YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycanın uğurlu gələcəyinin əsasıdır

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri   

Bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası yaradılmasının 30 ilini arxada qoydu. 30 il çətin və şərəfli yol keçən YAP hər zaman tutduğu yola sadiqliyi, sözlə əməl birliyi sayəsində xalqın böyük sevgisini qazanıb. Hər bir tarixi gün keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. Yeni Azərbaycan Partiyası xalqın istəyi, zamanın tələbi ilə yaranan partiyadır. 1992-ci il noyabrın 21-də 550 nəfərin iştirakı ilə Naxçıvanda təsis konfransını keçirən YAP-ın sıralarında bu gün 800 minə yaxın üzvün birləşməsi ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətin, Prezident İlham Əliyevin siyasətinə inamın ifadəsidir. YAP yarandığı gündən xalqın partiyası kimi tanınıb.

Dövlət başçısı İlham Əliyev tədbirdəki çıxışında bildirdi ki, bu gün Yeni Azərbaycan Partiyasının yubileyini qeyd edərkən hər birimiz, şübhəsiz, hər birimiz yenə də Ulu Öndərin xatirəsinə ehtiramımızı ifadə edirik. Çünki illər keçdikcə və dünya dəyişdikcə hər birimiz çox gözəl bilirik ki, əgər o vaxt Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz daha böyük fəlakətlə üzləşə bilərdi.

Bu mühüm məqam da xüsusi qeyd edildi ki, Azərbaycan dövləti Ulu Öndərin  etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Gənc nəsil milli ruhda böyüyür, milli ənənələrə, azərbaycançılıq ideyalarına sadiqdir. Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi: “Biz bu siyasəti uğurla davam etdirərək, zənginləşdirərək bu gün Azərbaycanda, hesab edirəm ki, dünya miqyasında nadir və təkrarolunmaz mühit yaratdıq. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi, ölümə gedirdi, azad edilmiş torpaqlarda bayrağımızı qaldırırdı. Bu, bizim böyük üstünlüyümüzdür. Bu istiqamətdə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə bu gün Azərbaycan nümunəvi davranış göstərir.”

Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfərində torpaq, Vətən sevgimiz mühüm rol oynadı. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı tarixi Qələbəmizlə qürur duyur, onun yaratdığı reallıqların həyata keçirilməsinə öz dəstəyini göstərir. YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında partiyanın qarşısına yeni hədəflər və vəzifələr qoyuldu. “Biz birlikdə güclüyük!” tezisi partiyanın yeni Proqramının əsasında dayanıb. 30 ildə birliyimiz, həmrəyliyimiz sayəsində qazandığımız uğurlar qarşıdakı dövrün hədəflərinin reallığa çevrilməsində əhəmiyyətli rol oynayacaq.  Prezident İlham Əliyevin apardığı siyasətin məqsəd və vəzifələri, eyni zamanda, onun Sədri olduğu partiyanın məqsəd və vəzifələri deməkdir.

Yeni Azərbaycan Partiyası 30 il şərəfli yol keçərək monolitliyini qorudu, gücləndi, parlaq qələbələri ilə cəmiyyətin avanqard qüvvəsinə çevrildi. Ulu öndər Heydər Əliyevin ideyaları yaşayır, Azərbaycanın uğurlu gələcəyinin əsasıdır.