Xəbərlər
Vüqar Rəhimzadə: Milli birliyimizin, həmrəyliyimizin vəhdəti tarixi Zəfərimizə və 10 noyabr Bəyanatının imzalanmasına yol açdı
“Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından iki il ötür. Son iki ildə görülən işlərlə yanaşı, tarixi Zəfərimizin təsdiqi olan bu Bəyanatın imzalanmasına gedən yolun təhlili də bir zərurət kimi qarşıda dayanır. Noyabrın 8-də Zəfər Günündə Şuşada təşkil edilən tədbirdəki çıxışında dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qələbəmizi şərtləndirən amillərdən geniş bəhs etdi. «Müharibəyə gedən yol bir çox istiqamətlərdən keçmişdir» söyləyən ölkə Prezidenti bildirdi ki, ordunun texnika və silahla təchiz edilməsi lazım idi ki, bunun üçün güclü iqtisadiyyat yaradıldı. Bu məqamı xüsusi qeyd etməliyik ki, o illərdə yalnız torpaqlarımızın işğaldan azad edilməsi üçün deyil, eyni zamanda, postmünaqişə dövründə görüləcək işlərlə bağlı hazırlıq işləri görüldü. Bu gün işğaldan azad edilmiş ərazilərdə görülən işlərin maliyyə mənbəyi Azərbaycan büdcəsidir. Ölkəmiz bütün bu işləri öz imkanları hesabına görür. Qələbəmizin təminatı üçün ikinci mühüm istiqamət Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmləndirilməsi idi. Ermənilərin və erməni diasporunun apardığı təbliğata görə Azərbaycan işğalçı dövlət kimi təqdim edilirdi. Dövlətimizin uğurlu siyasəti nəticəsində Azərbaycan beynəlxalq təcriddən xilas oldu, bəzi dünya gücləri maraqları naminə həqiqətləri görmək istəməsələr də qəbul olunan qərar və qətnamələrdə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, həmçinin erməni silahlı birləşmələrinin qeyd-şərtsiz torpaqlarımızı tərk etmələri öz əksini tapdı. Münaqişənin həlli ilə bağlı Azərbaycan tərəfdən yaradılan möhkəm hüquqi baza 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəmizdə öz sözünü dedi. Azərbaycanın ayrı-ayrı aparıcı dünya dövlətləri ilə ikitərəfli və nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri yüksələn xətlə inkişaf etdi. Ölkəmiz yeni dostlar və tərəfdaşlar qazandı. Əməkdaşlığın regional çərçivədən çıxaraq coğrafiyasını genişləndirməsi də ölkəmizin etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir. Ümumilikdə dövlət başçısı İlham Əliyevin Şuşada Zəfər Günündəki çıxışı Qələbəmzin bir daha təqdimatı oldu.”
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışında bu məqamı xüsusi vurğuladı ki, tarixi Zəfərimizi şərtləndirən digər amil gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır. Heç vaxt Qarabağı görməyən gənclərimiz bu müqəddəs torpağımız uğrunda ölümə getməyə hazır idilər və Vətən müharibəsində bu addımı atdılar. Cəmiyyətdə milli birlik, həmrəylik ideyaları üstünlük təşkil etdi. Azərbaycanda yaşayan bütün xalqlar dövlətimizin, Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi sıx birləşdi. Bu gün Azərbaycan böyük ailədir. Azərbaycanda yaşayan bütün xalqlar bu ailənin üzvləridir. 44 günlük Vətən müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının birliyini gördü. Bir daha sübut olundu ki, həmrəylik Azərbaycan xalqının böyük sərvəti və dəyəridir. Ölkəmizdə yaşayan bütün millətlərin, dini konfessiyaların nümayəndələri böyük cəsarət göstərdilər, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Ümumilikdə bütün bu amillərin vəhdəti tarixi Zəfərimizə, Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasına yol açdı.”
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, təkcə 8-9 noyabr tarixlərinin qələbə xəbərlərinə diqqət yetirsək, Azərbaycan Ordusunun 44 gündə nə qədər böyük uğurlara imza atdığını görərik. Bu qələbə müjdəli xəbərlər tezliklə işğal altında olan bütün torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanacağına əminlik yaratmışdı. Noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanması ilə bu niyyətimiz reallaşdı. Prezident İlham Əliyev Qarabağın ürəyi olan Şuşamızın işğaldan azad olunması münasibətilə Şəhidlər xiyabanından xalqa müraciətində Zəfər yürüşünün davam etdiyini bildirdi. Noyabrın 9-da 71 yaşayış məntəqəsinin, bir qəsəbənin, 8 strateji yüksəkliyin işğaldan azad olunması sevincini yaşadıq. Bütün bu uğurlarımız işğalçı Ermənistanı kapitulyasiyaya məcbur etdi. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu istehkamları darmadağın etdi. 10 noyabr tarixli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı. Bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və ərazi bütövlüyümüz bərpa olundu.”
Vüqar Rəhimzadə diqqəti dövlət başçısı İlham Əliyevin bu sözlərinə yönəldib: “Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir. Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq.”
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşadan Ermənistana növbəti mesajlarını çatdırdı: “İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Əgər orada kimsə – istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək.” Ölkə Prezidenti bu fikirlərin davamı olaraq erməni xalqına növbəti müraciətini etdi ki, xaricdə oturan və bu bölgəyə bir oyun meydançası kimi baxmaq istəyən dairələrin qurbanına ikinci dəfə çevrilməsinlər. Biz burada əsas söz və güc sahibiyik. Ermənistan yaxşı qonşuluq siyasəti aparmaq istəyirsə 2020-ci ilin 10 noyabr Bəyanatının bütün müddəalarını yerinə yetirməlidir. Azərbaycanla sülh üzrə aparılan danışıqlarda səmimi olmalıdır.
YAP Xətai rayon təşkilatının sədri tarixi Zəfərimizə gedən yolun təhlili, həmçinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı şərtləndirən amillərin təhlili əsasında bu ümumiləşdirməni aparıb ki, Azərbaycan təkcə ərazi bütövlüyünü yox, milli qürurumuzu bərpa etdi. Ermənistana tarixdə unuda bilməyəcəyi dərsi verdi. Hazırkı dövrdə əsas məsələ sülh müqaviləsinin imzalanmasını tezləşdirməklə bölgəyə yeni ab-hava gətirmək, əməkdaşlıq formatlarının yaradılmasına yol açmaqdır. Bunun üçün Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Əks halda, «Qisas», «Qətiyyətli cavab» əməliyyatları davamlı olacaq.