Xəbərlər
“Bakı-2015” birinci Avropa Oyunları ilə əlaqədar bələdçilər hazırlanıb
“Bakı-2015” birinci Avropa Oyunları ilə əlaqədar paytaxta gələn turistlərin sayı artıb. Dünyanın müxtəlif ölkələrindən gələn qonaqlara Azərbaycanı tanıtmaq üçün bələdçilər də hazırdır.
Paytaxtımızın küçələrində ikimərtəbəli üstüaçıq avtobuslarla şəhərimizin sakinləri və qonaqlar üçün turlar həyata keçirən “City Sightseeing Baku” şirkəti də birinci Avropa Oyunlarına ciddi hazırlaşır. Gücləndirilmiş iş rejiminə keçən şirkət saat 11:00-dan 00:00-dək fəaliyyət göstərir.
Birinci Avropa Oyunlarına sayılı günlər qaldıqca turistlərin sevimli məkanına çevrilmiş Bakıda canlanma müşahidə olunur. Paytaxta gələn qonaqların heç biri məlumatsız qalmır. Avtobus turlarından istifadə edənlər həm də audiobələdçilərin xidmətindən yararlanırlar. Onlara 8 dildə məlumat çatdırılır.
Mədəniyyət və Turizm Nazirliyinin xüsusi tədbirlər planına uyğun olaraq bələdçilərin hazırlığı da yekunlaşıb. Bələdçi işləmək istəyən şəxslərə Azərbaycan Turizm və Menecment Universitetində ödənişsiz kurslar keçilib. İmtahanda uğur qazananlar akkreditasiyadan keçirilir, sertifikat və şəhadətnamələrlə təmin edilirlər. Hər bələdçi şəhadətnaməsində qeyd olunan marşrut üzrə və qeyd olunan dildə bələdçilik edə bilər.
Hazırda akkreditasiyadan keçmiş 50-dək bələdçi fəaliyyət göstərir. Rus və ingilis dili çoxluq təşkil etsə də, fransız, ispan, alman, ərəb, türk, polyak, çin və digər dilləri bilən bələdçilər də var. Dünya Turizm Bələdçiləri Assosiasiyasının razılığı əsasında milli akkreditasiyadan keçmiş 20-dək bələdçiyə təkrar kurslar təşkil edilib və kursları bitirənlərə əlavə beynəlxalq sertifikat da verilib. Bundan başqa, Azərbaycanda sovet dövründən bələdçilik edən təqribən 10 bələdçi də var. Onlar “Fəxri bələdçi” kateqoriyası kimi akkreditasiya olunublar.