Xəbərlər
Prezident İlham Əliyevin ADA Universitetindəki beynəlxalq konfransda çıxışı Böyük Britaniya mediasının diqqətindədir
Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı Böyük Britaniya mediasının diqqətində olub.
Britaniyanın “Reuters”, “Yahoo News UK” və “MSN” xəbər portallarında dövlətimizin başçısının çıxışından əsas məqamlara yer ayrılıb.
Oxucuların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev Praqa görüşündən az sonra Fransa Prezidenti Emmanuel Makronun müsahibəsində Azərbaycanı tənqid etməsini, ölkəmizə qarşı əsassız ittihamlarla çıxış etməsini, bundan bir qədər sonra bu ölkənin Senatı tərəfindən məlum qətnamənin qəbul olunmasını və Frankofoniya Sammitində Azərbaycana qarşı hücum cəhdini qəbuledilməz hesab edib. Dövlətimizin başçısına istinadla vurğulanıb ki, bütün bunlardan sonra Fransa sülh danışıqlarında iştirak edə bilməz və bu, həmin ölkənin rəhbərliyinin günahıdır.
Reuters agentliyi bildirib ki, Azərbaycan Prezidenti dekabrın 7-də Brüsseldə Ermənistanla keçirilməsi planlaşdırılan görüşün baş tutmayacağını və rəsmi Bakının digər variantları nəzərdən keçirəcəyini bildirib. Prezident İlham Əliyevə istinadla qeyd edilib ki, Ermənistanın baş naziri Paşinyanın həmin görüşdə E.Makronun iştirak etməsi şərtini irəli sürməsi sülh danışıqlarını pozmaq cəhdidir.
Həmçinin məqalədə beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin erməni separatçıları tərəfindən zəbt olunan Qarabağın 2020-ci ilin sentyabr ayında başlayan müharibədən sonra Azərbaycanın nəzarətinə keçdiyi qeyd olunub.