Xəbərlər
Vüsal Qasımlı: Son 19 ildə ölkə iqtisadiyyatı 3,4 dəfə böyüyüb
Son 19 ildə Azərbaycanın Ümumi Daxili Məhsul istehsalı 3,4 dəfə artıb.
Bu fikirləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
Onun sözlərinə görə, 2003-cü ilə nisbətən 2021-ci ildə qeyri-neft-qaz sektoru üzrə ÜDM istehsalı 3,1 dəfə, sənaye məhsulu istehsalı 2,7 dəfə, o cümlədən qeyri-neft-qaz sənayesi üzrə 3,6 dəfə çoxalıb. Bu illər ərzində iqtisadiyyatın digər sahələrində də əhəmiyyətli artım baş verib: Kənd təsərrüfatı məhsulu 2 dəfə, yük daşınması 1,8 dəfə, sərnişin daşınması 1,3 dəfə və informasiya və rabitə xidmətlərinin həcmi 15,4 dəfə artıb.
V.Qasımlı bildirib ki, iqtisadiyyatın artımında sərmayə qoyuluşu əhəmiyyətli rol oynayıb: “2003-2021-ci illərdə əsas kapitala yönəldilən vəsaitlərin həcmi 2,7 dəfə, o cümlədən tikinti-quraşdırma işlərinə yönəldilən vəsaitlər 4,1 dəfə çoxalıb. 2004-2021-ci illərdə Azərbaycana ümumilikdə 288,9 milyard ABŞ dolları həcmində investisiya qoyulub. Bu ilin göstəricilərini də nəzərə alanda Azərbaycana son 19 ildə 300 milyard dollara yaxın sərmayə yatırılıb. Xarici investisiyalar 2,2 dəfə artıb. 2004-2021-ci illərdə Azərbaycana 142 milyard dollar həcmində xarici investisiya qoyulub. Qeyri-neft-qaz sahələrinə yönəldilən investisiyalar 7,2 dəfə artıb. 2004-2021-ci illərdə Azərbaycanın qeyri-neft-qaz sektoruna 179,5 milyard dollar həcmində investisiya yatırılıb. 2004-2021-ci illərdə Azərbaycanın digər ölkələrin iqtisadiyyatlarına qoyduğu investisiyaların ümumi həcmi 28,3 milyard dollar təşkil edib. Eyni zamanda, iqtisadiyyatın kreditləşdirilməsi 25,5 dəfə yüksəlib”.
İcraçı direktor qeyd edib ki, iqtisadi imkanlar artdıqca 2003-2021-ci illərdə dövlət büdcəsinin gəlirləri 21,6 dəfə, xərcləri isə 22,2 dəfə artıb. Qeyd olunan illərdə əhaliyə göstərilmiş ödənişli xidmətlərin həcmi real ifadədə 5,1 dəfə çoxalıb. Əhalinin nominal gəlirləri 10 dəfə və əhalinin banklardakı əmanətləri 36,7 dəfə artıb. 2021-ci ilin yanvar-dekabr aylarında orta aylıq nominal əməkhaqqı 2003-cü ilin yanvar-dekabr aylarına nisbətən 9,5 dəfə və pensiyaların orta aylıq məbləği isə 13,9 dəfə yüksəlib. Minimum əməkhaqqı 27,8 dəfə və əmək pensiyasının minimum məbləği 10 dəfə artıb. 2003-2021-ci illərdə əhalinin sayı 1 milyon 807,3 min nəfər və ya 21,7 faiz çoxalıb.
V.Qasımlı vurğulayıb ki, 2003-2021-ci illərdə Azərbaycanın xarici ticarət əlaqələri qurduğu ölkələrin sayı 124-dən 188-dək və ya 51,6 faiz artıb. Xarici ticarət dövriyyəsi 6,5 dəfə, o cümlədən, idxal 4,5 dəfə, ixrac 8,6 dəfə çoxalıb. Qeyri-neft-qaz məhsullarının ixracı isə 7,3 dəfə artıb.