Xəbərlər
Yanuş Pexoçinski: Azərbaycanın gələcəyi aydın görən yaxşı rəhbərliyi var
Azərbaycanın gələcəyi aydın görən yaxşı rəhbərliyi var. Bu sözləri Polşa Respublikası Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski iyunun 3-də Bakıda keçirilən mətbuat konfransında söyləyib.
Polşa hökuməti başçısının müavini bildirib ki, onun ölkəsi Azərbaycana sərmayə yatırmaq istəyir. O deyib: “Azərbaycan çox sabit və dayanıqlı ölkədir. Biz burada qarşılıqlı fəaliyyət üçün böyük perspektiv görürük. Burada maliyyə yatırmaq üçün böyük imkanlar var”. Y.Pexoçinski hesab edir ki, ötən il Polşa ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin 170 milyon dollar olması artıq ölkələrimizin mövcud potensialına cavab vermir. Onun sözlərinə görə, həmin rəqəmi yaxın 2-3 ildə bir milyard dollara çatdırmaq olar. Qeyri-neft sektoru - yüksək texnologiyalar sahəsi, kənd təsərrüfatı texnikası ixracı, torpaqların təmizlənməsi və məişət tullantılarının təkrar emalı əməkdaşlığı fəallaşdırmaq üçün böyük potensialdır. Baş nazirin müavini deyib: “Biz kənd təsərrüfatı texnikası istehsalı sahəsində işləyən Polşa şirkətlərinin Azərbaycan bazarına daxil olmasını gözləyirik. Artıq bizə xüsusi iqtisadi zonaların və klasterlərin siyahısı təqdim olunub”.
İnformasiya texnologiyaları sahəsində əməkdaşlığın potensialına gəldikdə isə Y.Pexoçinski hesab edir ki, Azərbaycanda peşəkar proqramçılar var, Avropa İttifaqında böyüklüyünə görə beşinci İT şirkəti isə Polşadadır. O deyib: “Bütövlükdə, Polşada yüksək texnologiyalar sektoru orta hesabla Avropada olduğundan üç dəfə sürətlə inkişaf edir”. Y.Pexoçinski bunu da bildirib ki, neftlə çirklənən torpaqların təmizlənməsi və məişət tullantılarının müasir təkrar emal üsullarının tətbiqi sahəsində Azərbaycan-Polşa əməkdaşlığı üçün baza mövcuddur. Baş nazirin müavininin sözlərinə görə, bu sahədə ixtisaslaşan iri Polşa şirkətinin nümayəndələri də Bakıya gəliblər və artıq bu istiqamətdə birgə fəaliyyət göstərmək üçün görüşlər keçirilib.
Azərbaycanı Xəzər hövzəsi zonasında rahat vergi sistemi və yaxşı insan resursları olan etibarlı iqtisadi tərəfdaş adlandıran polşalı siyasətçi deyib: “Azərbaycanda insanlar savadlıdır, sahibkarlığın mahiyyətini başa düşür, uğura can atır, işləməyə və inkişaf etməyə hazırdır”.
Y.Pexoçinski hesab edir ki, artıq adi qarşılıqlı əmtəə dövriyyəsinin vaxtı keçib. Konkret addımlar atmaq, məsələn, müştərək müəssisələr yaratmaq lazımdır. Bu yaxınlarda Bakıda keçirilən XXI Azərbaycan Beynəlxalq qida sənayesi (“WorldFood Azerbaijan–2015”) sərgisində Polşanın uğurla iştirak etdiyini xatırladan Y.Pexoçinski diqqəti kənd təsərrüfatı emalı sahəsində müştərək müəssisələrin yaradılması üzərində cəmləşdirərək deyib: “Azərbaycan Avropa İttifaqı ölkələrinə, o cümlədən Polşaya çox şey sata bilər”. O, Polşanın Azərbaycana ət-süd məhsulları ixracını artırmaqda maraqlı olduğunu bildirib.
Azərbaycan-Polşa hökumətlərarası komissiyasının da həmsədri olan Y. Pexoçinski bildirib ki, komissiyanın növbəti iclası bu ilin payızında Varşavada keçiriləcək. O, Polşa-Azərbaycan iqtisadi əlaqələrinin inkişafında hökumətlərarası komissiyanın Azərbaycandan olan həmsədri, energetika naziri Natiq Əliyevin rolunu xüsusilə vurğulayaraq deyib ki, həmin komissiyanın fəaliyyətini genişləndirmək, məsələn, sahibkarların ölkələrimizin imkanları ilə daha məqsədyönlü tanış olmaları şəklində genişləndirmək barədə qərar qəbul olunub. “Bunun üçün sahibkarlar ölkənin potensialı ilə bilavasitə yerində tanış olmalı, qarşılıqlı səfərlər etməlidirlər” deyən Y.Pexoçinski azərbaycanlı sahibkarları Polşaya dəvət edib.
Y.Pexoçinskinin başçılıq etdiyi nümayəndə heyəti Bakıda keçirilən XXII Beynəlxalq “Xəzər neft və qaz” sərgi və konfransında iştirak edir. Sərginin və konfransın işini yüksək qiymətləndirən Polşa nümayəndə heyətinin başçısı Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu vurğulayıb və onu dünya energetika bazarının mühüm oyunçusu adlandırıb.