YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şanlı Zəfərin ikinci ildönümü

Tofiq Cahangirov

YAP İdarə Heyətinin üzvü, professor

Noyabrın 8-də Vətən müharibəsində möhtəşəm Zəfərimizin ikinci ildönümü tamam olur. İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra, daha dəqiqi,  2020-ci il dekabrın 3-də Prezident İlham Əliyev imzaladığı Sərəncamla Şuşanın erməni işğalından azad edildiyi 8 noyabr tarixinin hər il Zəfər Günü kimi qeyd olunacağını elan etdi. Çünki məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Digər tərəfdən, Azərbaycanın tarixi qalası, mədəniyyətinin beşiyi olan Şuşa şəhərinin işğaldan azad edilməsi əməliyyatı Azərbaycanın hərbi qüdrətini, Azərbaycan əsgərinin cəsurluğunu, yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Torpaqlarımızın 30 illik işğalına məhz həmin gün son qoyuldu. Bu baxımdan 8 noyabrın Zəfər Günü elan olunması tarixi bir addım idi.

Azərbaycan xalqı 30 il idi bu tarixi Zəfərin həsrətində idi. Ordumuz 30 il idi ki, torpaqlarımızı düşmən tapdağından azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyirdi. Azərbaycan hakimiyyəti isə həm ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində, həm də Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkəmizin iqtisadi cəhətdən inkişafı, ordu quruculuğu, hərbi gücümüzün artması istiqamətində addımlar atır, Azərbaycan cəmiyyətini bu möhtəşəm qələbəyə hazırlayırdı. Nəhayət, həmin tarixi gün yetişdi.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu “Dəmir yumruq” əməliyyatına başladı.

Müharibənin birinci günü Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciət edərək Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən yaşayış məntəqələri və hərbi mövqelərimizi atəşə tutduğunu, mülki əhali və hərbçilərimiz arasında itkilərin, yaralananların olduğunu bəyan etdi. Dövlətimizin başçısı müraciətində Azərbaycan Ordusunun düşmənin hərbi mövqelərinə zərbələr endirdiyini və Ermənistan silahlı qüvvələrinin xeyli sayda hərbi texnikasının və canlı qüvvəsinin məhv edildiyini bildirdi.

“Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”, - Ali Baş Komandan İlham Əliyevin həmin gün dediyi bu sözlər hər bir azərbaycanlı üçün şüara çevrildi.

Uğurlu əks-həmlə əməliyyatı ilə ilk gündən düşmənin müdafiə xəttini yaran Azərbaycan Ordusu müharibənin ilk günü də Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz və Qərvənd kəndlərini, Ağdərə rayonunda və Murovdağ silsiləsində mühüm strateji yüksəklikləri azad etdi.

Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlətimizin başçısı qətiyyətlə bəyan etdi: “Bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, bu dəstəyi biz daim hiss edirik. Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır. Otuz ilə yaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma torpaqlarınıza qaytaraq”.

Ordumuz oktyabrın 4-də Cəbrayıl şəhərini, 9-da isə Hadrut qəsəbəsini düşməndən təmizlədi. Ermənistan silahlı qüvvələrinin “məğlubedilməzlik” mifini əməliyyatların ilk günlərindəcə darmadağın edən rəşadətli ordumuz oktyabrın 17-də Füzuli şəhərində Azərbaycan bayrağını ucaltdı. Oktyabrın 18-də - Müstəqillik Günündə Azərbaycanın üçrəngli bayrağı qədim Xudafərin körpüsünün üzərində dalğalanmağa başladı. Bundan iki gün sonra - oktyabrın 20-də isə Zəngilan şəhəri işğaldan azad olundu. Oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycanın İran ilə dövlət sərhədi tam nəzarətə götürüldü. Oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri düşmən işğalından azad edildi.

44 gün davam edən Vətən müharibəsinin hər günü Ordumuz tərəfindən tarix yazıldı. İstər Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı uğrunda döyüşlər, istərsə də Şuşa əməliyyatı mürəkkəb xarakterli, düşmənin müdafiə istehkamlarını yarmağı tələb edən, xüsusi peşəkarlıq və cəsarət tələb edən əməliyyatlar idi. Ordumuz yüksək peşəkarlıq və fədakarlıqla bu vəzifələrin öhdəsindən ən yüksək səviyyədə gəldi. Təsadüfi deyil ki, tanınmış xarici hərbi analitiklər Vətən müharibəsində Azərbaycan Ordusu tərəfindən istifadə olunan döyüş taktikasını dünya hərb tarixində yenilik hesab edir və onun öyrənilməsinin vacibliyini vurğulayırdılar.

Beləliklə, 44 gün davam edən Vətən müharibəsi 30 illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

 

44 günlük müharibədə tarixi Zəfərimizi şərtləndirən ən mühüm amillərdən biri də milli həmrəyliyimiz oldu. Xalq-iqtidar-ordu birliyi, ön və arxa cəbhədə fədakar mübarizə, top, raket hücumlarına məruz qalan insanların öz evlərini tərk etməməsi, orduya dəstək kampaniyaları həmin günləri səciyyələndirən əsas cəhətlər idi. 44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyev hər an Ali Baş Komandan kimi hərbi əməliyyatlara rəhbərlik etməklə yanaşı informasiya müharibəsinə də rəhbərlik edirdi. Dövlətimizin başçısının “Mən xalqımdan heç nəyi gizlətmirəm”, “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” mesajları verərək xalqda ruh yüksəkliyi, özünə güvən formalaşdırırdı. Müharibə dövründə qarşılaşdığı təzyiqlərə cəsarətli cavablar verməsi, sonda düşmənin kapitulyasiya aktı imzalamağa məcbur etməsi və əldə olunan Zəfər son nəticədə həm də Azərbaycanda xalq-iqtidar birliyini ən yüksək zirvəyə qaldırdı.

Bu gün tarixi Zəfərimizin ikinci ildönümündə 44 günlük müharibə zamanı qardaş Türkiyənin Azərbaycana dəstəyi də xüsusi qeyd olunmalıdır.  Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları müharibə günlərində Azərbaycan xalqının ruh yüksəkliyini daha da artırırdı. Bu dəstək müharibədən sonra da davam etməkdədir. Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Müzəffər Ali Baş Komandanımızın yanında olması, paradda Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə addımlaması, iki qardaş ölkə arasında Şuşa Bəyannaməsinin imzalanması, Türkiyə-Azərbaycan münasibətlərini müttəfiqlik zirvəsinə ucalması da bunu təsdiq edir.

Artıq iki ildir ki, Vətən müharibəsi başa çatıb və Azərbaycanın inkişaf tarixində yeni dövr başlayıb: işğaldan azad edilən ərazilərdə quruculuq işləri və Böyük Qayıdışa hazırlıq dövrü. İki ildə bu istiqamətdə xeyli işlər görülüb. Füzuli və Zəngilan hava limanları istifadəyə verilib, Zəngilanın Ağalı kənd sakinləri öz doğma kəndlərinə qayıdıblar. Ötən illər həm növbəti möhtəşəm layihələrin təməlinin qoyulması, həm də icra edilən layihələrin başa çatdırılması ilə əlamətdar olub. Güləbird Su-Elektrik Stansiyasının, 7 yarımstansiyanın, Suqovuşan və Talışa gedən yolların istifadəyə verilməsi, Şuşanın su və elektrik təchizatının təmin edilməsi, Bülbülün ev-muzeyinin, Molla Pənah Vaqifin məqbərəsinin, o cümlədən büstünün, Üzeyir bəy Hacıbəylinin heykəlinin,  Xarıbülbül və Qarabağ hotellərinin açılışı göstərdi ki, işğaldan azad edilmiş ərazilərimizin bərpası həm də kompleks xarakter daşıyır. Zəfər yolu, Füzuli və Zəngilan Hava Limanları kimi nəhəng və möhtəşəm layihələrin tam başa çatdırılması müharibədən yeni çıxmış dövlətimizin gücünü bir daha bütün dünyaya nümayiş etdirdi. Qısa dövrdə bu cür iri infrastrukturların yaradılması haqlı olaraq bütün dünyada heyrət və maraq doğurur. Bütün bu layihələr dövlətimizin öz maddi imkanları ilə həyata keçirilir. Bütün bunlar isə bir daha təsdiq edir ki, ölkəmiz “Böyük Qayıdış” missiyasını da uğurla tamamlayacaq.