YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

19 ilə baxış: Qalib Azərbaycan dünyaya inkişafın ən təkmil modelini təqdim edir

Vüqar Rəhimzadə

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru

Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycana qalibiyyət  qazandıraraq adını tarixə yenilməz Sərkərdə kimi qızıl hərflərlə yazan  dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə milyonların sevgisi şəksizdir

Möhkəm təməl Azərbaycanın son 19 ildə ən möhtəşəm, ən əsası Zəfər səhifəsini tariximizə yazmasını şərtləndirdi

Bu gün böyük qürur hissi ilə azad Qarabağdan, azad Şərqi Zəngəzurdan, Böyük Qayıdış proqramının uğurlu icrasından bəhs edirik. Qalib Azərbaycanın hər gününü tarixə əlamətdar hadisələrlə yazması harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır. Dünya təcrübəsi bu reallığı təsdiqləyir ki, ölkələrin, xalqların inkişafı, yeni-yeni hədəflərə doğru inamla irəliləməsi, hər bir millətin dünya xalqları arasında özünəməxsusluğunu nümayiş etdirən  milli-mənəvi  dəyərlərin qorunub saxlanılması, tarixə bağlılıq, bu ənənələrin gələcək nəsillərə ötürülməsi kimi şərəfli missiyanın yerinə yetirilməsi ölkəyə rəhbərlik edən şəxsiyyətin liderlik keyfiyyətləri ilə sıx şəkildə bağlıdır. Prezident İlham Əliyevin siyasəti özündə ulu öndər Heydər Əliyevin siyasi irsini, demokratik dövlətçilik ənənələrini və Azərbaycanın tərəqqisini nəzərdə tutan strateji baxışları ehtiva edir. 2003-cü ildə keçirilən prezident seçkilərində seçicilərin 76,84 faiz səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində bildirmişdir: “Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm. Mən bu gün bu yüksək kürsüdən əziz Prezident Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik.”

Dövlət başçısı İlham Əliyevin dahi şəxsiyyətin adı ilə bağlı olan, dövlətimiz, xalqımız qarşısındakı xidmətləri sırasında xüsusi yer tutan  Yeni Azərbaycan Partiyasının ötən il Zəfər ruhunda keçirilən VII qurultayında səsləndirdiyi bu çağırışı da böyük qürurla yada salmaq istərdik: “Faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı. Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox.”  Ölkə Prezidenti bu fikirlərinin davamı olaraq bu mühüm məqamı da qeyd etdi ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.  1993-2003-cü illər həlledici illər olmuşdur.

Möhkəm təməl Azərbaycanın son 19 ildə ən möhtəşəm, ən əsası Zəfər səhifəsini tariximizə yazmasını şərtləndirdi.  Dövlət maraqlarını hər şeydən üstün tutaraq ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanı onu görmək istəyi Azərbaycan səviyyəsinə yüksəltmək üçün böyük səylər göstərən, qətiyyət nümayiş etdirən, islahatlar prosesinin dayanıqlığını təmin edən dövlət başçısı İlham Əliyev 2020-ci il 8 noyabr tarixində xalqa müraciətində ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirdi.

Qeyd etdiyimiz kimi, son 19 ilin uğurlarına yol açan məhz ulu öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində yaradılan möhkəm təməldir. Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə  öz xilaskarlıq missiyasını yerinə yetirdi, Azərbaycanı müstəqilliyinin ilk illərinin xaosundan, anarxiyasından, özbaşınalıqlarından, iqtisadi böhranından xilas etdi, eyni zamanda,  Ermənistanla atəşkəs sazişini imzalamaqla torpaqlarımızın işğalının qarşısını aldı, müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordu quruculuğu sahəsində mühüm addımlar ataraq onun maddi-texniki bazasını möhkəmləndirdi, hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın təməlini qoydu. Dünya Azərbaycan həqiqətlərini, Qarabağ münaqişəsinin əsl mahiyyətini daha dərindən öyrənməyə başladı. Ermənilərin, erməni diasporunun Azərbaycanın ətrafında yaratdıqları informasiya blokadası yarıldı və dünyaya bir daha çatdırıldı ki, Ermənistan işğalçı dövlətdir. Torpaqlarımızın 20 faizini işğal edib və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətində yaşayır.  1993-2003-cü illəri əhatə edən dövrdə görülən işlərin miqyası o qədər geniş, müstəqil Azərbaycanın gələcəyi ilə bağlı hədəflər o qədər böyük idi ki, 2003-cü ildən sonrakı mərhələdə hakimiyyətin etibarlı əllərdə olması son dərəcə vacib idi. Ümummilli Liderin 1 oktyabr 2003-cü il tarixli müraciəti bütün bu vacib məqamları özündə ehtiva edərək xalqa növbəti inamın ünvanını göstərdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”

Dövlət siyasətinin müasir modeli təqdim olundu

Dövlət başçısı İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi,  milli məqsədlərə xidmət edən, siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi.  Milli qürur uğurlarımızın əsas şərtlərindən biri oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı. Gələcəyə hesablanmış dövlət siyasətində gənclərin potensialından səmərəli istifadə olunması müasir müstəqil Azərbaycanın dayanıqlı  inkişafını təmin edən fundamental faktorlardan biri oldu. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişmələrinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə kreativ gəncliyin formalaşmasına şərait yaratdı. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclik formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Tarixi Zəfərimiz Azərbaycan gənclərinin torpaq, Vətən sevgisinin təqdimatı oldu.

Bugünümüzün reallıqları  Prezident İlham Əliyevin çıxışlarında yer alan bu fikirlərin təqdimatında öz sözünü deyir: “2003-cü il, hesab edirəm ki, müstəqil tariximiz üçün də xüsusi əhəmiyyət daşıyır. Çünki 2003-cü ildə ölkənin bundan sonra hansı yolla gedəcəyi haqqında Azərbaycan xalqı öz qərarını verdi: Heydər Əliyev siyasətimi davam edəcək, yoxsa ki, yenə Azərbaycan bəlalarla, fəlakətlərlə üzləşəcək?! Azərbaycan xalqı həmişə olduğu kimi, müdrikliyini göstərərək Heydər Əliyev siyasətinə öz səsini verdi. Onu da qeyd etməliyəm ki, 1993-cü ildə AXC-Müsavat qruplaşmasının iflasının əsas mənbəyi Azərbaycan xalqının iradəsi olmuşdur. Cəmi bir il xalq bunların yarıtmaz fəaliyyətinə dözə bilmişdir və Azərbaycan xalqı bu ləkəni tariximizdən yumaq üçün o hakimiyyətə son qoydu. O vaxtdan bu günə qədər o hakimiyyət tarixin zibilxanasındadır.” Müzəffər Ali Baş Komandan tarixi Zəfərimizdən sonra bu çağırışı da etdi ki, mən demişəm, bir daha demək istəyirəm ki, tariximizin həqiqətə uyğun olması ilə bağlı bizim alimlər, mütəxəssislər gərək dolğun məlumat versinlər, tariximizi malalamasınlar. Bizə saxta tarix lazım deyil: “İndi yenə kimsə saxta tarix yaratmaq istəyir. Yenə kimsə hansısa fərarinin, satqının, qorxağın günahlarını yumaq istəyir. Biz buna imkan verə bilmərik. Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir.”

Göründüyü kimi, dövlət başçısı İlham Əliyevin hər bir çağırışı qarşıdakı dövr üçün hədəfdir və bu məqsədə yüksək səviyyədə nail olmağa böyük əsasdır. Tariximizin qorunması, gələcək nəsillərə çatdırılması bütün dövrlərdə öz aktuallığını qoruyub saxlayır.

Dövlət başçısı ilk gündən ölkənin gələcəyi haqqında fikirlərini bildirərkən biliyi, təhsili, yeni texnologiyaların tətbiqini, bunların fonunda gənclərin inkişafını əsas hədəf kimi qarşıya qoydu. Onun  “Neft kapitalını insan kapitalına çevirməlik!” çağırışı da deyilənlərin təsdiqidir. Möhtərəm Prezidentimiz dünya təcrübəsinə istinadən vurğuladı ki, ölkələrin inkişafında bilik, savad, yeni texnologiyalar əsas yer tutur. Cənab Prezidentin gənclərin xarici ölkələrdə təhsili ilə bağlı Dövlət Proqramının qəbul edilməsində və uğurlu icrasında da bu faktor əsas rol oynadı. Dövlətin siyasətində gənclərin potensialından səmərəli istifadəyə, yaşlı nəslin təcrübəsi ilə gənclərin dinamizmi arasında vəhdətin yaradılmasına xüsusi önəm verilməsi bugünkü uğurlarımızda özünün aydın ifadəsini tapır. Azərbaycan dünyada innovasiyalar ölkəsi kimi nüfuz qazanıb. Ölkənin iqtisadi qüdrəti və yeni texnologiyaların təşviqi sahəsində əldə olunan uğurlar nəticəsində Azərbaycan 2013-cü ildə ilk süni peykini orbitə çıxararaq dünya kosmos ailəsinin üzvü oldu. 2013-cü ildə “Azerspace-1” telekommunikasiya peyki, 2014-ci ildə “Azersky” Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarıldı. Bu peyk layihələrinin həyata keçirilməsinin əsas məqsədləri Azərbaycanın milli təhlükəsizliyinin təmin olunmasına, sosial-iqtisadi inkişafa, kommersiya fəaliyyətini genişləndirərək peyk layihələrinə yatırılan investisiyaların geri qaytarılmasına, elmi tədqiqatların aparılmasına və beynəlxalq kosmik təşəbbüslərdə iştirak edərək ölkənin beynəlxalq imicinin yüksəldilməsinə töhfə verməkdir.

Böyük qürur və iftixar hissi ilə qeyd edirik ki, 2003-cü ildən bu günə qədər Azərbaycanda sürətli inkişaf dövrü yaşanır, Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Məhz görülən uğurlu işlərin nəticəsi olaraq Azərbaycan xalqı ötən 19 ildə keçirilən 2008, 2013 və 2018-ci il prezident seçkilərində cənab İlham Əliyevə yenidən etimad göstərməklə, yekdilliklə Ona səs verməklə Azərbaycanın Qələbəyə doğru gedən yolunun daha möhtəşəm uğurlarla zənginləşməsinə, ölkəmizin daha da güclənməsinə, qüdrətlənməsinə yol açdı.

Ölkə iqtisadiyyatını xarakterizə edən əsas amil dayanıqlılıqdır

Dövlət başçısı İlham Əliyev ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya prioritet vəzifə kimi qoyaraq regionların malik olduqları potensialdan səmərəli istifadənin təmin olunması üçün Regional inkişaf proqramlarını təsdiqlədi və hazırda bu proqramların uğurlu icrası davam etdirilir. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern islahatlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Bu  proqramlar əsasında  bölgələrdə tərəqqi prosesləri sürətləndi, sahibkarlığın inkişafı üçün zəruri addımlar atıldı,  kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu. İşsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşdü, Azərbaycanda 2 milyondan çox yeni iş yeri yaradıldı. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün güclü zəmin formalaşdı.

Artıq iki ildir ki, tarixi Zəfərimizin yaratdığı reallıqları yaşayırıq. Bütün regionların, o cümlədən işğaldan azad edilmiş ərazilərimizin malik olduqları iqtisadi potensialdan səmərəli istifadəni özündə əks etdirən Fərman və sərəncamlar imzalanıb, Milli Prioritetlər təsdiqlənib.  Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü aparıldı.  Fərmanda qeyd edilir ki, hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd olunan ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirdi. Bu bölgü Qarabağ və Şərqi Zəngəzur bölgələrinin sürətli inkişafına xidmət edir. Bu Fərmanla yanaşı, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqləndi. Bu mühüm sənəd bütün regionlarımızın gələcək inkişafının, dayanıqlı iqtisadi inkişafın təmin edilməsinin yol xəritəsidir. Hər bir dövrün hədəflərini özündə əks etdirən Dövlət proqramlarının, İnkişaf Konsepsiyalarının, Milli Prioritetlərin təsdiqlənməsi Prezident İlham Əliyevin  həyata keçirdiyi siyasətdə sistemliliyin qorumasının prioritetliyi özünü aydın şəkildə büruzə verir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının uğurlu icrası nəticəsində qarşıya qoyulan hədəflər reallığa çevrildi. Əsas hədəf Azərbaycanı inkişaf etmiş dövlətlər sırasında görmək, yüksək gəlirli ölkəyə çevirmək idi ki, artıq bu məqsədlər reallıqda öz əksini tapıb.

Təbii ki, qeyri-neft sektorunun inkişafı kimi dəyərləndirilən regionlarımızın sürətli sosial-iqtisadi inkişafı  uğurlu neft strategiyasının nəticəsidir. Azərbaycanın enerji sektorunda qazandığı nailiyyətlər ölkəmizin maliyyə imkanlarının genişlənməsində əhəmiyyətli rol oynayır. Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu neft gəlirlərinin idarə edilməsində şəffaflığın qorunmasını təmin edir. Bu vəsaitlərin sayəsində mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, bunlar da öz növbəsində ölkəmizin hərtərəfli inkişafını sürətləndirir.

Azərbaycanın enerji sektorunda qazandığı uğurların davamlılığı da son 19 ilin reallıqları sırasındadır.  2006-cı ildə  Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri  istifadəyə verildi. 2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin iyirmi illiyində Cənub Qaz Dəhlizi layihəsinin təməlqoyma mərasimi keçirildi. 4 il sonra, 2018-ci ilin mayında Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Həmin ilin iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirildi.  2020-ci il dekabrın 31-də isə Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi tamamlanaraq istifadəyə verildi.

Qısa xronologiya ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının son 19 ildə Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanın enerji sektorunun bu günü və gələcəyi üçün hansı uğurlara imza atıldığının aydın mənzərəsini yaradır.  Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, həyata keçirilmiş sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və iqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, mühüm tranzit qovşağı kimi tanınır və nüfuz qazanır.  Azərbaycanın uğurları beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Dünya Bankının hesabatlarında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi kimi yer alır. Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Azərbaycan iqtisadiyyatına 280 milyard dollar həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir. Bu, ölkəmizin bugününə və gələcəyinə inamın təqdimatıdır.

Zəfəri reallığa çevirən ordu quruculuğu

“Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik.”  Prezident İlham Əliyev bu fikirləri ilə keçilən yolun mənzərəsini aydın şəkildə təqdim edir.  Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz xalqına Qələbəni bəxş edən  rəşadətli orduya çevrildi. 2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olundu.  Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan Ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil-məişət təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət göstərilib.  Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində möhtəşəm Qələbə qazanaraq tarixi nailiyyətə imza atdı. Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlğı sayəsində 44 günlük müharibədə 5 şəhər, 4 qəsəbə,  300-ə yaxın yaşayış məntəqəsi  döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat imzalandı.  Bu sənədə uyğun olaraq Kəlbəcər, Ağdam və Laçın rayonları qan tökülmədən, müharibəsiz ölkəmizə qaytarıldı.  Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi Şuşanın azad olunması Prezident İlham Əliyevin müzəffər Ali Baş Komandan kimi sərkərdəlik qabiliyyətinin Zəfər zirvəsidir.

Böyük Qayıdış və yeni reallıqlar

“Qarabağı və Zəngəzuru yenidən quracağıq.” Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu çağırışının əks-sədası son iki ilin reallıqlarında öz əksini tapır. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın və Şərqi Zəngəzurun bərpasını və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş əraziləri, ümumən regionu yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Belə ki, layihələndirmə işlərində tətbiq olunan yeniliklərin bir çox dövlətlər üçün nümunəvi model kimi qəbul olunması və məsələ ilə bağlı səslənən beynəlxalq etiraflar Böyük Qayıdış strategiyasının effektivliyindən və perspektivliyindən xəbər verir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə tarixi səfərlərinin hər biri xeyli sayda sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır, Böyük Qayıdışı daha da sürətləndirir.  İlk səfər Zəfər yolunun təməlinin qoyulması ilə tarixə yazıldı. Bu yol qısa zamanda tikilib istifadəyə verilərək hazırda bizi Qarabağın tacı, musiqi beşiyimiz Şuşa ilə  birləşdirir. Şuşa genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində iqtisadi, siyasi, diplomatik mərkəzə, cənnət məkana çevrilir.

Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilmişdir. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialını 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir.  Kəlbəcər-Laçın zonasında külək stansiyaları, Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları inşa olunacaq. Bu mühüm məqamı da xüsusi qeyd etməliyəm ki, Qarabağın və Şərqi Zəngəzurun hava qapıları dünyaya açılıb. Belə ki, ötən il Füzuli, bu il Zəngilan Hava limanları istifadəyə verildi. Laçın Beynəlxalq Hava Limanı isə 2025-ci ildə istifadəyə veriləcək.  Bu il ilk “ağıllı kənd” olan Zəngilan rayonunun Ağalı kəndi  sakinlərini qarşıladı. İlk “ağıllı şəhər” isə işğal dövründə  “ruhlar şəhəri” kimi səciyyələndirilən Ağdam şəhəri olacaq. Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli  Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edildi.  Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir.

Böyük Qələbə nəticəsində yaradılmış yeni reallıq təkcə Qarabağın bərpası və inkişafı ilə məhdudlaşmır. Qələbəmiz bütün regiona sülh və davamlı inkişaf imkanını qazandırıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılmışdır. Şübhəsiz qələbə nəticəsində yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Tarixi Zəfərimizin reallıqları fonunda yeni əməkdaşlıq formatlarının, sülh gündəliyinin müəllifi kimi mövqeyini daha da möhkəmləndirən  Azərbaycanı qarşıda daha möhtəşəm uğurlar gözləyir.

Təbii ki, 19 ilin uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. Ötən hər günün tariximizə uğur səhifəsi kimi yazılması 19 ilin reallıqlarına işıq salır. Onları özündə birləşdirən neçə-neçə kitabların nəşri, araşdırmaların, təhlillərin aparılması bir zərurət kimi qarşımızda dayanır. Bu gün fəxr etdiyimiz qalib Azərbaycan dünyaya inkişafın ən təkmil modelini təqdim edir. İqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması, ölkəmizin aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının qəbul etdiyi yeni qərarların, irəli sürdüyü təşəbbüslərin, dövlətimizin demokratik təsisatların inkişafı istiqamətində atdığı addımların əsasında dünya Azərbaycanın timsalında demokratik, sivil, hüquqi dövlətin nümunəsini görür. Azərbaycan  regional və beynəlxalq əməkdaşlığa xüsusi önəm verərək dünyaya sülh, təhlükəsizlik, dostluq, qardaşlıq mesajlarını ünvanlayır. Bu gün nəinki paytaxt Bakı, eyni zamanda, türk dünyasının mədəniyyət paytaxtı Şuşa Azərbaycanın  beynəlxalq münasibətlər sistemində rolunu artıran, mövqeyini təsdiqləyən tədbirlərə ev sahibliyi, sənədlərin imzalanmasına şahidlik edir. Azərbaycan müstəqil siyasəti ilə dünyaya ədalətin və beynəlxalq hüququn mövcudluğu çağırışını edir və bunu qazandığı uğurlarla təsdiqləyir.

Ölkəmizin bu uğurları dövlət idarəçiliyi sistemində zəngin təcrübənin mövcudluğunun nümayişidir. Ulu öndər Heydər Əliyev zəngin dövlətçilik təcrübəsi ilə Azərbaycanın müstəqilliyini daimi, sarsılmaz və dönməz etdi. Dövlət başçısı İlham Əliyev isə  bu siyasətə yeniliklər əlavə edərək Azərbaycanı innovasiyalar ölkəsi kimi təqdim etdi. Bu yeniliklər sırasında ölkəmizdə vitse-prezidentlik institutunun yaradılmasını xüsusi qeyd etməliyik. Dövrün, zamanın tələbinə uyğun olaraq milli Konstitusiyamıza edilən əlavə və dəyişikliklər sırasında vitse-prezidentlik institutunun yaradılması xalqımız tərəfindən böyük rəğbət hissi ilə qarşılandı və 2016-cı ildə keçirilən  ümumxalq səsverməsində seçicilərin fəal iştirakı bunun təsdiqi oldu. 2017-ci ildə dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi ölkəmizin yeni-yeni hədəflərə doğru inamla irəliləməsinə və uğurlu inkişafına böyük dəstək oldu. Xalqımız bu gün böyük qürur hissi ilə belə bir inamı ifadə edir ki, daim Azərbaycanın bu günü və gələcəyi üçün çalışan dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində tarixi Zəfərimizdən irəli gələn hədəflərə zamanında və yüksək səviyyədə nail olacağıq. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ötən il doğum günündə Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşadan səsləndirdiyi bu çağırışı bir daha yada salmaq istərdik: “Sizi əmin etmək istəyirəm ki, bundan sonra da eyni əzmkarlıqla, eyni qətiyyətlə ölkə maraqlarının keşiyində duracağam, sizin dəstəyinizlə biz yeni böyük uğurlara imza atacağıq.”

Hər bir vədini əməli fəaliyyəti ilə təsdiqləyən möhtərəm Prezidentimizə ümumxalq sevgisi şəksizdir. 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” bu birliyimizin, həmrəyliyimizin, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və onun uğurlu siyasətinə inamın nümayişi oldu. Xalq-Prezident birliyi sarsılmazdır!