Xəbərlər
Birinci vitse-prezidentin köməkçisi Ekvador rəsmilərinə Ermənistanın sülh sazişi prosesindən boyun qaçırması barədə məlumat verib
Cari il noyabrın 24-26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, səfir Elçin Əmirbəyovun rəhbərlik etdiyi nümayəndə heyəti Latın Amerikası ölkələrinə işgüzar səfəri çərçivəsində Ekvadorun paytaxtı Kito şəhərində bir sıra rəsmi görüşlər keçirib.
Ölkəmizin Braziliyadakı səfirliyindən bildirilib ki, E.Əmirbəyov Ekvadorun xarici işlər və insan mobilliyi nazirinin müavini, istehsal, xarici ticarət, investisiyalar və balıqçılıq nazirinin müavini, eləcə də bu ölkənin Milli Assambleyasının Xarici Əlaqələr Komitəsinin rəhbəri ilə görüşərək ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərin indiki vəziyyəti və inkişaf perspektivləri, Azərbaycanın təşəbbüs etdiyi regional sülhün və inkişafın bərqərar olması mövzusu ətrafında geniş fikir mübadiləsi aparıb.
Aparılmış söhbətlər əsnasında qarşı tərəfə, həmçinin Ermənistanın ölkəmizə qarşı apardığı təcavüz və işğal siyasətinin ağır nəticələrinə və törətdiyi çoxsaylı müharibə cinayətlərinə dair ətraflı məlumatlar təqdim edilib. Ermənistanın sülh sazişi prosesindən boyun qaçırması, onların ölkəmizə qarşı müxtəlif yöndə yeni təxribatlar törətməsi, sülh prosesi çərçivəsində rəsmi İrəvanın öz üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırması halları barədə məlumatlar da Ekvador rəsmilərinin diqqətinə çatdırılıb.