YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İşğaldan azad edilən ərazilərimizdə möhtəşəm layihələr reallaşdırılır

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

2022-ci il noyabrın 16-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. Bu Sərəncam Böyük Qayıdışı təmin etməklə yanaşı, işğaldan azad edilən ərazilərin dirçəldilməsi, bu ərazilərə yenidən həyatın qayıtması baxımından mühüm əhəmiyyətə malikdir. Otuz il ərzində doğma yurdundan didərgin düşən bir milyondan artıq soydaşımızın yenidən ev-eşiyinə qayıtması, dövlətimizin qarşısında duran ən mühüm məsələlərdən biridir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan əraziləri əhatə edən Dövlət Proqramı Prezident İlham Əliyevin dövlətimizin inkişafı naminə apardığı sistemli işlərin məntiqi davamıdır. 44 günlük Vətən müharibəsindən sonra qalib ölkə kimi Azərbaycanın qarşısına qoyduğu əsas prioritet məsələ işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri aparmaq, yeni infrastrukturlar yaratmaqla Qarabağ və Şərqi Zəngəzuru yenidən cənnətməkana çevirməkdir. Artıq iki ildən çoxdur ki, cənab Prezidentin tapşırıq və göstərişlərinə uyğun olaraq işğaldan azad edilən ərazilərimizdə möhtəşəm layihələr reallaşdırılır. Yeni yolların, körpülərin, tunellərin, sosial-iqtisadi obyektlərin, yaşayış yerləri və müxtəlif digər infrastrukturların inşası sürətlə davam etdirilir, böyük bərpa və quruculuq işləri həyata keçirilir. Qısa müddətdə bu ərazilər minalardan təmizlənmiş, elektrik və su təchizatı yüksək səviyyədə həyata keçirilmiş, dəmir və avtomobil yollarının çəkilişinə başlanılmışdir.

Görülən işlərlə yanaşı azad edilmiş ərazilərdə insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin yaradılması və maddi-texniki bazasının gücləndirilməsi, bölgədə məskunlaşacaq əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, mədəniyyət və idman obyektlərinin bərpası və yenidən qurulması, məşğulluq imkanlarının artırılması məqsədilə fəal özünüməşğulluq proqramlarının həyata keçirilməsi və reabilitasiya müəssisələrinin qurulması qeydə alınan plan daxilindədir. Dövlət Proqramı çərçivəsində Böyük Qayıdışla bağlı müəyyən olunmuş digər mühüm vəzifələrdən biri məhz doğma ərazilərimizdəki yaşayış məntəqələrində təhlükəsiz yaşayışın təmin edilməsi,dövlət sərhədinin etibarlı müdafiəsinin təmin olunması,yüksək standartlara cavab verən yaşayış məntəqələrinin, o cümlədən “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında yeni müasir şəhərlərin və kəndlərin salınması ilə əhalinin layiqli həyat şəraitinin təmin edilməsi, bir sözlə vətəndaşlarımızın sağlam və təhlükəsiz şəraitdə yaşamasını təmin etməkdən ibarətdir.

Qeyd etmək lazımdır ki, Ermənistanın həyata keçirdiyi təcavüz siyasəti nəticəsində işğal olunmuş ərazilərdəki Azərbaycan təbiətinə, bioloji müxtəlifliyinə və bütövlükdə, regionun ekoloji durumuna güclü təsir göstərmişdir.İşğalçılar 30 il ərzində daşı daş üstə qoymamaqla bərabər təbiətə qənim kəsilmiş, ekoloji mühitə, fauna və floraya ciddi ziyan vurulmuşdur. İşğaldan azad olunmuş ərazilərdə yerləşən rayonların iqtisadi ixtisaslaşdırılmasının aparılması gələcəkdə bu ərazidə iqtisadiyyatın bərpası və inkişafı istiqamətlərini müəyyən edir.

Bütün bu nəhəng miqyaslı işlərin həyata keçirilməsi dövlətin və cəmiyyətin sıx əməkdaşlığını və Vətən müharibəsi zamanında göstərilən milli birliyin növbəti abadlıq və quruculuq mərhələsinə daşınmasını tələb edir. Heç şübhə yoxdur ki, 30 il ərzində yalnız bir arzu – işğal altında qalmış torpaqlarımızın azad olunması məramı ilə yaşayan Azərbaycan xalqı gələcək illərdə də sarsılmaz birlik nümayiş etdirməklə torpaqlarımızın abadlaşdırılmasına, doğma Qarabağa yeni və xoşbəxt bir həyat gətirilməsinə nail olacaq.