YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Qayıdış naminə mühüm proqramlar həyata keçirilir

Anar Məmmədov

Milli Məclisin deputatı

Vətən Müharibəsində əldə olunan qələbə ilə Azərbaycanda mahiyyət etibarı ilə yeni inkişaf mərhələsi başlanıb. Heç şübhəsiz ki, qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu və statusunu daha da möhkəmləndirəcək.  Bu baxımdan ölkə prezidenti tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdışa dair I Dövlət Proqramı" Qarabağ və Şərqi Zəngəzura qayıdışla bağlı hədəflənən bütün işlərin qısa zamanda və effektiv şəkildə həyata keçirilməsi üçün yol xəritəsi olacaq mühüm sənəddir və bu sənəd Qarabağda görülən işləri daha da sürətləndirəcək. Bunun nəticəsidir ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan layihələr - hava limanları, yaşayış məntəqələri, avtomobil və dəmir yolları, körpülər, tunellər, su anbarları, elektrik enerjisi stansiyaları, içməli su xətləri və sosial-iqtisadi infrastrukturların yaradılması dünyanın diqqətini cəlb edir. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.

Son iki ildə işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılıb və bu proses hazırda uğurla davam etdirilir. Dövlətimizin başçısı İlham Əliyevin ərazilərin bərpası və əhalinin qayıdışına dair baxışı və qarşıya qoyduğu hədəflər Dövlət Proqramının prioritet istiqamətlərini təşkil edir. Bu məsələdə ilk gündən infrastrukturun yenilənməsi və bərpası prioritet istiqamət olub. Bu istiqamətlər ümumi olaraq təhlükəsizlik, müasir yaşayış məntəqələrinin salınması, əhalinin dayanıqlı məskunlaşması, əhatəli və qabaqcıl standartlara cavab verən infrastrukturun qurulması, ərazilərin iqtisadi inkişafının dəstəklənməsi və ekoloji təmiz mühitin təmin edilməsidir. Belə ki yeni avtomobil yolları, hava limanları inşa edilərək istifadəyə verilib. Qarabağın və Şərqi Zəngəzurun dünyaya açılan hava qapıları olan Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının istifadə verilməsi bütövlükdə işğaldan azad edilmiş ərazilərin xoşbəxt gələcəyindən xəbər verir. 2025-ci ildə isə Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulur.

Proqramın strateji məqsədləri əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası çərçivəsində müəyyən edilib. Ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək, müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək, ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək nəzərdə tutulur. Həmçinin əhalinin məşğulluq imkanlarını artırmaq, sosial xidmətlərin əhatə dairəsini genişləndirmək və əlçatanlığı, dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək, sahibkarlıq mühitinin əlverişliliyini artırmaq və biznes fəaliyyətinin inkişafına dəstək vermək, ərazilərin kənd təsərrüfatı potensialından səmərəli istifadə olunması üçün müasir suvarma infrastrukturu formalaşdırmaq, dayanıqlı və mütərəqqi kənd təsərrüfatı təcrübələrini tətbiq etmək kimi məsələlər sənəddə öz əksini tapıb.     

Təbii ehtiyatları və sosial-iqtisadi potensialı təsərrüfat dövriyyəsinə cəlb etmək, turizm sektorunun perspektiv inkişaf imkanlarından effektiv istifadəyə nail olmaq, ətraf mühitin etibarlı mühafizəsini və ekoloji təhlükəsizliyi təmin etmək, təbii resurslardan səmərəli və effektiv istifadə etmək, "ağıllı şəhər", "ağıllı kənd" və "yaşıl enerji zonası" konsepsiyalarının bölgədə tətbiqini təşviq etmək də nəzərdə tutulur. 

Bir sözlə, dövlət başçısının düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrası həm Azərbaycana böyük iqtisadi və siyasi dividendlər qazandıracaq, həm də dünya bir daha şahid olacaq ki, Prezident İlham Əliyev hər zamankı kimi verdiyi vədləri uğurla gerçəkləşdirən qətiyyətli liderdir.