Xəbərlər
Nəsimi rayonunda 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının və Mənzil İnşaatı Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Məqsəd çağdaş müstəqilliyimizin qazanılmasında qəhrəmanlıq tariximiz olan “20 Yanvar” hadisəsinin xüsusi rolunun və əhəmiyyətinin bir daha gənc nəsillərə çatdırılmasıdır. Tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov və Mənzil İnşaat Dövlət Agentliyi üzrə ərazi partiya təşkilatının sədr müavini, partiya fəalları və rayon ərazisində yaşayan 20 Yanvar şəhidlərinin ailələri və əlilləri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, 20 Yanvar faciəsinin qurbanları daim dərin hörmət və ehtiramla yad edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi məsələlərini daim diqqət mərkəzində saxlayır. Təsadüfi deyil ki, Prezidentin son imzaladığı sosial islahatlar paketi çərçivəsində 20 Yanvar şəhid ailələrinin müavinəti 20 faiz, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin müavinətləri isə 15% artırılıb.
20 Yanvar Cəmiyyətinin Nəsimi rayon şöbəsinin sədri Tahir Fətullayev dövlətimizin 20 Yanvar əlillərinə və şəhid ailələrinə göstərdiyi qayğıdan danışıb.
Sonda 20 Yanvar şəhidlərinin ailələrinə və əlilliyi olan şəxslərə müavinətlər verilib.