xəbərlər
Nizami Cəfərov: Azərbaycan mədəniyyətinin tarixdən gələn çox güclü tərbiyəvi xüsusiyyətləri var
«Əlbəttə ki, biz də dünyada gedən proseslərin tərkib hissəsiyik. İstər-istəməz digər sahələrdə olduğu kimi, mədəniyyətdə də müəyyən tənqidi elementlərə rast gəlinir. Bunlar adətən televiziya verilişlərindən başlamış, yüngül sənətə qədər özünü göstərir». Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.
N.Cəfərov bildirib ki, Azərbaycan mədəniyyətinin, incəsənətinin tarixdən gələn çox güclü pedaqoji, tərbiyəvi xüsusiyyətləri və etikası var. Onun sözlərinə görə, amma daha mühüm məsələlərdən biri bizim mədəniyyətrimizin, incəsənətimizin inkişaf etdirilməsi, dünyada yayılması ilə yanaşı, həm də müxtəlif müdaxilələrdən qorunmasıdır.
«Deyək ki, ermənilər dəfələrlə bizim mədəniyyətimizə, incəsənətimizə müdaxilə ediblər və bunun dünya miqyasında təbliğatını aparıblar ki, guya onlara məxsusdur. Biz uzun müddət buna fikir verməmişik. Amma bu gün bu sahədə ciddi mübarizə gedir. Biz mədəniyyətimizi hüdudlandırıb kiminsə istifadəsində olmasına qısqanclıq eləmirik. Amma bununla yanaşı, bizim mədəniyyətimizdən kim istifadə edir-etsin, bilməlidir ki, bu, Azərbaycana məxsusdur. Artıq bu sahədə də Azərbaycanın böyük təcrübəsi var. Bunlar isə dünyaya çıxmaqla mümkün olub. Çünki özün-özlüyündə özünü müdafiə edə bilməzsən. Özünümüdafiə dünya miqyasında olmalıdır»- deyə, komitə sədri vurğulayıb.